525.Az

Riqa sammitində Azərbaycan hədəf kimi


 

NİLS MUJNİEKS GİROVLARLA BAĞLI MƏSƏLƏDƏ ERMƏNİLƏRƏ HAQQ QAZANDIRMAĞA ÇALIŞIB

Riqa sammitində Azərbaycan hədəf kimi<b style="color:red"></b>

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində baş tutan Riqa sammiti Rusiya qədər Azərbaycana qarşı da xoşagəlməz, riyakar, qərəzli bəyanatlarla yadda qalıb.
 
Sanki Rusiya Ukraynanın ərazi bütövlüyünü pozduğu kimi Azərbaycan da Ermənistanın “torpaqları”nı əlindən alıb, onlara qarşı “təcavüz” törədib. Halbuki dünya birliyinin qətnamələrlə təsdiq etdiyi, tanıdığı Dağlıq Qarabağ torpaqları ilə yanaşı sənəd və faktlarla sübut olunur ki, Ermənistanın dövlət qurduğu İrəvan, Zəngəzur, Göyçə bölgələri də əzəli Azərbaycan torpaqlarıdır. Latviyada baş tutan zirvə toplantısında isə yeri gəlsə bu kimi məsələlər qabardılmaqdansa, müəyyən ermənipərəsət qüvvələrin tapşırıqları, sifarişləri əsasında tədbirə qatılan avropalı komissarlar, rəsmilər, hüquq institutu və instansiyalarının rəhbərləri növbəti dəfə Azərbaycanda insan hüquqlarının pozulması məsələsini süni şəkildə ortaya atıblar.

Qərb insan haqlarını siyasi predmetə çevirib 

Hələ sammitdən bir gün öncə baş tutan mətbuat konfransında Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks və ATƏT-in Media ofisinin rəhbəri Dunya Miyatovic riyakarlıq edərək Azərbaycanda demokratiyanın vəziyyətindən ciddi narahat olduqlarını bildiriblər. Guya Qərb və Amerika dairələri hazırladıqları standart və qərəzli hesabatları himayə etdikləri hüquq təşkilatları vasitəsilə hədəfə aldığı dövlətlərə tuşlayıb onların daxili işlərinə qarışaraq müsbətə doğru nəsə dəyişə biliblər. Bu gün xarici qüvvələrin əli dəydiyi Yaxın Şərq və keçmiş Sovet dövlətlərində vəziyyət son dərəcə acınacaqlı istiqamət alıb. Moldova, Gürcüstan, Ukraynada münaqişələr həll olunmur, İraq, Əfqanıstan, Suriya, Yəmən və digər müsəlman dövlətlərində müharibələr, qarşıdurmalar səngimək bilmir. Bütün bunlar Qərbin yürütdüyü siyasətin əsl iç üzünü, mahiyyətini ortaya qoyur.

Haqqında söhbət açdığım Nil Mujnieks Azərbaycanda baş verən hadisələr barədə kifayət qədər məlumatlı olduğunu deyərək, rəsmi Bakını daha məsuliyyətli olmağa çağırsa da, Ermənistan tərəfindən girov götürülən iki azərbaycanlı ilə bağlı məsələdə özünü xəbərsiz kimi göstərərək, mövcud hadisəyə “siyasi məsələ” deyib üstündən keçmək istəyib. Bu o deməkdir ki, azərbaycanlı girovlar - Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi Qərbin siyasi dairələrini zərrə qədər maraqlandırmır. Onlar daha çox Azərbaycanı tənqid etmək üçün əsassız material toplamaqla məşğul olurlar. Eyni zamanda, Mujnieks bununla təmsil etdiyi qurumun və dövlətin insan həyatını siyasətə qurban verməyə qadir olduğunu və fundamental haqların onlar üçün sadəcə siyasi təzyiq predmeti kimi istifadə etdiyini göstərib.

Riqa sammitində Sarkisyan ənənəvi ampluasında

Ona görə də, avropalı və amerikalı diplomatların diqqətinə çatdırmaq lazımdır ki, Ermənistan prezindenti Serj Sarkisyan Xocalı soyqırımını törətdiklərini boynuna alır, “fəxrlə” terror aktında iştirak etdiyini, əlini dinc azərbaycanlıların qanına batırdığını etiraf edir, lakin bu beynəlxalq dairələrdə ciddi müzakirə mövzusuna çevrilmir.

