525.Az

Sivilizasiyaların dağıdıcı və birləşdirici qüvvələri


 

Sivilizasiyaların dağıdıcı və birləşdirici qüvvələri<b style="color:red"></b>

Milli-mənəvi dəyərlər və müasirlik

Hər bir xalqın mədəniyyəti, adət-ənənələri onun milli-mənəvi dəyərlər sistemini formalaşdırır. Tarix boyu din və ideoloji baxışların bu dəyərlər sisteminə təsiri böyük olub. Ona görə də, xalqların fərqli mədəniyyətlərə sahib olduğu dünyada ziddiyyətlər həmişə özünü göstərib. Əgər Qərb və Amerikada açıq-saçıq həyat tərzi azad cəmiyyətin sivil hüquqları kimi tərənnüm olunursa, Şərqdə, xüsusilə də İslam ölkələrində insanın müstəqilliyi cismani sərbəstlikdə deyil, şəxsi hüdudlarının toxunulmazlığı, mühafizəsi kimi mənəvi haqların qorunma özgürlüyü ilə ölçülür. Bu baxımdan qədim Şərq xalqları, müsəlman cəmiyyətləri mənəvi dəyərlər deyiləndə ləyaqət, qürur, nəciblik, qarşılıqlı hörmət, ədalət, anlayış kimi insani keyfiyyətləri xalqları, cəmiyyətləri bir-birinə yaxınlaşdıran ortaq dəyərlər kimi qəbul ediblər. Lakin tarixə nəzər yetirsək, ideologiyasını məkrli ambisiyalar üzərində quran ayrı-ayrı dövlətlərin, dini hakimiyyətlərin fərqli sivilizasiyaları, toplumları özlərinə tabe etmək kimi mənfur niyyətləri olub. Bunu daha çox xristian-müsəlman, xristian-yəhudi qarşıdurmalarında, qaradərililərə qarşı ayrıseçkilikdə görmək mümkündür.

Səlib yürüşlərinin davamçıları

Anti-semitizm, islamafob və ksenefob əhval ruhiyyəsinin yaradıcılarından olan Roma Papası İkinci Urban 1096-cı ildə müsəlmanların sahib olduğu torpaqları ələ keçirmək üçün Səlib yürüşlərinin əsasını qoymaqla sivilizasiyalar arasında kin, nifaq toxumları səpərək münasibətləri qan düşmənliyinə qədər gətirib çıxarıb. Müasir dövrdə də Qərb dövlətləri və ABŞ-ın qeyri-xristian dövlətlərə, xalqlara qarşı dini və irqi zəmində ideoloji müharibə apardığının şahidiyik. Bu o deməkdir ki, orta əsrlərdə başlayan Səlib yürüşləri başqa formada bu gün də davam etməkdədir: Avropa və Birləşmiş Ştatlarda müsəlmanlar və qaradərililər terrorçu kimi təqdim olunur, təqiblərə və təzyiqlərə məruz qalır, haqları kobud şəkildə pozulur, hətta hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən vəhşicəsinə döyülür, amansızlıqla qətlə yetirilir. Hələ 1963-cü ildə Qərbin müstəmləkə siyasətindən qurtularaq müstəqilliyini elan edən Kenya dövlətinin qurucusu, dövlət başçısı Como Kenyatta belə bir fikir söyləyib: "Avropalılar bizim yerlərə gələndə onların "İncil"i, bizim isə  torpaqlarımız var idi. Onlar gələn kimi bizə gözlərimizi yumub dua etməyi öyrətdilər. Gözlərimizi açanda isə gördük ki, "İncil" bizim, torpaqlarımız isə onların əlindədir".

Bu, Qərb və Amerikanın əsl iç üzüdür. Onlar bu gün də müstəqil dövlətləri demokratiya və din pərdəsi altında terror yuvasına, qarşıdurma məkanına çevirməyə davam edirlər. Onlar həqiqətən də dini və irqi ayrıseçkiliyin qarşısını almağa çalışsaydılar, ilk növbədə öz ölkələrində qeyri-millətlərə, xüsusilə müsəlman və qaradərililərə qarşı baş verən polis zorakılığını, insanlıq əleyhinə vəhşilikləri aradan qaldırmaq üçün ciddi tədbirlər görərdilər.

