525.Az

Azərbaycan Avropanın yeni idman tarixində


 

AVROPA OYUNLARI ZAMANI ÖLKƏMİZ BAYRAM ƏHVAL-RUHİYYƏSİNDƏ OLACAQ

Azərbaycan Avropanın yeni idman tarixində<b style="color:red"></b>

Azərbaycan dünyanın siyasi və iqtisadi həyatına sürətlə inteqrasiya etdikcə ona qarşı birləşən qüvvələr də öz sayını artırır.

Qərb və Amerika dairələri, müxtəlif beynəlxalq təşkilatlar anti-Azərbaycan və islamafob fəaliyyəti ilə məsələlərə qərəzli və qeyri-obyektiv yanaşdıqlarını dəfələrlə nümayiş etdiriblər. Bu baxımdan dövlətimizə qarşı hesabat hazırlayarkən kimin həqiqəti, kimin isə riyakarlığı əks etdirdiyi dərhal anlaşılır.

Bu o demək deyil ki, Azərbaycan haqqında yalnız təriflər yağdıran qurum və təşkilatlar həqiqəti əks etdirir, hansısa problemi təqdim edən, bunun aradan qaldırılmasını arzulayan dairələr isə qərəzli fəaliyyət göstərir.
Tələb olunan odur ki, ilk növbədə heç kəsin ölkəmizin daxili işinə qarışmağa haqqı yoxdur və hesabat hazırlayarkən də müsbət və mənfi xarakterli olmasından asılı olmayaraq hadisələri nə böyüdüb, nə də kiçilib anti-Azərbaycan kampaniyası şəklində deyil, olduğu kimi təqdim etməkdir. Lakin görünən odur ki, Bakıda keçirilməsinə sayılı günlər qalan Birinci Avropa Oyunlarına qarşı Qərbin təzyiqləri davam edir, bu mötəbər turnirin Azərbaycanda baş tutmamasına çalışılır.

Təəssüf doğuran hallardan biri də ölkəmizdə və qardaş Türkiyədə daxili qüvvələr Qərbin anti-türk, islamafob qüvvələrinin qara kampaniyasına qoşularaq dövlətmizin uğurlarına kölgə salmaq istəyir.  Bu baxımdan Türkiyədə ən aktiv siyasi cərəyanlardan biri Xalqların Demokratik Partiyası (HDP) və onun sədri Səlahəddin Demirtaşdır. HDP rəhbəri öz ölkəsində və dünyada qondarma “erməni soyqırımı”nı dəstəkləyən şəxs kimi tanınır.

Bu baxımdan onun Türkiyənin müxtəlif şəhərlərində düzənlədiyi və şou xarakterli anti-Azərbaycan kampaniyaları da Birinci Avropa Oyunlarının qarşısını almağa hesablanıb. Təəccüb doğurmayan fakt isə budur ki, bu cür aksiyalarda əsasən Türkiyədə yaşayan  başqa millətlərin nümayəndələri, xüsusilə də ermənilər aktivlik göstərir.

Sevindirici hal isə odur kı, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan qüvvələrin niyyətləri həyata keçə bilmir. Çünki ermənipərəst dairələrin məqsədləri hər bir Azərbaycan vətəndaşına məlumdur. Bu cür təbliğat aparan insanlar yalnız ölkəmizi uçuruma yuvarlatmağa çalışırlar. Onları Azərbaycanın qazandığı nailiyyətlər maraqlandırmır.

Dövlətimizin hər sahədə böhran keçirməsini, qarşıdurma məkanına çevrilməsini istəyən anti-Azərbaycan qüvvələrinin arzularının ürəklərində qalması üçün “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası da yaradılıb. Koalisiyanın bəyanatında da qeyd olunduğu kimi Avropa Olimpiya Komitəsinin qərarı ilə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ölkəmizin və ümumilikdə qitənin mədəni həyatında olduqca əlamətdar bir hadisəyə çevrilib:

“Şübhə yoxdur ki, Azərbaycanın adı bu möhtəşəm bayramın ilk təşkilatçısı kimi dünya idmanının tarixinə qızıl hərflərlə yazılacaq. Bu cür böyük tədbirə hazırlaşmaq üçün çox az müddət ayrılmasına baxmayaraq, dövlətimizin və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulan bütün işlər yüksək səviyyədə yerinə yetirilməkdədir.

