525.Az

İdman və Multikulturalizm: "Bakı 2015" Avropa Oyunları


 

İdman və Multikulturalizm: <b style="color:red">"Bakı 2015" Avropa Oyunları</b>

Məlum olduğu kimi, mədəniyyət həyat tərzi olaraq elm, din, adət-ənənə, incəsənət və ümumiyyətlə,  maddi və qeyri-maddi sahələri ehtiva edir.

Müxtəlif cəmiyyətlər daxilində idmanın yeri, əhəmiyyəti və funksionallığı da bu kontekstdə ictimai şüurdakı fərqli baxış tərzlərinə müvafiq olaraq fərqli məzmun daşıyır.  Cəmiyyətdəki müxtəlif fərdlər və təbəqələr tərəfindən ayrı-ayrı idman növlərinin bəyənilməsi və dəstəklənməsi də bu tendensiyanın inkişafedici mərhələlərini təşkil edir.

İdmanın funksional olaraq yer aldığı mədəniyyət konsepsiyası daha çox populyar mədəniyyətin  tərkib hissəsidir. Klassik mədəniyyət klassik musiqi, balet, teatr, şeir və incəsənət sahələrini əhatə edir. Populyar mədəniyyət elitar mədəniyyətdən fərqli olaraq isə gündəlik həyat tərzi qismində tərif olunur.

Bu mənada idmanın ictimai mahiyyət qazanması ilə əlaqədar ümumən idman geyimləri və hər hansı bir komandanın xüsusi formaları gündəlik həyatda fərdlər tərəfindən istifadə olunmağa başlanıb. Bazar iqtisadiyyatı da öz növbəsində idmanın bu sosio-mədəni kontekstdə geniş yayılmasına səbəb olub.

İdman yarışları həm də mədəniyyətlərarası münasibətlərin cərəyan etdiyi prosesdə yer aldığına görə bunlar multikultural duruma da öz töhfəsini vermiş olur. Xüsusilə müəyyən bir müddətdə təşkil olunan idman yarışları ölkənin mətbəx mədəniyyətindən tutmuş folklor nümunələri, tarixi və turizm məkanlarının tandılmasına qədər imkanlar açır.  Yeri gəlmişkən, qeyd etməliyəm ki, məhz məşhur multiklulturalizm nəzəriyyəçisi Çarlz Taylor da multikulturalizmin əsas məfhumunun və əsasının "tanıma"(recognition) olduğunu vurğulayır.

Bu baxımdan idmançıların müxtəlif yarışlarda iştirak etməsi onların birbaşa multikultural fəaliyyətdə olması deməkdir. Belə ki, hər hansı bir idmançı istər ölkə daxilində, istər də xaricdə ixtisaslaşdığı idman sahəsi ilə həm öz ölkəsini təmsil edir, həm də şahid olduğu ölkənin multikultural dəyərləri ilə tanış olur.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkun idmanın mahiyyəti haqqında belə bir ifadəsi var: "Mən idmançının zəkalı, çevik və eyni zamanda əxlaqlı olanını sevirəm". Bu ifadədə böyük həqiqət var. Çeviklik və zəkalılıq hər bir idmançıya xas olması vacib bilinən xüsusiyyətlərdəndir.  İdmançının etik kodekslərə əməl etməsi onun eyni zamanda multikultural şəxsiyyət kimi formalaşmasının da əsasını təşkil edir.

Ümumiyyətlə, idman yarışlarının keçirilməsi iki cəhətdən qlobal əhəmiyyət kəsb edir. Bunlardan birincisi oldur ki, idman yarışları və olimpiya oyunları qlobal sülhə çağırış məzmunu daşıyır. Məhz bu yarışlar sayəsində irqi, dini, etnik və s. ayrıseçkiliyə yol verilməyərək hər bir idmançının öz gücünü obyektiv şəkildə göstərməsi təmin edilir.  İkincisi isə idmanın eyni zamanda multikultural bir proses olaraq fərqli mədəniyyətlərin iştirak etdiyi iqtisadi, sosial, siyasi sferalarda özünü təsdiq etməsi ilə bağlıdır. Müxtəlif idman brendlərinin, idmançıların, idman klublarının və s.-nin bu prosesdə aktiv iştirakı multikulturalizm mahiyyətli bir fəaliyyət növü kimi də özünü büruzə verir.  İdman yarışlarında qlobal sülhə çağırış, eləcə də iqtisadi müstəvidə idman növləri və idmançıların brendləşərək funksional rol almaları multikultural münasibətlərin yaranmasına səbəb olur.

Tarixdən məlum olduğu kimi, Azərbaycanın İpək Yolu üzərində və coğrafi-siyasi məkan kimi mədəniyyətlərin qovşağında yerləşməsi müasir dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır. Azərbaycanda bir çox qlobal idman yarışlarının, o cümlədən, iyun ayının 12-dən 28-dək 1-ci Avropa oyunlarının keçirilməsi ölkəmiz üçün bu baxımdan həm də önəmli bir tarixi hadisədir.

Bu oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Bakıda "Olympic Village" (Atletlər Kəndi)-nin yaradılması, burada idmançılar üçün 13 binanın        üç və dörd otaqlı 16 müxtəlif növ mənzillərin tikilməsi    və 68 min nəfər tutumlu Olimpiya Stadionunun inşası Azərbaycanda multikultural mühitin iqtisadi özülünün möhkəmlənməsinə də yardım edir. Digər tərəfdən, müxtəlif ölkələrdən gələn idmançıların qarşılanması və  müşayiəti işlərinə 12 min könüllünün cəlb olunması mədəniyyətlərarası dialoqa aid fəaliyyətlərdə mühüm yer tutacaq.

Bakıda 1-ci Avropa oyunları simvollarının seçilməsi və müəyyən olunması da multikulturalizm ideyalarına uyğun gəlir: nar simvolu "birlik içində müxtəlifliyi" tərənnüm edir. Ceyran, Simurq quşu və alov isə multikultural münasibətlər fonunda Azərbaycanın tarixi dəyərləridir. Qonaqlar üçün Azərbaycanın zəngin irsinə bələdçilik edəcək ceyran bu idman oyunlarında mədəniyyət elçisi statusunda təqdim edilir.

İdman yarışları, xüsusilə, olimpiya oyunları ilə multikulturalizm arasında ciddi əlaqələrin mövcud olması günbəgün daha çox ortaya çıxır. Fərqli mədəniyyətlərə mənsub insanların iştirakı ilə keçən bu idman yarışları  ölkəmizdəki nümunəverici multikultural durumun, Azərbaycan multikulturalizminin dəyər olaraq dünyaya tanıdılmasında bir mərhələ də təşkil edəcək.

Nəhayət, onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək 1-ci Avropa Olimpiya Oyunları məşhur siyasi strateq Samuel Huntiqtonun "mədəniyyətlərin toqquşması" (clash of civilizations) iddiasının yanlış olduğunu göstərir.

Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru

 





27.05.2015    çap et  çap et