525.Az

İsfəndiyar Vahabzadə: “Diplomatiya yalnız gücə söykənəndə silahdır..."


 

İsfəndiyar Vahabzadə: “Diplomatiya yalnız gücə söykənəndə silahdır..."<b style="color:red"></b>

Səfir bir ölkəni başqa bir ölkədə təmsil edir. Onun diplomatik hazırlığı, peşəkarlığı, ləyaqəti, biliyi və qətiyyəti, baş verən ictimai-siyasi proseslərə milli maraqlardan çıxış edərək vaxtında münasibət bildirməsi böyük elçinin fəaliyyətinə verilən qiyməti müəyyənləşdirir. Qədim diplomatiya tariximizlə öyünərək qeyd etmək olar ki, müstəqilliyin yenidən bərpasında ötən 23 il ərzində sanballı diplomatlarımız yetişmişdir.

Səfir İsfəndiyar Vahabzadə məhz belə diplomatlardan biridir. Bu, illərlə ictimai-siyasi mövzularda yazan, diplomatik fəaliyyətlə bağlı informasiya bankında kifayət qədər məlumatı olan bir jurnalistin qənaəti deyil.

Səfir Azərbaycanı hansı ölkədə təmsil edibsə, həmişə həmin ölkənin siyasi rəhbərliyinin rəğbətini qazanıb, peşəkarlığı və qətiyyəti ilə seçilənlər sırasında olub. Zəngin biliyə malik olan səfir həm də bir elm adamı kimi fəaliyyət göstərdiyi ölkələrdə elmi və mədəni ictimaiyyətin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndəliklərinin, habelə beyin mərkəzlərinin diqqətini çəkib. O, bir çox mükafatlara layiq görülüb.

Bu yaxınlarda Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə Belarus Yazıçılar Birliyinin  qərarı ilə iki ölkə arasında elmi-mədəni əlaqələrinin genişləndirilməsinə verdiyi töhfəyə, Belarus ədəbiyyatının görkəmli nümayəndələrindən etdiyi tərcümələrə, habelə “Sovet dövründə Qafqaz ədəbiyyatşünaslığı” mövzusunda oxuduğu sanballı mühazirələrə görə Belarus Yazıçılar Birliyinin Fəxri fərmanına, Qızıl Qələm ordeninə layiq görülüb. Belarus Yazıçılar Birliyinin sədri Nikolay İvanoviç Çerginets səfirin ünvanına səmimiyyətlə dolu bir məktub göndərib. Təqdirəlayiq haldır. Biz də təbrik edirik.  Ümid edirik ki, bənzər mükafatların davamı olacaq.

Məlumat üçün qeyd edək ki, səfirin diplomatiya yolu hələ Sovet dövründə Əfqanıstanda başlamış, sonradan Avropaya uzanmış, indi də MDB məkanında davam edir. Bu yol keşməkeşlidir, ancaq şərəflidir.

Bu yola səfiri uğurlayan möhtərəm prezidentimizdir. Ona görə də səfirin çiyinlərindəki məsuliyyət yükünün ağırlığını kəsdirmək olar.

İsfəndiyar Vahabzadə Namiq Kamalın “Şəhidlik son rütbəsidir əsgərin” misrasını özünəməxsus təhlil edərək deyir: “Şəhidlik həm də diplomatın son rütbəsidir”. Diplomat da bir əsgər kimi ölkəsinin milli maraqları, vətəni üçün vuruşmalıdır. Bu vuruşma bir qədər fərqlidir. O, diplomatiyanın döyüş meydanında gedir.Məğlubiyyət yolverilməzdir, xüsusilə də indiki zamanda. Son 80-100 il ərzində Azərbaycanın nə qədər görkəmli dövlət və ictimai-siyasi xadimləri, 100-ə yaxın türk diplomatı erməni terrorunun qurbanı olub. Bu gün də nə Azərbaycan nə də türk diplomatları terror təhlükəsindən sığortalanmayıb.

Dünya ikili standartların əzabını çəkməkdə, faciəsini yaşamaqdadır. Demokratiya da, insan haqları və azadlıqları da, söz və vicdan azadlığı da bəzi dairələr, beynəlxalq təşkilatlar, dövlətlər üçün öz çıxarları naminə çoxdan alver predmetinə çevrilib. Buna canlı sübut Dağlıq Qarabağ münaqişəsinə dünyanın aparıcı güclərinin göstərdiyi qeyri-obyektiv, ədalətsiz münasibətdir. Ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə, Azərbaycan ordusu daha da gücləndikcə prezident İlham Əliyevin ölkənin milli maraqlarına söykənən alternativsiz siyasəti daha çox uğur gətirir. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də tarixi bir hadisədir. Bu oyunların keçirilməsinə mane olmaq istəyənləri də, qara yaxmaq kampaniyasının aparıcı oyunçularını da görmək üçün böyük ekspert olmağa da ehtiyac yoxdur. Lakin zaman dəyişib.

