525.Az

"Mentalitetimizlə bağlı təhlükəli vərdişlərdən yaxa qurtarmalıyıq"


 

"Mentalitetimizlə bağlı təhlükəli vərdişlərdən yaxa qurtarmalıyıq"<b style="color:red"></b>

Artıq bir neçə aydır ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə paytaxtın 20-dən çox mərkəzi küçə və prospektində avtomobil saxlanmasına qadağa qoyulub. Dövlət Yol Polis İdarəsi avtomobil yollarının keçid hissəsini park etmək üçün qanunsuz istifadə edənlərə qarşı da, qadağan edilmiş yerlərdə avtomobil saxlayan sürücülər barəsində də inzibati cəza tədbirləri həyata keçirir. Amma aydın məsələdir ki, cəza tətbiq etməklə bu problemi aradan qaldırmaq mümkün deyil. Bakı şəhərinin bütün inzibati küçə və prospektlərinin yol polisləri tərəfindən gecə-gündüz nəzarətdə saxlanılması fiziki baxımdan qeyri-mümkündür. Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov da bizə verdiyi müsahibəsində bu və yol hərəkət qaydalarının pozulması ilə bağlı digər maraqlı məqamlar barəsində danışıb. 

- İlin əvvəlindən bu günədək 286 yol qəza hadisəsi baş verib. Onlardan 92-i ölüm, 327-si xəsarətlə nəticələnib. Təhlil edəndə görürürk ki, əvvəlki statistika ilə müqayisədə 2 ölüm halı azalıb. Amma əvəzində 19 yol qəza hadisəsi və 68 xəsarət faktı artıb. Bu, bizim üçün artıq həyəcan siqnalı olmalıdır. Araşdıranda görürük ki, səbəb sürücünün yol hərəkət qaydasını pozmasıdır. Ən çox rast gəlinən qayda pozuntusu sürət həddinin aşılması, piyadaların yolu təyin olunmayan yerlərdən keçmələri, təhlükəli manevretmə və s.dir.

İlin əvvəlindən bu günə qədər 290138 inzibati protokol tərtib etmişik. 5872 nəfər sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə, 5123 nəfər qırmızı işıqda yolu keçdiyinə, 3 min nəfərə yaxın şəxs sürət həddini aşdığına, 3860 ötmə manevretməyə, 56242 nəfər yol ayırıcını keçmə qaydalarını pozduğuna, 297 nəfər avtoxuliqanlığa görə cərimələnib.

- Vaqif müəllim, hansı növ parklamalar yanlış hesab olunur və hansı halda avtomobil cərimə meydançasına aparıla bilər?

- Bu gün paytaxtımızda avtomobil parklanması üçün hər cür şərait yaradılıb. Yaxın vaxtlaradək Bakının inzibati ərazisinə daxil olan küçə və prospektlərdə avtomobil park etmək üçün heç bir şərait yox idi. İndi paytaxtımızda 70-ə yaxın küçə və prospektdə hərəkəti tənzimləyən 300-dən artıq parkomatlar quraşdırılıb ki, bunun da nəticəsində avtomobillərin park edilməsinə tam şərait yaradıb. Eyni zamanda avtomobillərin park edilməsi üçün xeyli sayda yeraltı çoxmərtəbəli duracaqlar fəaliyyət göstərir. Şəhərin müxtəlif hissələrində - Heydər Əliyev sarayının arxası, Bülbül 9, Azadlıq meydanı, İstiqlaliyyət, Üzeyir Hacıbəyov, Azərbaycan küçələri, Kömürçü bazarı, Fransa səfirliyinin yanında müasir standartlara uyğun çoxmərtəbəli duracaqlar var. Axı nə üçün onlardan istifadə etməyək?! Bəziləri qiymətin baha olmasını bəhanə gətirir.

Necə olur axı maşın almağa pul var, benzinə pul var, maşına qulluq etməyə pul var, amma duracağa ödəməyə yoxdur?! Bunlar hamısı bəhanədir. Həmin adamlar sadəcə istəyir ki, maşınını evinin yanında saxlasınlar. Çünki onlara belə rahatdır. 

