525.Az

Təkan ömrü


 

Təkan ömrü<b style="color:red"></b>

Başı min bəlalar çəksə də, heç vaxt öz soykökündən, dilindən uzaq düşməmiş xalqımın möhtəşəm elm və təhsil məbədi olan Bakı Dövlət Universiteti - mənim doğma Universitetim! Hara getsəm, yolum səndən başlayır və bütün dünyanı dolaşıb gəzsəm də, yenə yollarım gəlib sənə çıxır. Amma hər şeydən əvvəl sən mənə başlanğıcsan, əvvəlsən, birincisən və birsən. Ən yaxşı insanları səndə tanıdım, sevgimi də səndə tapdım, baxışlarımı ağaclarına, divarlarına yazdım. Səni ancaq duyanlar oxuya bilər, çünki sənin dilini hər adam bilmir.

Mən səndə həm elm oxudum, həm həyatı öyrəndim. Pilləkənlərini oxudum, addım səsləri uzaqdan gəlirdi. Düz 1919-cu ildən. Bu addımlar haqqında sonra. Sənin həyətində ağaclar da xoşbəxtdir, üstündəki quşlar da, çayxanaların da, kitabxanaların da, hamısı xoşbəxtdir. Mənə elə gəlir, küləklər ayrı yerdə xətrimə dəyir, amma həyətinəmi girdim, əllərimi, saçımı, üz-gözümü doğma anam kimi sığallayır. Sənin həyətində külək də xoşbəxtdir. Həyətində havada yellənən bir kağız parçası da gözəldir, o artıq yerdə deyil, yerdə olsaydı, zibil olardı, o uçur, özündə bir sirr gizlədirmiş kimi qanad açır. Bəlkə kiminsə yaddan çıxıb qalmış sevgi məktubudur, bilmirəm. Ağacların altında çayxanalar, tələbələr, yanlarında çantalar, stəkan və nəlbəki səsləri... Universitet binasindan həyata axan zəng səsi elə bil şıdırğı yağışdır, tələbələri qəflətən tutur, tələsik hamısını binaya doldurur. Dəfələrlə bu cür müşahidə eləmişəm, zəng səsini yağışa, özü də yaz yağışına bənzətmişəm. Çünki o, yağandan sonra insan beyində duyğular, düşüncələr göyərdir. Hərdən fikirləşirəm ki, o zəng səsini ilk dəfə kimi icad eləyib və Bakı Dövlət Universitetinin ilk zəngini ilk dəfə kim çalıb? Tibdə belə bir üsul var, kim komaya düşürsə, onu ayıltmaq üçün doğma səslərdən istifadə edirlər. Məsələn, ana komaya düşübsə, yanında doğma körpəsini ağlatsalar, onun ayılmaq ehtimalı çox yüksəkdir. Və mənə elə gəlir, nə vaxtsa ən ağır yuxulardan məni doğma universitetimin zəng səsi oyada bilər...

Bakı Dövlət Universiteti Azərbaycanın xalqının düşüncə və beyin mərkəzidir və bu mərkəzdə həmişə insanları gələcəyə, mübarizəyə, haqq-ədalətə səsləyən bir zəng səsi var. O zəng müqəddəsdir. Bakı Dövlət Universitetinin sonuncu mərtəbəsinə qədər pilləkən var və mən hər daş pilləkənə ayaqlarımı basdıqca, elə bil yaddaşdan-yaddaşa, ildən-ilə qalxıram, enəndə yaddaşın və illərin lap dibinə enirəm. Hər dəfə pilləkənləri qalxıb-endikcə düşünürəm ki, Bakı Dövlət Universitetinin əsası 1919-cu ildə qoyulub. Bəlkə, o insanlar heç vaxt ağıllarına belə gətirməzdi ki, əsasını qoyduqları bu təhsil ocağı gələcəkdə dünyanın ən böyük universitetindən birinə çevriləcək. Bəs bu güc haradan gəldi? Çünki o vaxt universitetin ilk zəngi halallıqla çalınıb, bu zəngə elə xassə verilib ki, o dünyanın o başına da gedə bilər, dost tapar, insanları bir yerə toplayar. Bu zəngin genetik kodunda türk təfəkkürünün, qopuzun, sazın, tarın halallığı var. Onlar əsrlər boyu bitib-tükənmədiyi kimi, o səs də öz sürətini heç vaxt itirməyəcək, çünki bu səs xalqımızın qan yaddaşından gəlir və yenidən qan yaddaşına dolur.

Pilləkənlər dedim, yaddaş dedim.

