525.Az

Qərbin uğursuz Riqa sammiti


 

QABİL HÜSEYNLİ: "RUSİYA İLƏ DANIŞIQLAR DAĞLIQ QARABAĞIN İŞĞALDAN AZAD EDİLMƏSİYLƏ NƏTİCƏLƏNƏ BİLƏR"

Qərbin uğursuz Riqa sammiti<b style="color:red"></b>

Riqa sammitinin yekun bəyannaməsinə görə hesab etmək olar ki, Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramı iflasa uğramağa doğru gedir.
 
ATƏT-in 1996-cı il Lissabon və Aİ-nin 2013-cü il Vilnus sammitlərində olduğu kimi bu dəfə də Qərb müharibə şəraitində olan dövlətlərə bərabərhüquqlu yanaşma sərgiləməyib, Ukrayna, Gürcüstan münaqişəsindən fərqli olaraq Azərbaycanın Dağlıq Qarabağ probleminə qətiyyətli mövqe ortaya qoymayıb.

Halbuki Krımın Rusiya tərəfindən ilhaqı və Donbasda gedən proseslərdə də avroparlamentarilərin sərt diplomatiyadan yumşaq diplomatiyaya doğru meylləri özünü göstərir. Çünki Moskvaya qarşı tətbiq olunan sanksiyaların bumeranq effekti verəcəyindən narahat olan Yunanıstan, İtaliya kimi Avropa nəhəngləri Rusiya ilə iqtisadi əlaqələri bərpa etmək niyyəti güdürlər. Bu o deməkdir ki, Ukraynaya ərazi bütövlüyünün qorunmasına zəmanət verən Qərb pozulan sərhədləri bərpa etmək üçün Kiyevə hərtərəfli dəstək vermək niyyətində deyil. Buna baxmayaraq, sammitin yekun bəyannaməsində Ukrayna və Gürcüstanda baş verən proseslərə siyasi qiymət verilib. Krımın, Cənubi Osetiya və Abxaziyanın işğala məruz qaldığı, ölkələrin suveren hüquqlarının pozulduğu bəyannamədə əks olunub. Lakin Dağlıq Qarabağ məsələsi hüquqi qiymət almayıb. Azərbaycanın bu bəyannaməyə etirazı sammitdə əlavə sənədin qəbul olunması ilə nəticələnsə də, bütün bunlar Qərbin ölkəmizə qarşı qərəzli mövqedə olduğunu bir daha sübut edir.

Qeyd etmək lazımdır ki, ümumilikdə Rusiyaya qarşı tənqidi əhval-ruhiyyədə keçən Riqa sammitinə Azərbaycanın ölkə rəhbəri səviyyəsində qatılmaması sırf dövlət maraqlarından irəli gəlsə də və qarşı tərəfin tətbiq etdiyi ikili standartlara etiraz xarakteri daşısa da, bu Rusiya tərəfini sevindirməyə bilməzdi. Eyni zamanda, nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsində Moskva açar rolunu oynayır, o zaman son hadisələrin gətirəcəyi nəticələrin qarşılıqlı məmnunluq ifadə edəcəyini söyləmək olar. Əgər Rusiya siyasi mövqe ortaya qoyaraq, Ermənistana təsir göstərərsə, Dağlıq Qarabağ problemi yaxın müddətdə həll oluna bilər.

Dünən Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə də bu məsələ ətrafında nikbin danışıqlar aparılıb. Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcəklərini bildirib.

S.Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin prioritet məsələlərindən biridir.

Elmar Məmmədyarov isə vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək: "Çünki həlli mümkün olmayan münaqişə yoxdur".

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda nikbinlik üçün əsaslar var. 

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, Riqa sammitinin 30 maddəlik yekun bəyannaməsini bənd-bənd nəzərdən keçirəndə  diqqətini bir sıra məsələlər cəlb edib. Onun sözlərinə görə, bir çox bənddə Azərbaycanı Ermənistan və Belarusla bir sırada qeyd ediblər: "Bu o deməkdir ki, Avropa İttifaqı Azərbaycanla inteqrasiyaya ümidli deyil. Sənəddə bir tərəfdən ərazi bütövlüyü prinsipinə önəm verildiyi vurğulanır, digər tərəfdən isə münaqişələrin beynəlxalq hüquq normaları əsasında həlli ön plana çəkilir. Bu isə növbəti qeyri-müəyyənlikdir. Üçüncüsü isə enerji əməkdaşlığı ilə bağlı bənddə Azərbaycanın önəmi xüsusi vurğulanır, TAP və TANAP boru xətlərinin adı çəkilir. Bu bəyannamənin ən çox cümlələrlə ifadə olunan bəndidir. Buna baxmayaraq, bütövlükdə amorf bir bəyannamədir, bir müddət sonra bu sənədi xatırlayan olmayacaq".

Avropa İttifaqının Riqa sammiti ATƏT-in 1996-cı ildəki Lissabon sammitinə bənzədiyini qeyd edən politoloq bildirib ki, Azərbaycan rəsmiləri Riqada olduğu kimi Lissabonda da yekun bəyannaməyə qol çəkmək istəməyiblər: "Çünki nə Lissabon, nə də Riqa sammitində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanmayıb. Yekun bəyannamənin qəbulu üçün o zaman da Azərbaycan Prezidentinə minnətçi düşüblər, indi də. Hər iki sammitdə güzəştə getdik. Lissabon sammitindən 19 il keçib, Riqadakı sammit isə göstərib ki, Qarabağa baxışda dəyişən bir şey yoxdur.