Respublikamız möhtərəm prezidentimizin timsalında nüfuz və qətiyyət ortaya qoyub.  Respublikamız  beynəlxalq aləmdə illər öncə olduğu kimi təklənmiş durumda deyil. Onun strateji müttəfiqləri də var, qarşılıqlı iqtisadi əməkdaşlıqdan bəhrələnən tərəfdaşları da. İndi Azərbaycan kifayət qədər güclü bir dövlətdir. Diplomatiya isə yalnız gücə söykənəndə silahdır. Ayrı halda o, boş-boş danışmaqdan başqa bir şey deyil. İndi torpaqlarımızı işğal etmiş Ermənistan da, onun havadarları da Azərbaycanın günbəgün artan gücünün fərqindədirlər. Heç kəsdə şübhə yoxdur ki,  gec-tez erməni işğalçıları torpaqlarımızdan süpürülüb atılacaqdır”.

Cənab səfiri yaxından tanıyanlar yaxşı bilir ki, o, iliyinə qədər milli və milliyyətçi diplomatdır. On ildən çox bir zaman kəsiyində böyük zəhmət hesabına  araya-ərsəyə gətirdiyi “Diplomatiya tariximiz” bu sahə ilə maraqlananlar üçün çox qiymətli bir əsərdir. “Diplomatik savaşda heç vaxt müdafiədə oynamaq olmaz”-deyir İsfəndiyar Vahabzadə. Üstəlik, həm də ədalət sənin dövlətinin və xalqının yanında olanda. Biz nədən və niyə çəkinməliyik? İşğalçı da Ermənistandır, terrorçu da Ermənistan. Bir milyondan çox qaçqının hüquq və azadlıqlarının qorunmasında “ədalət carçıları” nə vaxt ədalətli danışacaqlar? Belə olan halda Azərbaycan diplomatiyasının üzərinə beş qat-on qat artıq yük düşür. Mən təkcə Azərbaycanda yox, bütövlükdə Cənubi Qafqazda və Türkiyədə zaman-zaman tüğyan edən erməni faşizmi nədən layiq olduğu səviyyədə ifşa etməməliyəm?- sualına elə özü də bir qədər əsəbi formada cavab verir.

İsfəndiyar Vahabzadə diplomatik yükünün ağırlığına baxmayaraq vaxtaşırı olaraq Balarusun aparıcı qəzetlərində- “Minskaya pravda”, “Sem dney”, “Literatura, iskustvo i mastastvo”da çıxış edir. O, eyni zamanda, Minsk Pedaqoji Universitetində mühazirələr oxuyur. “Bu qədər ağır yükün altına girməyə çoxmu ehtiyac var?-deyə  səbəbini soruşanda isə deyir ki, çox ehtiyac var, lap çox. Mənim borcum Belarus ictimaiyyətinə, elm və mədəniyyət adamlarına, tələbələrə Qarabağ həqiqətlərini çatdırmaqdır. Ermənilər yüz illər boyu yalan üfürərək Azərbaycan və bütövlükdə türk dünyası üzərində qatı bir duman yaratmışlar.

Biz həmin dumanı dağıtmalıyıq. Çətindir, ancaq mümkündür.

İsfəndiyar Vahabzadəni otuz ildən çox bir müddətdə tanımayan bir jurnalist kimi qeyd etmək istəyirəm ki, o həm də inadından dönməyən, dövləti və milləti üçün həyatını qurban verə bilən, cəsarətli bir diplomatdır.
Nəyi necə etməyin üsulunu yaxşı bilir.

Minskdə çalışan azərbaycanlı iş adamlarından biri mənə söylədi ki, Xocalı faciəsinin ildönümündə Ermənistanın Belarusdakı Səfirliyinin önünə qara çələng qoyulub. Bunu görən ermənilər dərhal səfir İsfəndiyar Vahabzadədən şübhələniblər. Diplomatik kanallarla ermənilərin bu fikri səfirə çatdırılıb. Səfir də əvəzində cavab verib ki, böyük bir şəhəri yer üzündən silən, günahsız adamları, qocaları və körpə uşaqları vəhşicəsinə qətlə yetirən bir dövlətin nümayəndəliyinin önünə tər bənövşələr qoyulmayacaqdı ki?... Əgər ədalətin-haqqın yanında olan gənclər, Belarus vətəndaşları belə bir addım atıblarsa Xocalı faciəsi qurbanlarının yaxınları adından onlara təşəkkür edirəm. Belə və bənzər hadisələr səfirin diplomat həyatında müxtəlif formalarda həmişə təzahür edib.  