Bəlkə çoxları bunun fərqində deyil, amma mən həmişə Bakı Dövlət Universitetində addımlarımın altında canlı bir təkanın yaşadığını duymuşam. O təkanın içində bir yuxarı qalxmaq gücü var. Bu təkanları burdan çıxan insanlar, onların həyəcan, biliyi, təfəkkürü vermişdi. Dəqiq bilirəm ki, bu təkanların içində Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunlarının addımları var. Ona görə də burdan keçərkən, istər-istəməz sənə bir yaradıcılıq, quruculuq təşnəsi gəlir. Bu addımlar nə qədər insanları göyə qaldırıb. Bu addımlar doğma universitetimizin ürək döyüntüləridir, elə buna görə də, Bakı Dövlət Universitetinin qan dövranı yaxşı işləyir.

Ulu öndər Heydər Əliyevin yadigar qoyduğu siyasi, ictimai, mədəni irs Bakı Dövlət Universitetində çalışan nə qədər alimlərin, elm adamlarının, ziyalıların həyat kompasıdır. Tarixə nəzər salanda çox aydın görünür ki, bütün məqamlarda Heydər Əliyevin diqqəti həmişə universitetin üstündə olub. Ona görə də tarix Bakı Dövlət Universitetindən bir toz da qopara bilmədi. Bakı Dövlət Universiteti istər tarixi, siyasi, ictimai, istərsə filoloji baxımdan Azərbaycanın bütün ağır tarixi faciəsindən alnıaçıq, üzüağ çıxmışdır. Nə siyasi baxışlarda, nə də ayrı-ayrı adamların mənafeyinə uğun dəyişmişdir. Universitet özlüyündə Azərbaycan xalqının yetkinliyini, mənliyini vahid şəkildə orta qoya bilmişdir, bütün qarışıq məsələlərdə həm dövlətçilik, həm millilik, həm də elmliyini qoruyan bir sərkərdə rolunu mətanətlə idarə eləmişdir.

37-ci ilin amansız küləkləri heç vaxt Bakı Dövlət Universitetini elmi tədrisdən yayındırıb siyasi oyuncağa çevirə bilməmişdi. İlk rektorları heç bir il işləməmiş işdən çıxarılırdı və bəziləri güllələndi. Amansız rejim onun rəhbərlərini və hətta müvəqqəti olaraq universitetin adını dəyişsə də, bu qədim elm ocağı içini, elmi strukturunu dəyişmədi. Bir az keçmiş öz adı yenidən qaytarıldı. Bu ağır illərdə Bakı Dövlət Universiteti bir növ Azərbaycan müstəqil dövlətinin canlı heykəli idi. Ona görə də onun jurnalistikamıza, ədəbiyyatımıza, hüquq elmimizə, siyasətimizə verdiyi kadrlar əvəzolunmaz bir dövlətçilik, quruculuq enerjisini özündə ehtiva edirdi.

Bakı Dövlət Universiteti istər Təbrizdə, istər Bakıda, istərsə də, bütün dünyada azadlıq, müstəqillik duyğularını aşılayan bir elm ocağı olmuşdur. Azərbaycanın akademik elm istehsalı ilk dəfə Bakı Dövlət Universitetində yaranıb, sonra başqa tədris müəssisələrinə köçmüşdür. Bakı Dövlət Universitetində 37-ci ildə daha da mətinləşən birlik, mükəmməlik 60-cı illərdən sonra özünü göstərməyə başladı. Millilik və dövlətçiliyin şərəfinə yaradılmış bu universitet heç vaxt ad gününü yaddan çıxarmamışdı. Rus şovinizmi həmişə Bakı Dövlət Universitetindən ehtiyat eləmiş və daha doğrusu, ondan qorxmuşdur. Rus şovinizmi düşünürdü ki, nə baş versə, birinci Bakı Dövlət Universitetindən başlayacaq. Ona görə universitet həmişə diqqətdə və siyasi mühasirədə saxlanılırdı. Uzun müddət Kirovun adına olsa da, universitet ondan heç nə yadda saxlamadı, əksinə, onu tələbələrin və ictimaiyyətin qəzəb dalğasına tuş gətirdi.

Bakı Dövlət Universiteti bütün vaxtlarda həm xalqa, həm də dövlətə bağlı olmuşdur. 1920-ci ildə müstəqilliyimiz süqut etdikdən sonra müstəqillik rəmzini özündə saxlayan və həm də əks etdirən, üç rəngli bayrağımız, himnimiz və bir də Bakı Dövlət Universiteti idi. Bu tam üçlük bir dövləti ifadə edə bilərdi. Universitet binasının üstündən milli bayrağımızı asmaq və qarşısında dövlət himnini səslənməsi ilə auditoriyalarında rahat dərs keçmək olardı.

