525.Az

Kino xadimi Valeri Kərimov anılacaq


 

Kino xadimi Valeri Kərimov anılacaq<b style="color:red"></b>

Mayın 27-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru, Əməkdar incəsənət xadimi Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Film Fondundan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə keçiriləcək tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

V.Kərimov professional kinooperator kimi 30-dək film çəkib. O, çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib, xalqımızın adət-ənənəsini qabarıq şəkildə göstərməyə çalışıb.

O, bir neçə il kinostudiyada işıqçı, operator assistenti işləyib, 60-cı illərin sonunda Moskvaya gedərək Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə qəbul olunub.

Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmidir. Elə həmin il operator “Ömrün səhifələri” kinoalmanaxında iki novellanı - “Baladadaşın ilk məhəbbəti” və “Nəğmə dərsi”ni lentə alıb.

V.Kərimov özünü rejissor kimi də sınayıb və “Həmyerli” bədii filminə quruluş verib.

 





23.05.2015    çap et  çap et