525.Az

İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri


 

İstiqlal yolunun şanlı mücahidləri - <b style="color:red">Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri</b>

(Əvvəli ötən sayımızda)

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb.

Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun mütəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası  - Xalq Cümhuriyyəti elan edildi.

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar. Xalqa və dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat və fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır. 

Xəlil bəy Xasməmmədov 

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimlərindən biri olan Xəlil bəy Xasməmmədov 1873-cü ildə Gəncədə anadan olub. Orta təhsilini Gəncə klassik gimnaziyasında alıb. Daha sonra Moskva Universitetinin Hüquq fakültəsini bitirib. Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləyib. "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olub. 1907-ci ildə  Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilib . Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olub, xalq azadlığı partiyasını təmsil edib. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam şəkildə qəbul etmirdilər. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırır və onun qanunvericilik yolu ilə keçirilməsini təklif edib. O zaman  3-cü Dövlət Dumasında Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi. O, Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyalarının üzvü idi. Xəlil bəy Xasməmmədov Qafqaz müsəlmanlarının mənafeyini müdafiə edərək Duma deputatlarına bəyan etmişdi ki, "dövlətimizin siyasi quruluşunun bu və ya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir".

Xasməmmədov Dumanın iki illik fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilməsi, onların maariflənməsi, rifahının yüksəldilməsi üçün heç bir iş görülmədiyini Duma üzvlərinin nəzərinə çatdırıb, kəndlilərin torpaq azlığından əziyyət çəkdiyini vurğulayıb.

Xasməmmədov Dumanın bütün fəaliyyəti dövründə ədalətli idarəçilik, yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfiyyət, seçki, dini etiqad, zemstvo idarələrinin tətbiqi, yerli məhkəmənin dəyişdirilməsi və s.məsələlər üzrə çıxış edib. Xalq təhsili məsələləri barədə çıxışlarında Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsili müdafiə etsə də, "dövlət dilini bilməyi zəruri" sayırdı. Xasməmmədov Zaqafqaziya  seminariyası Azərbaycan şöbəsinin Yelizavetpola köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifi Nazirliyi qarşısında vəsatət qaldırıb. O, 1911-ci il noyabrın 30-da hərbi mükəlləfiyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb edib.

Xasməmmədov  1913-1917-ci illərdə Yelizavetpol şəhər bələdiyyə rəisi işləyib. Fevral inqilabından sonra Gəncədə "Türk Ədəmi-mərkəziyyət partiyasının yaradıcılarından biri, 1917-ci ildə keçirilən Qafqaz  və Ümumrusiya  müsəlmanları qurultaylarının iştirakçısı olub. Həmin ilin 26-31 oktyabrında Bakıda keçirilən "Müsavat" partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilib. Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olub.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə keçirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilib. Xasməmmədov Müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub. O, 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi. X. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir,  6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışıb. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi. X.Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında  iştirak edib.

Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunub. O, təkcə siyasi faəliyyətlə deyil, elmi yaradıcılıqla da məşğul olub. Belə ki, aprel işğalından sonra Azərbaycana qayıtmayıb, İstanbulda yaşayıb, coşqun siyasi-publisistik fəaliyyət göstərib. "Yeni Qafqasya", "Azəri-türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" jurnallarında, Parisdə fransızca çıxan "Prometey", rusca "Kavkaz", Berlində Azərbaycan türkcəsində nəşr edilən "İstiqlal" və "Qurtuluş" qəzet və jurnallarında siyasi məzmunlu məqalələr dərc etdirib.

Xasməmmədov Azərbaycan Milli Mərkəzi (1924, İstanbul) Komitəsinin və "Müsavat" partiyası xarici bürosunun (İstanbulda fəaliyyət göstərirdi) 3 nəfərdən (Məhəmməd Əmin Rəsulzadə - sədr, Mirzə Bala Məmmədzadə - katib və Xəlil bəy Xasməmmədov - xəzinədar) ibarət rəyasət heyətinin üzvü idi. 1930-cu illərin əvvəlində Milli Mərkəz və Xarici Büro daxilindəki ixtilafların dərinləşməsi Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələndi. Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli və digərləri ilə birlikdə Xasməmmədov M.Ə.Rəsulzadəyə qarşı müxalif mövqedə dayanırdı. Sovet hökumətinin təzyiqi ilə M.Ə.Rəsulzadə Türkiyəni tərk etdikdən sonra Xəlil bəy, Şəfi bəy Rüstəmbəyli və başqalarının Avropadakı mərkəzdən göstəriş almadan, müstəqil fəaliyyət göstərmək meyli gücləndi. Nəticədə, Milli Müsavat Xalq Partiyasının konfransında Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilib.

Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfindən yaradılan "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri seçilmişdi. 1942-ci ilin yazında Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilən tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olub. X. Xasməmmədov 1947-ci ildə İstanbulda vəfat edib.

(Ardı var)

Samirə QULİYEVA

 





22.05.2015    çap et  çap et