525.Az

Rusiya XİN-dən azərbaycanlı professorun ideyasına dəstək


 

Rusiya XİN-dən azərbaycanlı professorun ideyasına dəstək<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı Musiqi Konservatoriyasının professoru Tərlan Seyidovun müəllif layihəsinin icrası ideyasını dəstəkləyib.

Bu barədə P.Çaykovski adına Milli Mədəniyyətə Dəstək Fondunun prezidenti Dmitri Qalixin Moskvada "Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı" Beynəlxalq Elmi-İfaçılıq Konfransının açılışında məlumat verib.
 
O bildirib ki, Fondun dəstəyi ilə belə konfranslar Albaniya, Bolqarıstan və başqa ölkələrdə keçiriləcək.

"Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı" mövzusunda konfrans "Çaykovski - naslediye" Beynəlxalq Müsabiqə-Festivalı çərçivəsində P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilir.
Konfransı Rusiyanın Xalq artisti, Moskva Konservatoriyasının professoru Vladislav Aqafonnikov açıb.

Gecənin aparıcısı, pianoçu-konsertmeyster Tatyana Svitova Moskvada elmi-ifaçılıq konfransının keçirilməsi təşəbbüsündən söz açaraq bildirib ki, Bakı konfransında iştirak etdikdən sonra bu unikal layihəni Rusiyada tətbiq etmək ideyası yaranıb.

"Elmi-ifaçılıq konfransı" layihəsinin müəllifi, Bakı Musiqi Konservatoriyasının professoru Tərlan Seyidov deyib ki, elmi-ifaçılıq konfransı ifaçı musiqiçilərin yaradıcılığının yeni formalarından biridir. Birinci Beynəlxalq Elmi-İfaçılıq Müsabiqəsi və "Qara Qarayevin yaradıcılığında fortepiano" Birinci Beynəlxalq Elmi-İfaçılıq Konfransı 2010-cu ilin dekabrında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilib. Dünya praktikasında bənzəri olmayan elmi-yaradıcılıq işinin əsas məqsədi musiqi ifaçılığı praktikası ilə nəzəriyyəsini yaxınlaşdırmaq, musiqi sənətinin elmi-tədqiqat və ifaçılıq problemlərini inteqrasiya etməkdir.

T.Seyidov qeyd edib ki, dinləyicilər elmi konfransları çətinliklə qəbul edirlər, çünki orada hələlik yalnız məruzəçinin dinlədiyi musiqidən danışılır.

Atatürk adına Universitetin İncəsənət fakültəsinin dosenti Həqiqət Məhərrəmova Azərbaycanda musiqi mədəniyyətindən və şifahi ənənələrdən söz açıb.

Udmurtiya Bəstəkarlar İttifaqı sədrinin müavini İlya Petuxovun fikrincə, konfransda müzakirə edilən musiqi ifaçılığı, müasir ifa sənəti, bəstəkar yaradıcılığı ilə bağlılıq bir-biri ilə sıx əlaqədə olan məsələlərdir. O deyib:
"Hər bir musiqiçi üçün müqəddəs olan bir yerdə - Moskva Konservatoriyasında keçirilən belə yüksək səviyyəli konfrans çox əhəmiyyətli hadisədir".

 





22.05.2015    çap et  çap et