Bu cür düşünən sürücülər yol hərəkəti haqqında qanunun 52-53-cü maddələrinin tələblərini kobud şəkildə pozmuş olurlar. Belələrinin diqqətinə çatdırmaq istəyirəm ki, parkomat üçün pul ödənilsə belə sürücü parkomatların quraşdırıldığı əraziyə yaxın məsafələrdə ikinci cərgədə avtomobil saxlaya bilməz, buna görə inzibati məsuliyyət tətbiq olunur. Parkomatların quraşdırdığı yerlərdə avtomobillər həmin ərazidə park edilməni göstərən əlavə lövhəcikdə, lövhəcik yoxdursa, konkret səkiyə paralel şəkildə saxlamlıdır.

Parkomatlar ərazisində ikinci cərgədə və yaxud perpendikulyar şəkildə, hər hansı bucaq altında avtomobillərin saxlanılması inzibati məsuliyyət yaradır.

Qeyd edim ki, yolların hərəkət hissəsində ikinci cərgədə, yolların kəsişmə nöqtəsinə yaxın məsafələrdə, piyada səkilərində, zebra xətti üzərində, avtobus duracaqlarında avtomobillərin park edilməsinə görə sürücülər məsuliyyət daşıyır və yol hərəkəti haqqında qanunun tələbinə uyğun şəkildə cəzalandırılır. Bu zaman evakuator xidməti vasitəsilə həmin avtomobillər müvəqqəti mühafizə olunan dayanacaqlara daşınır.
Xatırladım ki, gün ərzində Bakı şəhər ərazisində reyd zamanı təxminən 50-yə yaxın avtomobil evakuasiya edilir. Sürücü yerində olduqda isə inzibati protokol yazılır. Bakı şəhəri üzrə gün ərzində təxminən 200-dən artıq sürücü məsuliyyətə cəlb edilir.

Evakuatorların hərəkət etmə imkanı olmayan ərazilərdə isə avtomobillər patrul maşınlarına quraşdırılmış port-kompyuterlər vasitəsilə həmin avtomobil sürücüsü barədə tədbir görülməsi üçün foto-material hazırlanır, hazırlanmış foto-material avtomobilin alın şüşəsində yerləşdirilir ki, sürücü yaxınlaşanda onu görə bilsin. Bəzən sürücülər əhəmiyyət vermədən onu kağız parçası kimi atır. Bu tamamilə yanlış addımdır. Onsuz da gec-tez qaydanı pozduqları üçün cəzalandırılacaqlar. Mən fürsətdən istifadə edib hər bir sürücünü nizam-intizama dəvət edirəm. Avtomobil park edərkən onları qaydalara riayət etməyə səsləyirəm.

- Bakıda tez-tez səkidə parklanan avtomobillərə rast gəlmək mümkündür. Bununla əlaqədar yol polisi hansı tədbirləri görür?

- Bu, bizim yaralı yerimizdir. Bəzən sürüclər bilmədim, görmədim, tələsirdim, adam gözləyirdim kimi bəhanələr gətirməklə məsuliyyətdən yayınmağa çalışırlar. Bir daha deyirəm ki, səkidə bir dəqiqəlik belə olsun kimisə gözləmək qayda pozuntusudur. Necə sürücü piyadadan onun yolunu kəsməməyi tələb edir, eləcə də piyada öz hüquqlarına hörmətlə yanaşmağı istəyir.

Son zamanlar paytaxtdakı inzibati küçə və prospektlər üzrə bəzi sürücülər yol polisinin ərazidə olmamasından istifadə edib istədikləri yerdə avtomobil park edirlər ki, bu da haqlı narazılıq yaradır. Biz gündən-günə inkişaf edən bir ölkədə yaşayırıq. Bir neçə həftədən sonra paytaxtımız I Avropa Oyunları kimi irimiqyaslı tədbirə ev sahibliyi edəcək. Bakıya xeyli sayda qonaqlar gələcək. Biz onlara yüksək mədəniyyətə sahib olduğumuzu nümayiş etdirməliyik. Burada gördükləri sayəsində onlarda Azərbaycan haqqında təsəvvür yaranacaq. Mən hər bir hərəkət iştirakçısını yol polisi olmadan öz hərəkətini tənzimləməyə dəvət edirəm.

- Şəhərin mərkəzində, xüsusən də Tolstoy, Qoqol, İ. Səfərli küçələrində yanlış parklamaya görə piyadalar yolun avtomobil üçün nəzərdə tutulmuş hissəsilə hərəkət etməli olurlar...