İsfəndiyar Vahabzadə həm də bir sanballı ədəbiyyat adamı olduğundan tərcümə ilə də məşğul olur. O, görkəmli Belarus şairi Yanka Kupalanın bir çox şeirlərini Azərbaycan dilinə tərcümə edərək çapa hazırlayıb.
Cəmi 60 il yaşayan Yanka Kupala öz şeirlərində repressiya illərinin dəhşətlərini, sosialist inqilabının vəd etdiyi səadət əvəzinə Belarus xalqının gördüyü bədbəxtliyi böyük orijinallıqla təsvir edib. Həmin şeirlərdən bir neçəsini İsfəndiyar Vahabzadənin tərcüməsində “525-ci qəzet”in oxucularına təqdim edirik.

Yanka KUPALA

Ulduzlar
 
Ulduzlar havada sayrışan zaman,
Mən evdən çıxıram seyr etmək üçün.
Başımın üstündə cəmi dörd ulduz,
Sayrışır - sayrışır mənə baxaraq.
Kədərlə üzümə baxırlar mənim
Kədərlə göz vurub gülümsəyərək.

lll

Birinci ulduzum atamdır mənim,
Aydındır yoluma düşən işıqla.
İkinci ulduzum anamdır mənim,
Danışmır qəmini gizlətmək üçün.
Üçüncü ulduzum mənim özümdür,
İşıqlı deyiləm, aydın deyiləm
Sabahım qaranlıq, taleyimsə sərt
Dördüncü ulduzum xalqımdır mənim,
Torpağım, vətənim, dilimdir mənim.
     
lll

Birinci ulduzum tez söndü qəfil,
Ulduzlar içində itib yox oldu.
İkinci ulduzum sönmək üzrədir,
Zəif şölələri közərir sanki.
Üçüncü ulduzum sönür - işarır
Tezliklə sönəcək o da yəqin ki.
Dördüncü ulduzum yanır, yanacaq,
İşığı get - gedə artacaq həmən
İşığı daima qalacaq onun.

Kədərliyəm, ya Rəbbim!

a Rəbbim, kədərdir mənim ətrafım,
Hara baxıramsa kədər görürəm, hara baxıramsa qüssə görürəm,
Bilirəm xoşbəxtlik uzaqlardadır,
Bilirəm səadət ulduzlar qədər məndən uzaqdır
Görürəm qaranlıq tərk etmir məni,
Qaranlıq içində boğuluram mən.
Mənim gəncliyimi didib dağıdıb,
məhv edib bütün.
Görürəm qismətə inanmaq çətin -
Sən demə, xoşbəxtlik dünəndə qalıb.
Mənim sabahlarım dünəndə qalıb,
Arzularımtək.
Sən demə, vaxtı ilə mənim payıma
səadət düşüb
Bilməmişəm mən.
Xərclənib qurtarıb heç nə qalmayıb,
Bitmiş səadətlə yaşamaq çətin
Sevincsiz yaşamaq ondan da çətin.

Xoşbəxtlik

Bir zamanlar məndə gənc idim, cavan idim,
Kasıb idim neyləyim?
Kədərimlə, qəmimlə hamıdan varlı idim
Gün çıxardı hər yana,
Mən kölgədə qalardım
İsitməzdi şüası, nə məni nə ailəmi.
lll
Anam çöldə əkində biçində çalışardı,
Atam gecəyə qədər əlləşib vuruşardı.
Səadəti axtarıb ardıyca hey qaçardıq
İndi isə biz çatmışıq
Həmişə arzusunda olduğumuz günlərə
Patefon bir tərəfdə, radio digər tərəfdə
Xoşbəxtəmmi?
Bilmirəm.
Həmişə arzusunda olduğum o günlərə
Çatmaq səadət deyil.
Səadətim yenə də kölgədə qalıb mənim
Məni isitmir yenə.
Ah... Xoşbəxtlik, səadət,
Sən əlçatmaz zirvəsən.

Belarus dilindən çevirəni:
İsfəndiyar VAHABZADƏ

 





25.05.2015    çap et  çap et