O cümlədən, işğalçı ölkənin rəhbəri öz dili ilə deyir ki, Ağdam və digər Dağlıq Qarabağ ətrafındakı torpaqlar onların deyil (Red: ermənilərin uydurma iddiası yalnız Dağlıq Qarabağdır), bəs necə olur ki, həmin torpaqlar Ermənistan qoşunlarının nəzarəti altında olur? Əslində bu faktlardan biri kifayət edir ki, Serj Sarkisyan və onun cinayətkar dəstəsi beynəlxalq məhkəməyə verilərək, cinayət məsuliyyətinə cəlb edilsin. Bunun əvəzində isə Sarkisyan Riqa sammitinin ali tribunasından dünyaya “haqq-ədalət” “dərsi” keçir, Azərbaycana qarşı sərsəm iddialar və ittihamlarla çıxış edir.

Ermənistan prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsi regional və Avropanın təhlükəsizliyi üçün ciddi məsələ olaraq qalır. O ənənəvi ampluasında çıxış edərək Qarabağ probleminin həll edilməməsinə görə Azərbaycanı təqsirləndirib. 

Ermənistan prezidenti Avropanı Azərbaycana qarşı səsləyən sərsəm bəyanat da verib: “Azərbaycanın addımları region üçün təhlükəlidir. Bu, Avropa partnyorları tərəfindən cavabsız qalmamalıdır. Mən beynəlxalq aləmi Azərbaycanın addımlarına təslim olmamağa çağırıram”.

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev isə deyib ki, Serj Sarkisyan həmişə olduğu kimi Riqa sammitində də Azərbaycana ittihamlar yağdırıb müxtəlif yollarla özünü təmizə çıxarmağa çalışaraq Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll etmək istəyir.

Onun sözlərinə görə, dünya ictimaiyyəti əsl həqiqətləri yaxşı bilir: “Ermənistanın Azərbaycana təcavüz etməsi, 20 faiz torpağını işğal etməsi, soyqırım aktları törətməsi dünya birliyinə məlumdur. Ermənipərəst qüvvələr isə onların mövqeyini dəstəkləməyə, Azərbaycana qarşı qərəzli çıxışlar etməyə, anti-təbliğat aparmağa davam edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi  Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapa bilər”.

Qeyd edək ki, Riqada keçirilən sammitin bəyannamə layihəsində Ermənistan, Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukraynanın Avropa İttifaqına daxil olma ehtimalı ilə bağlı fikir yoxdur. Əvəzində isə ittifaq proqram ölkələriylə razılaşma imzalayaraq onlara bir sıra öhdəlikləri qəbul etdirməyə çalışır. Yəni, tərəfdaşlıq böyük ölçüdə ikitərəfli deyil, birtərəfli - Avropa İttifaqının maraqlarına xidmət edir. Çünki dünya birliyinə sürətli inteqrasiya yolunu tutan Azərbaycanın perpektivində ittifaqa üzv olmaq ehtimalı qalmır.

Qurumun təkid etdiyi öhdəliklər isə region ölkələri ilə Rusiya arasında gərginliyin artırılmasına hesablanıb.

Xatırlatmaq lazımdır ki, bundan əvvəl Avropa İttifaqı ilə assosiativ razılığa gələn Moldova, Gürcüstan və Ukrayna Qərblə tərəfdaşlıqdan xeyirli deyil, kifayət qədər ziyanlı çıxmağa məcbur olub.

“Sarkisyanın ədalətdən danışmağa mənəvi haqqı çatmır” 

Milli QHT Forumunun prezidenti  Rauf Zeyni hesab edir ki, Riqa sammitində Sarkisyanın məsuliyyətsiz bəyanatlarla çıxış etməsi təəccüblü hadisə deyil:

“Ermənistanın rəhbərliyi dəfələrlə bu cür əsassız, sərsəm açıqlamalar veriblər. Dünya ictimaiyyətini aldatmağa çalışan, saysız-hesabsız soyqırım aktları törətməsinə rəğmən utanmadan, çəkinmədən haqq-ədalətdən danışan Ermənistan hakimiyyəti indi də öz riyakar çıxışlarını davam etdirirlər. Regiondan təhlükə mənbəyi ola-ola, sülhə, sabitliyə, perspektiv inkişafa mane olan, Ermənistan həyasız səviyyədə çalışır ki, bütün bu kimi məsələri Azərbaycanın üzərinə yıxsın. Bu həyasızlığın ən pik göstəricisidir”.

