525.Az

Sabirin 153-cü ildönümü qeyd olunub


 

ŞAİRİN ADINI DAŞIYAN FOND "AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN TƏTBİQİ QÜSURLARININ MONİTORİNQİ"Nİ HƏYATA KEÇİRİR

Sabirin 153-cü ildönümü qeyd olunub<b style="color:red"></b>

Görkəmli şair Mirzə Ələkbər Sabirin 153-cü ildönümü münasibətilə mətbuat konfransı keçirilib. Sabir Fondunun rəhbəri və şairin nəvəsi Sevda Tahirli bildirib ki, Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatı tarixində ədəbi məktəb yaradan böyük satirik ustad, mahir pedaqoqdur. Onun sözlərinə görə, azadlıq ideyaları, istiqlal uğrunda mübarizə aparan şairin mövzu problematikası çox geniş, tənqid hədəfləri, ifşa üsulları güclü olub: "Sabirin xalqı qəflət yuxusundan oyatmaq, ictimai quruluşun dəyişməsi amalı yolunda apardığı mübarizə sərhəd tanımayıb. Onu bir ölkə çərçivəsindən çıxarıb dünyanın şairinə, yoxsulların, əzilənlərin, hüquqları əlindən alınan insanların müdafiəçisinə çevirib".

Daha sonra S.Tahirli fondun həyata keçirdiyi layihələr barədə danışıb. O qeyd edib ki, 2012-ci ildə dövlət qeydiyyatından keçən Sabir Fondunun əsas məqsədlərindən biri cəmiyyətimizdə insanların milli dəyərlərimizə sahib çıxa bilməsi və onların qorunması, eləcə də Sabirin hər zaman vurğuladığı kimi, insanlarda, xüsusilə gənclərdə vətənpərvərlik hissini daha da dərinləşdirməkdən ibarətdir: "Buna görə də biz imkanlarımız daxilində bu məqamlara diqqət yetirməyə çalışırıq. İlk hədəfimiz isə "dilimiz" olub. "Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi" adlı layihə həyata keçiririk. Dil haqqında qanunda aydın şəkildə vurğulanıb ki, mətbuat orqanlarında çalışanların yüksək nitq qabiliyyəti olmalıdır. Lakin sirr deyil ki, təkcə mediada deyil, eyni zamanda müxtəlif xidmət sahələrində dilimizin tətbiqi zamanı mütəmadi olaraq bir çox ürəkağrıdıcı hallara yol verildiyinin şahidi oluruq. Dil haqqında qanunun tələblərinin pozulması hallarına kütləvi informasiya vasitələrindən tutmuş hər növ xidmət sahələri də daxil olmaqla reklam və elanlarda rast gəlinir. Televiziya və radio proqramlarının aparıcıları öz nitqlərində qeyri-Azərbaycan dilli sözlərindən istifadə edirlər. Səbəb isə çox aydındır. Azərbaycan cəmiyyəti 30-40 il bundan əvvəllərdən fərqli olaraq bu gün kifayət qədər mütaliə etmir. Vəziyyət ciddi bir həyəcan, haqlı bir narahatlıq yaratdığından bu istiqamətdə hazırladığımız layihə üzərində çalışırıq. Məqsədimiz Azərbaycan ədəbi dilinin müasir dövrdəki vəziyyətinin monitorinqini apararaq mövcud problemləri ictimailəşdirib həllinə nail olmaqdır. Dil haqqında qanunda qeyd olunur ki, dövlət dilindən sonra ehtiyac olarsa, reklam və elanlarda digər dillərdə işlənən sözlərdən istifadə etmək olar. Lakin müşahidələrimiz onu göstərib ki, bu normalar ciddi şəkildə pozulur. Dil millətin milli kimliyini bəlli edən əsas mənəvi dəyərlərdəndir. Ona görə də, dilimizi qorumaq, onu yad ünsürlərdən azad etmək üçün hər bir azərbaycanlı bir fərd olaraq mübarizə aparmalı, dilimizin korlanmasınının qarşısını almalıdır. Bu sahədə artıq iki ildir ki, fəaliyyət göstərib, monitorinqlər aparmışıq. Bundan sonra da məsələni diqqətdə saxlamaq niyyətindəyik".

Qeyd edək ki, tədbir zamanı müxtəlif media orqanlarının nümayəndələriylə milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində fikir mübadiləsi aparılıb, bir sıra maraqlı təkliflər irəli sürülüb. Sonda isə iştirakçılara Sabirin "Hophopnamə"si hədiyyə olunub.

Ceyhun ABASOV

 





27.05.2015    çap et  çap et