Təəssüf ki, ölkəmizin qazandığı uğurları gözü götürməyən, onun nüfuzunun artmasından narahat olan bəzi daxili və xarici qüvvələr Azərbaycana qarşı məqsədyönlü və qərəzli kampaniya təşkil etməklə həm də Avropa Oyunlarının əhəmiyyətini azaltmağa çalışırlar.

Göstərilənləri, habelə Avropa Oyunlarının ölkəmiz və bütövlükdə Avropa ailəsi üçün sosial və mədəni əhəmiyyətini nəzərə alaraq, biz - Azərbaycan Respublikasının aparıcı qeyri-hökumət təşkilatları və media orqanları “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasında bir araya gəldik”.

Koalisiyanın əsas məqsədi Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir:

“Bu məqsədlə tarixdə ilk dəfə keçirilən belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur”.

Vətəndaş Cəmiyyəti Koalisiyasının QHT-lər üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov “525”ə bildirib ki, sözügedən qurum artıq ölkənin aparıcı KİV və QHT rəhbərlərinin birgə iştirakı ilə yaradılıb.

Koalisiyanın əsas məqsədi Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının təşkili və keçirilməsinə ictimai nəzarəti təmin etməkdir. Tarixdə ilk dəfə baş tutacaq mötəbər idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulub.

Qurum Avropa ölkələrində Azərbaycan idmanının təbliği, müasir infrastruktur layihələrinin aparılması, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişafı ilə bağlı dövlət strukturları vasitəsilə görülən işlər barədə dolğun təsəvvürün yaradılması üçün fəaliyyət aparacaq.
 
Bununla bağlı artıq təkliflər planı hazırlanıb və müvafiq strukturlara təqdim olunub. Koalisiya yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə müxtəlif konfrans, simpozium, eləcə də forumlar təşkil edəcək. Eyni zamanda, media və sosial şəbəkələrdə təbliğat işləri aparılacaq.

R. Qonaqov qeyd edib ki, Vətəndaş Cəmiyyəti Koalisiyası Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək Azərbaycanın milli problemi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı məsələsinə də diqqət ayıracaq:
 
“Bu bizim üçün yeni bir fürsətdir ki, erməni təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün öz yurd-yuvalarından didərgin salınması, Xocalı soyqırımı, eləcə də digər erməni vəhşilikləri barədə dünya ictimaiyyətini məlumatlandıraq. Koalisiya bundan əlavə dövlət qurumları, Avropa Oyunlarının Təşkilat Komitəsi, ictimaiyyət nümayəndələri, gənclər və digər strukturlarla əlaqəli şəkildə fəaliyyət göstərəcək”.

Koalisiyanın həmkoordinatoru deyib ki, aprel ayının sonlarında xaricdən Azərbaycana, o cümlədən, Avropa Oyunlarına qarşı qara kampaniya aparan,  ölkəmizə ikili standartlar tətbiq edən qüvvələrlə bağlı tədbir keçiriləcək:

“Sözsüz ki, burada koalisiyanın bütün üzvləri, media və QHT rəhbərləri öz qəti mövqelərini ortaya qoyacaqlar”.