Azərbaycanın bu gün qlobal müstəvidə tolerantlıq, kültür, düşüncə mərkəzi, idman ölkəsi rolunu oynadığını xatırladan R.Zeyni qeyd edib ki, dəfələrlə ölkəmiz beynəlxalq miqyaslı siyasi forumlara ev sahibliyi edib, hazırda da dünyanın aparıcı dövlətlərinin rəhbərləri, yüksək çinli rəsmiləri Azərbaycana yığışaraq bir sıra qlobal məsələləri müzakirə edir, iqtisadi böhrandan və digər problemlərdən çıxış yolları axtarırlar:

“Dünya ictimaiyyəti bunun şahididir. Onlar Ermənistanda yığışıb bu barədə müzakirə aparmırlar. Ona görə də, işğalçı ölkə tərəfindən belə bir bəyanat vermək üçün məsuliyyət hissini, normal düşüncə qabiliyyətini itirmək lazımdır.

Azərbaycan ictimaiyyətinin fikri belədir ki, əgər Ermənistan öz ölkəsini, xalqını xilas etmək istəyirsə, bu cür məsuliyyətsiz bəyanatlardan, riyakar çıxışlardan əl çəkib konstruktiv düşüncəyə gələrək işğal etdiyi Dağlıq Qarabağ torpaqlarından öz ordusunu çıxarmalı, bundan sonra gedib hansısa demokratik dəyərlərdən danışmağa başlamalıdır. Halbuki onların beynəlxalq hüquq normalarından, bəşəri dəyərlərdən danışmağa mənəvi haqqı çatmır. Vətəndaş cəmiyyəti Ermənistan rəhbərinin bu cür çıxışlarından son dərəcə hiddətlənib. Biz dünya ictimaiyyətinə bir daha bəyan edirik ki, anti-terror koalisiyası kimi, anti-işğal koalisiyası da yaradıb təcavüzkarları öz yerində oturtsunlar”.

Azərbaycanın Avropa Parlamentindəki nümayəndəsi, millət vəkili Fuad Muradov bildirib ki, bütün bunlar Azərbaycana qarşı şər, böhtan kampaniyasının davam etdiyini göstərir.
 
O “SİA”ya açıqlama verib ki, əsas diqqət çəkən məsələ Nils Mujnieksin “mənim tərəfdaşlarım” ifadəsi işlətməsidir:

“Belə çıxır ki, Nils Mujnieksin Azərbaycanda öz siyası adamları var. Əslində komissar bu danışığı ilə özünün iç üzünü açıb. Doğrudan da, Nils Mujnieks bu sözləri söyləyibsə, məntiqlə onun barəsində iki fikir yürütmək olar: Ya həqiqətən onun ruhi problemi var, ya da Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin ön sırasında dayanır. Biz Avropa Şurası daxil olmaqla bütün beynəlxalq qurumlar qarşısında öz doğma torpaqlarına, ata-babalarının qəbrini ziyatərə gedən məcburi köçkünlər, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülüb insanlığa sığmayan işgəncələrə məruz qaldığı barədə nəinki məlumat vermişik, onların azad olunması üçün dəfələrlə müraciət etmişik.

Ermənistanın bütün beynəlxalq konvensiyaları pozduğunu diqqətə çatdırmışıq. Bu günə qədər onlardan birinin, elə konkret olaraq Avropa Şurasının İnsan Hüquqları üzrə kommisarından bir reaksiya yoxdur. Bu da onu göstərir ki, belələrini insan hüquqlarının pozulması maraqlandırmır. Onlar yalnız öz məqsədləri naminə addımlar atırlar”.

Millət vəkili qeyd edib ki, bu gün Ermənistanda və Gürcüstanda hakimiyyətə siyasi opponentlik edən qüvvələr həbsdədir:

“Demək ki, Avropa Şurasının insan hüquqları üzrə komissarlığı üçün bu məsələ maraqlı deyil. Elə olsaydı, bu məqama da toxunardılar. Cənubi Qafqaz deyəndə yalnız Azərbaycan yada düşür. Bunun səbəbi çox sadə və hər kəs üçün aydın məsələdir. Çünki Azərbaycan bütün sahələr üzrə nəinki Cənubi Qafqazda liderdir, keçmış MDB məkanında öndə gedən ölkələr sırasındadır. Əsas isə odur ki, Azərbaycan xarici siyasətində yalnız milli maraqlara xidmət edən addımlar atır, ətraf amilləri, təzyiqləri nəzərə almır. Bu da görünür Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının xoşuna gəlmir.

Hesab edirəm ki, Azərbaycan düz yoldadır. Bizi bu yoldan heç bir qüvvə çəkindirə bilməz. Əminəm ki, yaxın zamanlarda Azərbaycana qarşı şər, böhtan kampaniyası aparanlar səhvlərini anlayacaqlar”.

Ceyhun  ABASOV

 





23.05.2015    çap et  çap et