1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün sahələrdə olduğu kimi təhsil ocaqlarında, o cümlədən, Bakı Dövlət Universitetində yenidənqurma işləri başlandı, yeni tədris binaları, korpuslar tikildi. Universitet tam elmi potensialı, tədris gücü ilə fəaliyyətə başladı. Hər şey dəyişə bilərdi, amma Bakı Dövlət Universiteti dəyişmədi, üstündə Sovet Azərbaycanın bayrağı yellənsə belə, adı Kirovun adına bağlansa belə, içində öz bayrağını tanıyırdı, öz dövlət himni bilirdi. Rus imperiyasının kommunist siyasəti həmişə universiteti ciddi nəzarətdə saxlayıb. Onun içində milli duyğuların fontan vurmasından  ehtiyatlanıb. Milli-mənəvi əxlaqi dəyərlər, islam dəyərlərinə yüksək məhəbbət hissi, türkçülüyə bağlılıq həmişə kommunist rejimini narahat eləyib.

1988-ci il hadisələri zamanı milli müstəqillik ideyaları ən birinci mənim universitetimdən baş qaldırdı. Çünki universitetin azadlıq eşqi və bu yolda mübarizə təcrübəsi daha böyük idi. Kommunist rejimi nəyin bahasına olursa-olsun mənim universitetimi mühasirədə saxlamaq istəyirdi, tələbələrinin mitinqlərdə iştirakının qarşısını müxtəlif vasitələrlə almağa çalışırdılar. Gah tələbələri universitetdən xaric edir, gah da müəllimləri işdən çıxarırdılar. Heydər Əliyevin siyasi zəkası, Yusif Məmmədəliyevin elmi, Əbülfəz Elçibəyin vətənpərvərliyi, Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, Xəlil Rzanın ruhu ilə silahlanmış Bakı Dövlət Universiteti düşmən qabağına çıxdı, ölümdən qorxmadı. “Var ol, azad ol” şüarı ilə milləti ayağa qaldırdı. Bu qığılcım onun içində 37-ci ildən, T.Şahbazidən, Ə. Haqverdiyevdən, M.Paşayevdən qalmışdı. “Azadlıq” meydanında gələn səslərin içində Bakı Dövlət Universitetinin səsini hamı o saat tanıdı. Hamı bildi ki, Bakı Dövlət Universitetinin azadlıq düşüncəsi xalqını heç vaxt tək qoymayacaq. Və beləliklə, Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyinin bərpasında böyük rol oynadı.

Bu gün Bakı Dövlət Universiteti böyüyür, parkında ağacları, üstündə quşları böyüyür, fakültələri artır, özünün yataqxanalarını yenidən yaradır, tədris müəssisələrini artırır, tərkibində elmi tədqiqat institutları açılır. Nəinki alimlərin, müəllimlərin, hətta tələbələrin elmi, sosial inkişafına köməklik göstərilir. Ölkəmizin hər bir sahəsində onun ürək döyüntüləri hiss olunur. Siyasi həyatımızda onun əvəzsiz payı var, bu gün ölkəmizin siyasi kursunu onun yetirmələri təyin edir. Hüquq sahəsində əldə etdiyimiz uğurlar Bakı Dövlət Universiteti ilə bağlıdır. Hüquqi dövlət quruculuğu, hüquq təminatı, dövlətin və insanın hüququ və sosial müdafiəsi mənim universitetimin elmi tədrisi nəticəsində formalaşıb. Elmi kadrlar hazırlamaqla akademiyaya, akademik elmə təkan verib, yazıçılar, şairlər yetişdirib, bütün elm sahələrinə ciddi təsir göstərib. Respublika jurnalistlərinin böyük hissəsi Bakı Dövlət Universitetinin tələbələridir. Bütün prokurorların, hüquq və mühafizə işçilərinin diplomunda mənim universitetimin adı var. Mənsə hər gün çıxdığım pilləkənlərin sayını artırmağını görürəm, hər addımımda bir qürur duyuram. Mənim universitetim günü-gündən böyüyür, tələbələri böyüyür, elmi düşüncəsi böyüyür və beləliklə, dünyaya çıxış yollarımız böyüyür.