Azərbaycanın bundan əvvəllər də beynəlxalq turnirlərə ev sahibliyi etdiyini xatırladan R.Qonaqov hesab edir ki, Avropa Oyunları zamanı da ölkəmiz heç bir çətinlik yaşamayacaq:
 
“Azərbaycanın kifayət qədər təcrübəsi var. 2012-ci ildə ölkəmiz Avropa miqyaslı “Avroviziya” mahnı müsabiqəsinə, eyni zamanda müxtəlif illərdə idman növləri üzrə dünya və qitə yarışlarına uğurla ev sahibliyi edib və heç bir çətinlik yaşanmayıb. Avropa Oyunları zamanı da əhalinin ümumi narahatlığına səbəb ola biləcək hadisə yaşanmayacaq. Əksinə hər kəs bilməlidir ki, bu böyük bir tarixi hadisə, idman bayramıdır. Bu mötəbər tədbir ilk dəfə keçirilir.
 
Sözsüz ki, bundan sonra da Avropanın digər ölkələrində təşkil olunacaq. Hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirməlidir. Bütün Avropanın nüfuzlu və aparıcı idmançıları bu yarışlara qatılmaq üçün Bakıya gələcək. Hesab edirəm ki, həmin günlər ölkəmiz bayram əhval-ruhiyyəsində olacaq. Bu yarışların yay ayında keçiriləcəyini nəzərə alsaq, istirahət vaxtını xoş keçirmək üçün vətəndaşlarımız əla imkan əldə etmiş olacaq. Yarışları arenalardan, eləcə də televiziya kanalları vasitəsi ilə izləyən insanlar böyük zövq alacaqlar. Buna qədər biz xarici ölkələrdə  keçirilən bu tip mötəbər turnirləri televiziya vasitəsilə izləyirdiksə, hal-hazırda canlı şahidi olmaq üçün əla fürsət əldə etmişik.
 
Ölkəmizə qonaq gələn hər bir xarici vətəndaşa qarşı bizim koalisiyamız  tərəfindən qayğı göstəriləcək, onların şəhər, ümumilikdə ölkə ilə tanışlığı üçün şərait yaradılacaq. Həmçinin turistlərlə bərabər müəyyən tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Ümumilikdə bu yarışların Avropaya, ümumilikdə dünyaya çatdırılması üçün biz müxtəlif ölkələrdə informasiya mərkəzləri yaradıb brifinqlər keçirərək Azərbaycanın təbliği baxımından işlər görməyi planlaşdırmışıq”.

Beynəlxalq təşkilatların Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının illərdir davam etdiyini deyən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov vurğulayıb ki, rəhbərlik etdiyi təşkilat ətrafında yığdığı bütün gənclərlə birlikdə ölkəmizdə keçiriləcək Bakı 2015 birinci Avropa Oyunlarına dəstək olmaqda davam edəcək.

O “SİA”ya açıqlamasında qeyd edib ki, bundan əvvəl 2012-ci ildə ölkəmizdə keçirilən “Avroviziya” mahnı müsabiqəsində biz ölkəmizə qarşı olan şər-böhtanın, qarayaxma kampaniyalarının şahidi olduq:

“Heç bir fikir, əsassız düşüncələr, bəyanatlar bu gün Azərbaycanın möhkəmlənməsinə təsir edə bilməz. Bu gün Azərbaycan dövləti apardığı müstəqil siyasət nəticəsində Avropa Oyunlarını ən yüksək səviyyədə həyata keçirəcək. “Human Rights Watch”, “Amnesty İnternational” və digər təşkilatlara Azərbaycan öz daxilində olan məsələləri beynəlxalq hüquqlara dayandırmağa əsas verməyib.

Əslində dünya siyasətində beynəlxalq hüquq çalışmır o, sadəcə olaraq riyakarlıq nümunəsi kimi fəaliyyət göstərir. Təbii ki, biz bunu çox yaxşı bilirik. Azərbaycan diplomatiyası, Prezident İlham Əliyevin siyasi iradəsi bizə onu deməyə əsas verir ki, Avropa Oyunları ölkəmizdə çox yüksək səviyyədə keçiriləcək”.

Ceyhun ABASOV

 





25.04.2015    çap et  çap et