525.Az

“Ali məktəblərdə fəlsəfə fənninin saatı azalıb”


 

“Ali məktəblərdə fəlsəfə fənninin saatı azalıb”<b style="color:red"></b> “Bu gün çox təəssüflər olsun ki, ali məktəblərdə fəlsəfə fənninin saatı azalıb. Sosiologiya, ayrı-ayrı siyasi fənlərin fəlsəfəni əvəz edə biləcəyini düşünürlər. Halbuki fəlsəfənin yeri çox vacibdir. Fərqli-fərqli dövrlərdə yaranmış Azərbaycan dövlətlərini bir-biri ilə bağlayan tərəflər, Azərbaycançılıq məfkurəsinin fəlsəfi əsasları araşdırılmalıdır. Universitetlərdə bunlar tədris olunmalıdır. Fəlsəfədən başqa hansı fənn bunu tədris edəcək? Ona görə də fəlsəfənin saatını azaltmaq yox, əksinə çoxaltmaq lazımdır”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə deyib.
 
İ. Məmmədzadə bildirib ki, bugünkü mürəkkəb şəraitdə böyük filosofların formalaşmasına imkan yoxdur:

“Həm Qərb fəlsəfəsində, həm də Şərq fəlsəfəsində çox böyük filosoflar olub. Bugünkü filosofların əksəriyyəti onların səviyyəsinə çatmır".

İ. Məmmədzadə rəhbərlik etdiyi institutun Qərb fəlsəfə institutları ilə sıx əməkdaşlıq etdiyini söyləyib:

“Rusiya Fəlsəfə İnstitutu ilə əlaqələrimiz çox yaxşıdır. Bizim filosofların müəyyən hissəsini məruzə ilə çıxış etmək üçün Rusiyaya dəvət edirlər. Bizim filosofların əsərləri, məqalələri Rusiyada çap olunur. Fransanın Nitsa şəhərindəki Sofiya-Antipolis institutla bir neçə illik saziş imzalamışıq. Keçən il onlarla birlikdə burada yay məktəbi təşkil etdik. Bu il də yay məktəbini Fransada keçirəcəyik. İtaliyanın Venesiya şəhərindəki Ka Foskari universiteti ilə də əməkdaşlıq edirik. Bizim filosofların bu ölkələrdə reytinqi yüksəkdir. Digər tərəfdən, Qazaxıstan, Özbəkistanla da münasibətlər qururuq. Məsələn, Türkiyənin Qazi Universiteti ilə saziş imzalamışıq. Hindistanda böyük fəlsəfi məktəblər, cərəyanlar olub. Hindistanın fəlsəfə universitetləri ilə münasibətlər qururuq. Çinlə müqayisədə onlarla əlaqə yaratmaq daha rahatdır, çünki onlar ingilis dillidir. Çin fəlsəfəsi böyük dəryadır. Çox istərdim ki, bizdə də çin dilini bilən filosoflarımız olsun və onlar Çin fəlsəfəsini dərindən öyrənsinlər”.
 
İ. Məmmədzadə qeyd edib ki, Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları istər dövri mətbuatda, istər sosial şəbəkələrdə aktivdirlər:

“İldə 40-50 əsərimiz çap olunur. 400-dən çox məqalə ölkə, 100-dən çox məqalə isə xarici mətbuatda çap olunur. Mənim təxminən ildə 10-15 məqaləm “Azərbaycan”, “Respublika” qəzetlərində çap olunur. İnstitutun ayrı-ayrı əməkdaşları da sosial şəbəkələrdə aktivdirlər”.
 





25.05.2015    çap et  çap et