525.Az

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya mediasında


 

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya mediasında <b style="color:red"></b>

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Misirin Yaxın Şərq Xəbərlər Agentliyinin Avropa məsələləri üzrə jurnalisti Şöhrət Arif bu tədbir barədə məqalə yazıb.

Yaxın Şərq Xəbərlər Agentliyində yayılan məqalədə müəllif Forumun əhəmiyyətini vurğulayır, rəsmi açılışda nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə geniş yer verir.

Azərbaycanın hər zaman xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışdığı diqqətə çatdırılır.

Müəllif Forumda mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün dəyərli fikirlər səsləndiyini vurğulayır, mədəniyyətlərarası dialoqun, dini, milli dözümlülüyün və tolerantlıq məsələlərinin müzakirə edilməsinin önəmini qeyd edir.

Yazıda dövlətimizin başçısına istinadla Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyi, əsrlər boyu bütün mədəniyyətlərin, dinlərin və etnik qrupların nümayəndələrinin ölkədə sülh və ləyaqət şəraitində bir ailə kimi yaşadıqları diqqətə çatdırılır.

Multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi məqsədilə müxtəlif beynəlxalq tədbirlər keçirilməsinə və müsbət meyillərin güclənməsi üçün dünyada belə açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac olduğu vurğulanır. Yaxın Şərq Xəbərlər Agentliyi tərəfindən yayılan bu məqalə Misirin digər kütləvi informasiya vasitələrində də verilib.

"Euronews" telekanalı Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında reportaj yayımlayıb.

"Azərbaycan mədəniyyətlərarası dialoq təqdim edir" adlı reportajda tanınmış ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin, analitiklərin Forumda bir araya toplaşdıqları və vacib məsələləri müzakirə etdikləri qeyd olunur.

Bildirilir ki, Forum 2008-ci ildə müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil edilib.

Reportajda Forumun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi diqqətə çatdırılır.

Bildirilir ki, Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibəsində son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs edib, sabitlik məkanına çevrilən Azərbaycanda multikulturalizm ənənələrindən və digər məsələlərdən danışıb.

Reportajda, həmçinin UNESCO-nun baş direktoru İrina Bokovanın, Fransa Senatının üzvü Natali Qulenin və digər nüfuzlu iştirakçıların fikirlərinə yer verilir.

Diqqətə çatdırılır ki, Forum iştirakçıları bu tədbirin dünyada sülhə, tolerantlığa, multikulturalizmə töhfə verəcəyinə əmindirlər.

 

 





22.05.2015    çap et  çap et