525.Az

İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri


 

İstiqlal yolunun şanlı mücahidləri - <b style="color:red">Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri</b>

(Əvvəli ötən sayımızda)

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun mütəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası  - Xalq Cümhuriyyəti elan edildi.

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar. Xalqa və dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat və fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır.   

Rəşid xan Qaplanov

Rəşid xan Qaplanov  1883-cü ildə Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndində anadan olub. O xalqımızın görkəmli siyasi və dövlət xadimi olub. Milliyyətcə qumıqdır. Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbonna Universitetinin Hüquq fakültəsini bitirib. İstanbul Universitetinə dəvət olunan Rəşid bəy 1913-cü ilədək orada dərs demyib. Həmin il Vladiqafqaza qayıdıb, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışıb. Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak edib, burada yaranan Çərkəz-Dağıstan və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrini tutub.

Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçüb, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunub. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərində yeni məktəblər fəaliyyətə başlayıb. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından iştirak edib, eyni zamanda, burada “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs deyib.

Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumət kabinəsində Qaplanov maliyyə naziri təyin olunub, dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərib. İqtisadiyyatın inkişafı üçün bir sıra qərarlar verib. Belə ki, 1920-ci il fevralın əvvəllində Bakı bonlarının Zaqafqaziya pullarına dəyişdirilməsini dayandırmaq barədə qərar verib. Qərara əsasən, “500 manat” dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılıb. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardır. Aprel işğalından (1920) bir həftə əvvəl Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam verib.

Aprel işğalından sonra, 1920-ci ilin iyununda Qaplanov Bakıda həbs olunaraq, əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərilib. Moskvadakı Şərq Xalqları Universitetində “Osmanlı imperiyası tarixi”ndən dərs deyib, eyni zamanda, vəkil kimi özəl fəaliyyət göstərib. R.Qaplanov repressiyaya məruz qalıb və 1937-ci ildə güllələnib.

Qara bəy Qarabəyli 

İctimai-siyasi xadim, həkim, publisist, dilçi-lüğətçi, mühərrir Qara bəy Qarabəyli 1873-cü il yanvarın 14-də  Yelizavetpol quberniyasının Yuxarı Ayıblı kəndində anadan olub. İlk təhsilini Şəmkir alman-rus litseyində alıb. 1892-ci ildə Tiflis klassik gimnaziyasını bitirərək Moskva Universitetinin Tibb fakültəsinə daxil olub, burada 4 il təhsil aldıqdan sonra 1896-cı ildə siyasi fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib. Həbsdən azad olunduqdan sonra təhsilini Yuryev (Tartu) Universitetinin Tibb fakültəsində davam etdirib. Buranı bitirdikdən sonra iki il Moskvada işləyib. 1901-ci ildə Bakıya qayıdaraq, müstəqil həkimlik fəaliyyətinə başlayıb, şəhərdə ilk dəfə olaraq, zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb.

Birinci rus inqilabının təsiri ilə ictimai fəaliyyətə başlayan Qarabəyli 1905-ci ilin 15 avqustunda Nijni-Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının birinci qurultayında iştirak edib. “İttifaqi-müslimin” təşkilatının üzvü, Əhməd bəy Ağayevin “Difai” partiyasının rəhbərlərindən biri olub. Həmin dövrdən publisist kimi fəaliyyətə başlayıb. “Həyat”, “İrşad”, “Kaspi” və s. nəşrləri ilə əməkdaşlıq edib. Bəzi mənbələrdə Qarabəylinin “Hümmət” in yaradılmasında da iştirak etdiyi bildirilir. 1906-cı ildə o, İrana mühacirətə gedərək, inqilabi fəaliyyətini burada davam etdirib, Rəşt tutulduqdan sonra Avropaya mühacirət etmək məcburiyyətində qalıb. İki il sonra İstanbula gəlib, burada “Səadət” adlı təşkilat yaradıb.

Həmin il hakimiyyətə gələn “Gənc türklər” Qarabəyliyə vəzifə təklif etsələr də, o, bundan imtina edib. 1911-ci ildə Bakıya qayıdaraq, həkimlik və publisistik fəaliyyətini davam etdirib, “Haqq yolu” adlı jurnal buraxıb. Qarabəylinin fəaliyyəti bununla bitmir o, həmçinin, Azərbaycanda ilk ikicildlik türk-rus lüğətini nəşr etdirib. Birinci Dünya müharibəsinin (1914-18) başlanması ilə cəbhəyə yollanan Qarabəyli, rus ordusunun tərkibində müsəlmanlardan ibarət “Vəhşi diviziya”nın baş həkimi olub.

