525.Az

"İşğalçı Ermənistan Olimpiya barışığının məqsəd və məramlarından uzaqdır"


 

"İşğalçı Ermənistan Olimpiya barışığının məqsəd və məramlarından uzaqdır"<b style="color:red"></b>

"Azərbaycan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistanla danışıqlar prosesində iştirak edir".

Bu barədə  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəmiyyətdə  ATƏT-in Minsk qrupuna qarşı inamın azalmasına münasibət bildirərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, 2014-cü ildə danışıqlar prosesində müəyyən pozitiv inkişaf özünü göstərib:

"ATƏT-in Minsk qrupunun fəaliyyətində əsas özünü göstərməyən məqam ondan ibarətdir ki, yəni hər hansı fikirlər, qərarlar olduğu bir halda onun icra mexanizmi təmin olunmalıdır. Yəni hansısa məsələ ortaya atılır və Ermənitan öz destruktiv siyasətinə sadiq qalaraq ona münasibətdə neqativ mövqe nümayiş etdirdiyi halda bu məsələ gündəmdən düşməməlidir. Əksinə onun həyata keçirilməsi təmin olunmalıdır. Dəfələrlə həmsədrlər qarşısında, eləcə də ATƏT-in Minsk qrupu çərçivəsində məsələ qaldırılıb ki, onlar tərəfindən Ermənistana münasibətdə vadaredici və məcburedici tədbirlər həyata keçirilməlidir. Təbii ki, bu da sülhə məcburetmə fəaliyyətidir".

H. Hacıyev həmçinin Ermənistanın ikili standartlarına da münasibət bildirərək deyib ki, təəssüflər olsun ki, beynəlxalq münasibətlərdə ikili standartlara əsaslanan yanaşmalar davam edir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində də biz bu ikili standartların növbəti təcəssümünü görmüş oluruq.

Baxmayaraq ki, Ermənistan tərəfindən Azərbaycana təcavüz törədilib və qanlı etnik-təmizləmə aparılıb, rəsmi İrəvanın bir təcavüzkar dövlət kimi fəaliyyətinə aydın və birmənalı qiymət verilmir. Məhz bunun müqabilində də Ermənistandan beynəlxalq hüquqa, öz öhdəliklərinə riayət olunması tələb olunmur. Bu sadəcə olaraq ikili standartlara yanaşmanın bir təzahürüdür".

XİN rəsmisi Avropa Oyunları ərəfəsində Ermənistanın cəbhədə təxribatçı əməllərinə münasibət bildirərkən deyib ki, Azərbaycan Respublikası dəfələrlə Olimpiya barışığı konsepsiyasının məqsəd və məramlarına sadiq olduğunu sübut edib. Onun sözlərinə görə, rəsmi Bakı tərəfindən bununla əlaqədar mövqe bildirilib:

"Birinci Avropa Oyunları ərəfəsində Olimpiya barışığının məqsəd və məramlarına Azərbaycan tam şəkildə sadiqdir. Amma biz Ermənistanın timsalında görürük ki, onlar hər vəchlə siyasi və təxribat əməllərini davam etdirir. Ermənistan öz əməlləri ilə sübut edir ki, o, Olimpiya barışığı, konsepsiyası və fəlsəfəsindən tamamilə uzaq olan dövlətdir. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində son günlərdə hələ də davam edən gərginlik bir daha onu sübut edir ki, işğalçı ölkə Olimpiya barışığının məqsəd və məramlarından uzaqdır. Amma Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Olimpiya barışığı mühitində Avropa Oyunları keçirilməlidir və rəsmi Bakı buna sadiqdir".

Qeyd edək ki, Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək. İdman tədbirində Ermənistan da daxil olmaqla 50 ölkədən 6 mindən artıq atlet iştirak edəcək. Ən böyük idman heyəti 350 nəfər olmaqla Rusiyadan gələcək. Onu da xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada iki günlük səfərdə olub və həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. S.Lavrov Rusiyanın bundan sonra da Qarabağ münaqişəsinin həllinə yardım edəcəyini vurğulayıb.

PƏRVANƏ

 





26.05.2015    çap et  çap et