525.Az

“Qarabağ hekayələri” Ankarada işıq üzü görüb


 

“Qarabağ hekayələri” Ankarada işıq üzü görüb<b style="color:red"></b>

Bugünlərdə Türkiyənin paytaxtı Ankarada Azərbaycanın bitmək bilməyən Qarabağ dərdi ilə bağlı yeni bir kitab nəşr olunub.

“Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Qənirə Paşayeva, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin ağrı, nisgil dolu hekayələri yer alıb.

Bu əsərlər iyirminci yüzilliyin sonunda, dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır qətliamlardan birinə məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

Hekayələri Türkiyə türkcəsinə uyğunlaşdıran İmdat Avşar bu kitaba böyük dəyər verərək deyir: “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə əminəm.
 
Bu səbəbdən də, məni əlinizdəki kitabın hazırlanmasına sövq edən ustadım - Azərbaycan Yazarlar Birliyinin sədri Anar bəyə, fikirləri ilə mənə istiqamət verən hörmətli qardaşım Sabir Rüstəmxanlıya, öz əməklərini əsirgəməyən yazar dostlarım Rəşad Məcidə, Əjdər Ola, Elçin Hüseynbəyliyə və kitabı birgə hazırladığımız, Qarabağın Türkiyədə və dünyada yorulmaz təbliğçilərindən Qənirə xanım Paşayevaya təşəkkür etməyi özümə borc bilirəm!”

Nilufər ŞIXLI,
Moskva

 





25.04.2015    çap et  çap et