- Tamamilə düzgün qeyd edirsiniz. Məsələn, Tolstoy küçəsində səkinin eni bir metrdir. Amma baxanda görürsən ki, bu dar yolda bir neçə maşın dayanıb. Sözsüz ki, hər bir sürücü digərinə baxıb "ürəklənir". Amma birinin səhv etməsi o demək deyil ki, sən də həmin nöqsanı təkrarlayasan. Belə yollarda yol polisi dayananda hamı qaydaya riayət edir.
 
Əhəmiyyətli tədbirlə əlaqədar yol polisləri öz funksional vəzifəsini yerinə yetirmək üçün konkret əraziyə yollanıbsa, dərhal həmin yeri nəzarətsiz görən sürücülər özbaşınalığa başlayırlar. Belələri bilsinlər ki, yol hərəkəti haqqında qaydalar mövcuddur. Ərazidə polisin olub-olmamasından asılı olmayaraq, hər bir sürücü bu qaydalara əməl etməyə borcludur. Dövlətimizin bu gün yaratdığı şəraitdən hər bir hərəkət iştirakçısı bəhrələnir. Artıq ölkəyə gətirilən maşınların sayı və paytaxtda idarə edilən avtomobillərin göstəricisi onu deməyə əsas verir ki, hər səkkiz nəfərə bir avtomobil düşür. Bu avtomobilləri əldə etmək çox asan yolla həyata keçirilir. Vətəndaşlar onlar üçün yaradılmış imkanlardan yararlanıb avtomobil sahibi olurlar.

Əgər avtomobil sahibi ola bilirlərsə, zəhmət çəkib yol hərəkət qaydalarına da əməl etsinlər. Dayanma və durmanı qadağan edən nişan varsa, nə qədər vacib olursa-olsun, orada avtomobil saxlamaq olmaz.

Avtomobillər yalnız park edilməsi icazə verilən ərazilərdə dayandırılmalıdır. Piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə də avtomobil saxlamaq məsuliyyət yaradır. Bu da hər bir sürücünün hətta avtomobillərin park edilməsi üçün yer olmasa belə onun əməlinə bəraət qazandırmır.

- Bakıda taksilər üçün xüsusi yerlər var. Amma taksi sürücüləri avtomobillərini avtobus dayanacaqlarında park edirlər. Ümumiyyətlə taksilərlə bağlı şəhərdə reydlər nə qədər vaxtdan bir keçirilir?

- Yol hərəkəti ilə bağlı ən acınacaqlı hallardan biri də budur.  Avtobus duracağının zəbt edilməsi istənilən halda sürücünün yolun hərəkət hissəsində, ikinci cərgədə dayanmasına şərait yaradır. Sərnişinlərin avtobusa rahat minib düşməsinə maneə törədir. Hər halda ən kobud yol hərəkət qaydalarının pozulması kimi qiymətləndirilir. Avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən zəbt edilməsinə görə tətbiq edilən cərimə məbləği çox yüksəkdir. İlin əvvəlindən bu günədək avtobus duracaqlarının təmizlənməsi ilə bağlı taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı tətbiq etdiyimiz protokolların sayı onu deməyə əsas verir ki, bu sahə üzrə hər gün əməkdaşlarımız tədbir görürlər.

Təəssüflər olsun ki, eyni sürücünün eyni ərazidə müxtəlif vaxtlarda təkrarən, hətta 4-cü və 5-ci dəfə belə xətaya yol verdiyi üçün inzibati qaydada cəzalandırılmasının şahidi oluruq. Bu sahə üzrə Nəqliyyat Nazirliyinin əməkdaşları avtobus dayanacaqlarını nəzarətdə saxlasalar belə intizamsızlığa meylli olan bəzi taksi sürücüləri əməllərinə davam edirlər. Belə faktlara qarşı tərəfimizdən təsirli tədbirlər davam etdiriləcək. İstənilən halda bu məsələnin kökündən həll edilməsi üçün sərnişinlərin də, avtobus sürücülərinin də, piyadaların da üzərinə böyük vəzifə düşür.

İskəndər QULİYEV

 





22.05.2015    çap et  çap et