ABŞ-ın müxtəlif ştatlarında polis zorakılığına qarşı müsəlman və qaradərili vətəndaşlar dəfələrlə etiraz aksiyaları keçirib. Onların yeganə tələbi irqi və dini zəmində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən amansız qətllərin törədilməsinin qarşısının alınmasıdır. Vəziyyət isə heç cür dəyişmir. Bu gün yenə də qaradərililərin, müsəlmanların vəhşicəsinə döyüldüyü və öldürüldüyünü, onlara qarşı planlı şəkildə hücumlar edildiyini xarici mətbuat vasitəsilə izləyirik. Bir neçə ay bundan əvvəl Şimali Karolina ştatında müsəlman ailəsinin yaşadığı mənzil silahlı şəxslərin hücumuna məruz qalıb. Evi güllə yağışına tutan cinayətkarlar bir qadının yaralanmasına səbəb olublar. Lakin dövlətin rəsmi şəxsləri hadisənin motivində İslama nifrət olduğunu istisna ediblər. Halbuki həmin ərəfədə sözügedən ştatda 3 müsəlman tələbə də güllələnərək qətlə yetirilib. Aprelin 8-də isə Cənubi Karolina ştatında polis silahsız qaradərili vətəndaşa 8 dəfə atəş açaraq amansız qətlin səbəbkarı olub. Əslində dini və irqi zəmində hadisələr ilk dəfə deyil ki, Amerika və Qərb ölkələrində baş verir. Sözügedən dövlətlərin tarixinə nəzər salsaq, kifayət qədər qara ləkələrlə tanış ola bilərik. Qəribədir ki, bu tip cinayətlər miqyasından asılı olmayaraq terror, qətliam və soyqırım kimi qəbul olunmur. Səbəb isə hadisəni törədənlərin xristian etiqadlı şəxslər olmasıdır. Sanki Avropa və ABŞ-da belə bir hal formalaşıb ki, inanc yeri xristian dini olan şəxsin törətdiyi hadisə qeyri-ixtiyari baş verir və mütləq mahiyyətində psixoloji problem var. Məgər "psixoloji problem" terrorizmə yol açan əsas amil deyilmi? Hansı ağlı başında olan şəxs günahsız insanları qətlə yetirər?

Avropanın islamafob, ksenefob və anti-semitizm dalğası

Fransada baş verən təyyarə qəzasında ikinci pilot Andreas Lubitzin qəzanı bilərəkdən törətdiyinə dair faktlar aşkarlansa da rəsmi şəkildə hadisə terror hücumu kimi qiymətləndirilməyib. Yenə də qəzanın səbəbkarının son zamanlar psixoloji sarsıntı keçirməsi hadisənin baş verməsində əsas ehtimallardan biri hesab olunub. Əgər 154 nəfər sərnişinin həyatına son qoyan qəzanın mərkəzində müsəlman olsaydı, heç şübhəsiz Qərb və Amerikanın islamafob dairələri təkcə hadisəni deyil, ümumilikdə İslam dünyasını yenidən terrorçuluqda günahlandıracaqdı.

Lakin sirr deyil ki, dünyada terrorizm adlı bəla var və  xüsusilə müsəlmanlarla qaradərililər bundan əziyyət çəkirlər. Demək olar ki, Yaxın Şərq və Afrika dövlətlərində dinc və günahsız insanlar kütləvi şəkildə qətlə yetirilir. Bütün bunların qarşısını almaq əvəzinə əksər dünya gücləri hadisələrə tərəfli yanaşır, ikili standartlar tətbiq edirlər. Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına basqın hadisəsində 14 nəfərin öldürülməsi dinindən və irqindən asılı olmayaraq bütün Avropanı ayağa qaldırıb. Dünyanın müxtəlif ölkələrinin liderləri Parisdə həmin faciənin anım mərasimini keçirib. Lakin bu dəhşətli hadisədən öz məkrli məqsədləri naminə - müsəlmanlara qarşı nifət hissini artırmaq üçün istifadə edənlər də az olmayıb. Nəticədə, Avropanın müxtəlif nöqtələrində anti-İslam kampaniyaları geniş vüsət almağa başlayıb.

Bu hadisədən bir neçə gün sonra isə Nigeriyada Boko Haram terrorçularının 2 minədək insanı öldürməsi heç bir xristian dövlətində zərrə qədər narahatlıq yaratmayıb. Yaxud demək olar ki, hər gün Yaxın Şərqdə onlarla insan terrorun qurbanına çevrilir. Dünya isə susmağa üstünlük verir. Bəs Qərbin və Amerikanın himayə etdiyi, öz toplumlarına qarşı hər hansı bir kiçik hadisə baş verən zaman dərhal ayağa qalxan hüquq müdafiə institutları harada qalıb? Niyə bəşər övladına qarşı edilən haqsızlıqlar qarşısında susurlar, səslərini çıxarmırlar? Yoxsa onların günahı özlərini ali təbəqə sayan avropalılarla eyni irqdən olmamalarıdır? O zaman əsl terrorçular kimlərdir?  Tarix boyu müsəlmanları və qaradərililəri hər yerdə sıxışdıraraq kütləvi qətllər törədən avropalı və amerikalılar, yoxsa bütün bunlara baxmayaraq dünyanı sülhə, dostluğa, əməkdaşlığa çağıran türk və müsəlmanlar?

Bütün bunlara baxmayaraq, Avropa ölkələrində dini və irqi ayrıseçkilik zəminində cinayət halları daha da artmaqdadır. Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Hücumlar təkcə islamafob və ksenefob mahiyyət daşımır, eyni zamanda anti-semitizm əhval-ruhiyyəsi də bu gün dünyanı bir-birindən qoparmağa davam edir.