1917-ci il Fevral inqilabından sonra Bakıya qayıtdıqdan sonra, bir müddət “Kaspi” və “Yeni həyat” qəzetlərinin baş redaktoru olub. Mart soyqırımından sonra Bakını tərk etmək məcburiyyətində qalan Qarabəyli İmam Necməddin Qotsinskinin dəstələri ilə birlikdə Dağıstana gedib, bir müddət oradakı aullarda yaşayıb. 1918-ci il 15 sentyabrda Bakı azad edildikdən sonra vətənə qayıdan Qarabəyli Bakı bələdiyyəsi tərəfindən türk ordusu şəninə təşkil olunan tədbirlərin rəsmi rəhbəri təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə keçirilən əlavə seçkilərdə onun üzvü seçilib, “İttihad” partiyası rəhbərliyinin xahişi ilə bu partiyaya daxil olub, parlamentdə onun fraksiyasına rəhbərlik edib. 1919-cu ilin aprelində “İttihad” partiyasının sədri seçilib. Qarabəylinin bilavasitə rəhbərliyi sayəsində “İttihad”ın fəaliyyəti xeyli canlanıb və o, Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Müsavat”dan sonra ən güclü siyasi təşkilata çevrilib.

Aprel işğalından sonra Qarabəyli bir neçə dəfə həbs edilib, əvvəlcə Arxangelsk vilayətindəki Solovki həbs düşərgəsinə göndərilib. Nərimanovun xahişindən sonra Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə sürgündən azad olunub, Moskvaya köçərək, Rusiya Fövqəladə Komissarlığının (VÇK) xəstəxanasında həkim işləyib. Eyni zamanda, bir müddət Tibb İnstitutunda patoloji anatomiyadan dərs deyib, Kreml xəstəxanasına rəhbərlik edib. Bununla yanaşı, xalq komissarlığı Şurasının işlər idarəsində tərcüməçi olub. 1924-cü ildə Qırğızıstana köçərək, burada ilk mamalıq Tibb Texnikumunun əsasını qoyub. 1932-ci ildə

Qırğızıstanda ilk rentgeneloji kabinet təşkil edib. Sonra Özbəkistana gəlmək məcburiyyətində qalan Qarabəyli Səmərqənd xəstəxanasında baş həkimin müavini vəzifəsində işləyib. 1934-cü ildə gizli olaraq Bakıya gələrkən bir ermənini döydüyü üçün həbs edilib, həbsdən buraxıldıqdan sonra yenidən Səmərqəndə göndərilib. 1936-cı ildə Səmərqənddə vərəm sanatoriyasının baş həkimi işləyib. Lakin bir həkimin şikayət məktubu əsasında “pantürkist, panislamist” kimi həbs edilərək, 10 il müddətinə Kolımaya (Rusiya, Maqadan vilayəti) sürgün olunub. 1947-ci ildə Bakıya qayıtsa da, burada iş və qeydiyyat problemləri ilə üzləşdiyindən yenidən Səmərqəndə qayıdıb. 1953-cü ilin sentyabrında Səmərqənddə vəfat edib.

Sadıq bəy Ağabəyzadə

Sadıq bəy Ağabəyzadə  1865-ci ildə Göyçayda doğulub. Çar ordusunun general-mayoru, şərqşünas-alim kimi fəaliyyət göstərib. Orta təhsilini Bakı realni məktəbində alıb. 1886-cı ildə Konstantinovsk hərbi-piyada məktəbini bitirdikdən sonra Mixaylovsk artilleriya məktəbinin üçüncü kursuna dinləyici kimi daxil edilən Sadıq bəy buranı bitirdikdə podporuçik rütbəsi alıb. 1899-cu ildə Sankt-Peterburqda Hərbi Şərq Dilləri İnstitutunu bitirib. Ərəb, fars, polyak, fransız, rus və türk dillərini bilirdi.

S. Ağabəyzadə 1899-1913-cü illərdə Türküstan diyarının Aşqabad Qarnizonunda xidmət edib. Hərbi xidmətlə yanaşı elmi yaradıcılıqla məşğul olub, Sadıqbəy jurnallara ədəbi məqalələr göndərib, “Turkmenskiy razqovornik” kitabını nəşr etdirib. 1913-cü ildə general-mayor rütbəsi aldıqdan sonra təqaüdə çıxaraq Göyçaya gəlib. Burada məktəb açmaq istəyib, ancaq rus-alman müharibəsinin başlanması ilə əlaqədar orduya çağırılıb. Daha dörd il xidmət edib Göyçaya qayıdıb.

Azərbaycanın müstəqilliyi  elan edildikdən sonra S.Ağabəyzadə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirinin müavini təyin olunub. Nazir olduğu müddətdə də ölkənin inkişafı, xalqın maariflənməsi, rifahı üçün bir sıra işlər görüb.  1920-ci ildə Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən sonra Türkiyəyə gedərək bir müddət İstanbulda yaşayıb. Bundan bir il sonra Fransaya köçərək burada şərq dillərindən dərs deyib. 1927-ci ildə S. Ağabəyzadə Polşaya - Lvov universitetinə Şərq dilləri fakültəsinə professor kimi dəvət olunub. O, burada 17 il işləyərək 1944-cü ildə 79 yaşında vəfat edib. Ukraynanın Lvov şəhərində mərkəzi küçələrdən biri Sadıq bəy İsmayıl oğlu Ağabəyzadənin adınadır. Tanınmış Azərbaycan yazıçısı Əli Səmədli generalın həyatından bəhs edən “İki ömür yaşamış insan” adlı sənədli povest yazıb.

(Ardı var)

Samirə QULİYEVA

 





23.05.2015    çap et  çap et