525.Az

"Çexlər Azərbaycanda keçiriləcək Avropa Oyunlarına böyük maraq göstərirlər"


 

"Çexlər Azərbaycanda keçiriləcək Avropa Oyunlarına böyük maraq göstərirlər"<b style="color:red"></b>

Çex-Azərbaycan İctimai Birliyi (Cesko-Azerbajdzansky Spolek) xaricdə fəaliyyət göstərən Azərbaycanın aktiv diaspor qurumlarından biridir. İctimai birlik Çexiyada yaşayan və təhsil alan azərbaycanlılar və digər xarici vətəndaşlardan ibarət olan bir komanda formalaşdırıb. İdarə heyəti isə hazırda 3 nəfərdən ibarətdir.

Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyev eyni zamanda Praqa şəhərində yerləşən Karlov Universitetinin magistr pilləsində Beynəlxalq iqtisadi və siyasi elmlər ixtisası üzrə təhsil alır. O, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqram"ının mükafatçısıdır.

2014-cü ilin dekabr ayından təşkilatın üzvü və Çex-Azərbaycan İctimai Birliyinin sədri olaraq çalışır.

Rəhbərlik etdiyi qurumun məqsədlərini açıqlayan Ə.Əliyev deyib ki, əsas məqsədləri Avropada yaşayan azərbaycanlıların və avropalıların ictimai təşkilatın bütün sahələri üzrə əhatə edən fəaliyyətlərini koordinasiya etməkdir: "Eyni zamanda Çex cəmiyyətində Azərbaycan maraqlarının qorunması və təbliği, o cümlədən, ölkəmizə rəğbətin artırılması məqsədilə Çexiya Respublikasında təhsil alan və yaşayan soydaşlarımızın səfərbər və həmrəy olmasına dəstək olmaqdır. Aparıcı Çexiya universitetləri ilə müxtəlif xarakterli layihələr, tədqiqat mərkəzləri və digər ictimai-önəmli strukturlarla işlərin inkişafına və qurulmasına çalışır, mədəni, siyasi və iqtisadi sahələrdə müxtəlif xarakterli layihələr üzrə birgə iş fəaliyyəti göstəririk. Öz fəaliyyəti ilə Çex-Azərbaycan İctimai Birliyi iki millət arasında dialoqun inkişafına və bütün sahələr üzrə daha da dərin əlaqələr qurulmasına xidmət edir. Qeyd eləmək lazımdır ki, iş fəaliyyətinin əsas tezisi şübhəsiz ki, Azərbaycanın milli maraqlarını qoruyub saxlamaq və üçüncü qüvvələrin iki millət arasında hər hansı bir xələl gətirmək istəyini, operativ şəkildə qarşısını almaqdır".

Bu ölkənin təhsil sisteminə də toxunan həmsöhbətim deyib ki,  çexlərin təhsil sistemlərinin tarixi 863-cü ildə moraviyalı Rastislavın Kiril və Mefoniyi dəvət etməsindən başlayır. IV Karlın təşəbbüsü ilə 1348-ci ildə Mərkəzi Avropanın ilk universiteti məhz Praqada qurulur. XVIII əsrin ortasında artıq 6-12 yaşarası uşaqlar üçün məktəbə getmək məcburi xarakter alır. Qısa haşiyədən də göründüyü kimi, Çexiya Avropanın təhsil sahəsində qədim ənənələrə malik ölkələrindən biridir. Onun sözlərinə görə, bununla belə, müasir Çex təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında xeyli oxşarlıqlar tapmaq olar: "Bu, bir tərəfdən ölkəmizin də qatıldığı Boloniya prosesi,digər tərəfdən isə qloballaşmanın gətirdiyi təhsil sahəsindəki institusional mənimsəmələrlə bağlıdır. Misal kimi "Youth exchange", "Erasmus programme", onlayn sistemi və təqdimatlar. Digər Avropa ölkələrindən fərqli olaraq burada da təhsil kursunu bitirdikdən sonra diplom müdafiəsi və dövlət imtahanlarını vermək vacibdir, bu sistem postsovet ölkələrinə xas olan bir xüsusiyyətdir".

Ə.Əliyev əlavə edib ki, Çexiyada təhsil alan tələbələrə bir sıra sahələrdə yardımçı olmaq rəhbərlik etdiyi təşkilatın qarşısında duran əsas məqsədlərdən biridir: "Belə ki, yeni gələn tələbələrimizi Çexiyanın milli-mənəvi dəyərləri, habelə yaşayış tərzi və ümumi təhsil sistemi barədə məlumatlandırırıq. Sənədləşmə və uyğun yaşayış yerlərinin tapılmasına dəstək oluruq. Hazırda təhsil alan tələbələrin aktual problemləri ilə yaxından tanış olaraq yardım etmək məqsədilə mütəmadi görüşlər keçiririk. Çex və azərbaycanlı tələbələrin sosial, siyasi və ictimai sahələrdə fəal iştiraklarını təmin etmək məqsədilə təşkilatımızın fəaliyyətinə cəlb edirik, müxtəlif təlimlər keçiririk. Həmçinin hazırda təşkilatımızın üzvləri olan və Çexiyada fəaliyyət göstərən şirkətlərdə işləyən həmkarlarımızın vasitəsilə həmin tələbələrə müvafiq sahələrdə təcrübə keçməyə şərait yaradırıq.

Qeyd etmək istərdim ki, bizim fəaliyyətimiz yuxarıda sadalanan sahələrlə bitmir, təşkilat olaraq azərbaycanlı və xarici tələbələrin görüş və ideyalarını müzakirə edib, həyata keçirilməsinə də dəstək olmağa hər zaman hazırıq".

İlk Avropa Oyunlarının Çexiyada təbliği istiqamətində hansı işlərin  görülməsinə gəlincə, birlik sədri deyib ki,  qısa müddətdə təşkilat tərəfindən bir neçə layihələrin keçirilməsi planlaşdırılıb: "Artıq həmin layihələrin həyata keçirilməsinə start verilib. Universitetlərdə tələbələrimiz bu Oyunlarla bağlı maarifləndirmə və təbliğat işləri aparır, "Bakı-2015"lə bağlı xüsusi təqdimatlar göstərirlər. Həmçinin may ayında Çexiya Respublikasında xokkey üzrə dünya birinciliyinin keçirilməsini nəzərə alaraq, həmin turnir müddətində Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında Praqa şəhərində reklam-plakatları, banerlər və flayerlərin paylanmasını təşkil etmişik. Bildirmək istərdim ki, Çexiyanın mətbuatında ilk Avropa Oyunları geniş işıqlandırılır, açılış mərasimində yüksək vəzifəli rəsmi şəxslərin Bakıda iştirakı gözlənilir. Səfirlik bu sahədə müvafiq işlər görür, biz isə yardım göstərməyə çalışırıq. İlk Avropa Oyunları ilə bağlı təbliğat xarakterli tədbirlər və görüşlər hazırda da keçirilməkdədir. May ayının 21-də ilk Avropa Oyunları ilə bağlı səfirlikdə növbəti tədbir keçirilib".

Onun sözlərinə görə, çexlərin Avropa Oyunlarına böyük marağı var. Onlar ölkənin ən güclü idmançılarından ibarət komanda ilə Bakıya gələcəklər: "Onların arasında hətta, olimpiya çempionları da var. Yerli əhali isə bizdən Azərbaycana getmək və bu oyunlara baxmaqla bağlı məlumatlar toplayır".

PƏRVANƏ

 





26.05.2015    çap et  çap et