Heydər Əliyev həmişə dövlətin qan dövranı hesab etdiyi sahələri istedadına, qabiliyyətinə və layiqli dövlət adamı olduğuna inandığı adamlara etibar edib. Bu məsələ asanlıqla və təsadüfən həll olunmur. Dərin erudisiyası ilə insanları seçə bilən ulu öndər məhz Bakı Dövlət Universitetinə Abel Məhərrəmov kimi bir alimi seçdi. Vaxt keçdikcə onun inamı öz təsdiqini tapdı. Abel Məhərrəmov elmin yollarında öz zəhməti ilə addımlayan aydın bir elm adamıdır. Həm dövlət, həm də sadə xalq adamıdır. O, böyük bir təhsil mərkəzinə yüksək səviyyədə rəhbərlik edərək layiqli bir dövlət adamı, inam, etibar, elm adamı olmağını sübut etdi. Abel Məhərrəmovun titullarını saymaqla qurtarmaq olmaz. Bu barədə qəzetlər yazıb, televiziyalar dəfələrlə göstərib. Ancaq Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun heç bir yazıya gəlməyən elə xüsusiyyətləri var ki, onlar yazılmır. Yalnız belə anların şəklini çəkmək olar, dağın, bulağın, zirvənin şəklini çəkirmiş kimi.

Abel müəllim Bakı Dövlət Universitetin tədbirlərində istedadını hiss etdiyi hər tələbəni yanına çağırıb, gələcək həyat yolunu müəyyən etmək üçün dəyərli məsləhətlərini verib. O, min nəfərlik zalda da və otağında bir nəfər olanda da, həmişə səmimi və təbii danışıb. Təkcə bir nəfərə, iki nəfərə deyil, hər bir tələbəyə fərdi qaydada yanaşıb, qayğılarını öyrəndikdən sonra problemlərini həll eləyib. O, sadəliyi ilə bərabər ciddi və tələbkar bir insandır. Hamının dərdinə qalmaq istəyir, adi tələbənin də, aspirantın da, professorun da. Həmişə düşünmüşəm ki, həyatda iki cür müəllim var, daha doğrusu, iki cür rektor. İkisi də gözəl insandır. Birini işdə qoyub gələsən, birini isə özünlə gətirəsən. Özünlə gələn insan heç vaxt səni tək qoymaz. Lap uzaqda bir ölkədə və ya uzaq bir adada yaşa, həmin rektor, həmin insan yenə səninlə olub, sənə doğru, düzgün yol göstərəcəkdir. Abel müəllim belə bir insandır, səninlə gedən, səni tək qoymayan insan.

Bakı Dövlət Universitetində bütün tədbirlər çox maraqlı keçir, hətta fotoqrafdan tutmuş mikrofon qurucusuna qədər hamı maraq içində olur. Çünki bilirlər ki, Abel müəllim tək olmayacaq, Azərbaycanın tanınmış insanların hamısını universitetə qonaq dəvət edəcəkdir. Abel müəllim tanımağı və tanıtmağı sevən adamdır. Necə ki, Azərbaycan dövlətini sevən və qoruyan bir insan kimi Bakı Dövlət Universitetini bütün dünyaya tanıtdırır. Onun bütün ictimai, elmi siyasi fəaliyyətinin əsasında dövlətçilik, elmilik və Heydər Əliyev siyasəti dayanır. Məhz bunun nəticəsidir ki, Bakı Dövlət Universitetinin bütün dünya universitetləri arasında böyük nüfuzu var.

...Hərdən dünyanın gərdişindən və ya bir nadanın tufanından qorxmaq məcburiyyətində qalıram. Bəzən kimsəsiz olduğumu hiss edib doğma bir sözün istiliyinə sığınmaq istəyirəm. Elə ki, Bakı Dövlət Universitetinin həyətinə girdim, həyat üzümə gülür, burda həyat başqadır. Sevinən tələbələr, tələbələri qaçırdan zəng səsi, ağacların uşaqlar kimi atılıb-düşməsi auditoriyalar, pilləkənlər və pilləkənlərdə 96 ilin addım səslərinin harmoniyası. Deyirəm, həyat, sən nə şirinsən. Bir də görürəm ki, rektorumuz universitetin həyətində ağaclara qulluq edən bağbanlarla söhbət edir. Tələbələri yanına çağırır, problemləri ilə maraqlanır, xəbərdar olur, kömək edir. Sonra tələbələrlə şəkil çəkdirir və gedir. Mən onun addımlarına baxıram və düşünürəm ki, universitet o addım səslərini heç vaxt unutmayacaq. Çünki bu addımların hər birində bir təkan ömrü yaşayır.

Kəramət BÖYÜKÇÖL

 





25.05.2015    çap et  çap et