Faşist Almaniyasının İkinci Dünya Müharibəsində yəhudilərə qarşı törətdiyi soyqırım bu gün dünyada insanlıq əleyhinə ən böyük faciələrdən biri kimi anılmaqdadır. Lakin görünən odur ki, dünya birliyi hələ də bu cür hadisələrdən dərs çıxara bilməyib,  rasizm dalğası müasir dövrümüzə də nüfuz edərək sistemli xarakter alıb. Fransanın Tuluza şəhərindəki yəhudi məktəbinə qarşı həyata keçirilən hücumda 1 kişi və 3 yəhudi uşağı öldürülüb, Strasburq şəhərində yəhudi qəbiristanlığına hücum nəticəsində 100-dək yəhudi məzarı dağıdılıb, Belçikanın paytaxtı Brüsseldəki yəhudi muzeyinə hücum zamanı 4 nəfər öldürülüb.

Avropa İttifaqı Təməl Hüquqlar Agentliyinin araşdırmalarına görə, 2013-cü il ərzində Belçika, Fransa, Almaniya, İtaliya, İsveç, Böyük Britaniya kimi ölkələrdə rəyi soruşulanların 75 faizi antisemitizm hallarının artdığını deyib. Yəhudi olduğu üçün küçəyə çıxmağa qorxduğunu deyənlərin sayı isə 50 faizi təşkil edib.

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq, düşüncə mərkəzi kimi 

Böyük dövlətçilik tarixinə malik, müstəqilliyini 24 ildir bərpa edən gənc və müasir Azərbaycan dövləti və onun xalqı bu gün sivilizasiyaları bir-birinə yaxınlaşdırmaq, fərqli adətlərə, dini baxışlara sahib cəmiyyətlərlə mədəni əlaqələri daha da gücləndirmək, onları tolerantlıq, humanizm kimi əxlaqi-mənəvi keyfiyyətlərlə bütövləşdirmək üçün genişmiqyaslı fəaliyyət aparır. Ölkəmiz bütöv bəşəriyyət üçün dinlərarası və mədəniyyətlərarası dialoq, düşüncə mərkəzi rolunu oynayır. 2014-cü ildə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın mədəni, dini və dil müxtəlifliyinin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Dünyada ilk və yeganə olan bu mərkəz bir daha sübut edir ki, multikultural və tolerant dəyərlər keçmişdə olduğu kimi bu gün də Azərbaycanda yaşam tərzinə çevrilib. Bu fədakarlığın qarşılığında isə dövlətimizi gözü götürməyən, onun uğurlarına qısqanclıqla yanaşan, həyata keçirmək istədiyi xoşməramlı niyyətlərə mane olmağa çalışan islamafob və ksenefob dairələr ölkəmizə qarşı qarayaxma kampaniyaları aparır, insan haqlarının pozulması məsələsini süni şəkildə ortaya atır, xarici və daxili əlaltıları vasitəsilə təzyiq göstərməyə, dünyada artan nüfuzuna xələl yetirməyə çalışırlar. Bu mənada Azərbaycanın ev sahibliyi etməyə hazırlaşdığı Birinci Avropa Oyunlarına qarşı "boykot" çağırışları bu kampaniyaının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Çünki diqqət yetirsək, 2012-ci ildə Bakıda "Avroviziya" mahnı müsabiqəsi təşkil olunanda da dövlətimiz anti-Azərbaycan qüvvələrin hücumlarına məruz qalıb. Lakin qeyd etmək lazımdır ki, bu cür kampaniyalar təkcə Azərbaycana qarşı deyil, başqa dövlətlərə qarşı da sistemli şəkildə həyata keçirilir, Qərb və Amerikanın himayə etdiyi "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" təşkilatları vasitəsilə hazırlanan qərəzli, qeyri-obyektiv hesabatlarda demokratiyanın sıxıldığı, insan hüquqlarının pozulduğu iddia olunur və bu bəhanə ilə daxili işinə nüfuz etdikləri ölkələr mövcud sabitliyini itirərək tamamilə dağıdılır, terror yuvası, qarşıdurma məkanına çevrilir. Diqqət yetirsək Qərb koalisiyasının bugünə qədər müxtəlif bəhanələrlə əl qoyduğu İraq, Əfqanıstan, Misir, Liviya, Suriya və Yəmən kimi dövlətlərdə sabitlik, demokratiya, insan hüquqları dedikləri ali dəyərlər zorakılıq, amansızlıqla əvəz olunub. Bu o deməkdir ki, məkrli niyyətlər güdən islamafob, ksenefob və anti-semitizm qüvvələr dünyanı qarşıdurma məkanına, qan gölünə çevirmək məqsədi güdür, beynəlxalq sülhün, əmin-amanlığın, dostluğun bərqərar olmasına əngəl törətmək istəyirlər.

Ceyhun ABASOV
Yazı Azərbaycan Respublikası  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının "Milli-mənəvi dəyərlər və müasirlik" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 





27.05.2015    çap et  çap et