Mən Azərbaycanın Qərbin siyasi, iqtisadi və hərbi strukturlarına sıx inteqrasiyasının tərəfdarıyam.

Azərbaycanın Avropa Birliyi ilə inteqrasiyası hər iki tərəfə xeyirlidir. Ancaq görəndə ki, Qərbdə Ukrayna ilə Azərbaycanın ərazi bütövlüyünə, o cümlədən, Donbas separatçıları ilə Dağlıq Qarabağ separatçılarına fərq qoyurlar, separatçıları "yaxşı" və "pisə" bölürlər, bu yerdə ikili yanaşmaya mən də etiraz edirəm".

Politoloq Qabil Hüseynli deyib ki, Avropa İttifaqının nümayəndələrinin özlərini təkəbbürlü aparmaları, Azərbaycana qarşı ayrı-seçkilik tətbiq etməyə çalışmaları, ölkəmizin problemlərini kənara qoyub gündəliyə dəxli olmayan məsələləri yekun sənədə əlavə etmələri təəssüf doğurmaya bilmir: "Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsidir. Sammitdə bu məsələylə bağlı bir kəlmə də olsun danışılmayıb. Bəyannamədə münaqişənin həlli ilə bağlı Avropa İttifaqının hansı işlər görə biləcəyi öz əksini tapmayıb. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını işğal etməsinə dair dörd qətnaməsi var.
Bu sənədlərin mövcudluğu orada qeyd olunmayıb. Bir sözlə Dağlıq Qarabağ probleminə diqqət yetirilməməsi Azərbaycanı tədbirli davranmağa məcbur edir. Təbii ki, "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində baş tutan sammitdə ölkəmizin Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik olması vurğulanıb. Xüsusilə, Azərbaycanın neft resursları Qərb üçün yeganə alternativ enerji mənbəyi rolunu oynayır. Eyni zamanda, geosiyasi məsələlərə təsir imkanları olan Azərbaycan sülh naminə tərəfdaşlıq proqramlarında da yaxından iştirak edir, Kosovoda, İraqda, Əfqanıstanda və digər münaqişə ocaqlarında sülhməramlılarını yerləşdirir, anti-terror əməliyyatlarına dəstək verir. Lakin bunun müqabilində Dağlıq Qarabağ məsələsinə biganə münasibət, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar, demokratiya və insan haqlarının vəziyyətində problemlərin süni şəkildə ortaya atılması, təzyiq mexanizmlərindən istifadə edilməsi məyusluq doğurur və bu heç də Azərbaycana insan hüquqlarının inkişafına yardım etmək niyyətlərindən irəli gəlmir".

Politoloq xatırladıb ki, Almaniya kansleri Angela Merkelin Riqa sammitinin açılışında rəsmi Bakının tutduğu mövqeyə hörmətlə yanaşdığını, Qərbin enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdiyini bildirib və əlavə edib ki, Azərbaycan inkişaf xəttini tutan dövlətdir və ona görə də bu dövlətə mane olmamaq lazımdır: "Əgər Qərb Dağlıq Qarabağ probleminin həllində Azərbaycana yardım etmək gücünə malik deyilsə, o zaman rəsmi Bakının öz məsələlərini özü bildiyi kimi həll etməsinə imkan verməlidirlər".

Q.Hüseynli hesab edir ki, Rusiyada xarici işlər nazirləri səviyyəsində baş tutan danışıqların Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük təsiri ola bilər: "Rəsmi Bakının istər Qərb dövlətləri, istər ABŞ, istərsə də Rusiya ilə tarazlaşdırılmış siyasət yürütməsində məqsəd ölkəmizin ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Azərbaycan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verir. Hakimiyyət yaxşı bilir ki, bu bölgədə prosesləri nizama salmağın yeganə yolu Rusiyadan keçir. Ona görə də, rəsmi Bakı Moskva ilə münasibətləri həmişə balanslı vəziyyətdə saxlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov bugünə qədər demədiyi ifadə işlədib. O bildirib ki, ola bilsin yaxın müddətlərdə Dağlıq Qarabağ münaqişəsi həll olunsun.

Bu çox cəsarətli bir fikirdir. Bu çıxışın arxasında ciddi mətləblərin dayandığını xüsusi vurğulamaq lazımdır.

Belə nəticəyə gəlmək olar ki, uzun müddətdir Rusiya ilə məsələ ətrafında böyük danışıqlar gedir. Bu proses bizi uzun illərdir həsrətində olduğumuz torpaqlara doğru apara bilər. Sammit ərəfəsində Putinin adı ilə bağlanan fikrə görə, Ermənistan rəhbərliyinə ultimatum şəklində müraciət edilib ki, Azərbaycan torpaqlarını boşaltsın. İndi isə iki ölkənin dölvət rəsmilərinin iştirakı ilə baş tutan görüşdə Dağlıq Qarabağ probleminin yaxın günlərdə həll ediləcəyi ilə bağlı nikbin fikirlər səsləndirilir. Bu o deməkdir ki, Azərbaycanın Rusiya ilə danışıqları davam edir və nəticə etibarıyla Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməsiylə nəticələnə bilər. 

Ceyhun ABASOV

 





26.05.2015    çap et  çap et