525.Az

“Reklam haqqında” qanun layihəsi 3-cü oxunuşa tövsiyə olundu


 

RÜFƏT QULİYEV: “EFİRLƏRİMİZİN 70-80 FAİZİNİ ŞOU XARAKTERLİ VERİLİŞLƏR TUTUR”

“Reklam haqqında” qanun layihəsi 3-cü oxunuşa tövsiyə olundu<b style="color:red"></b>

Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin dünənki iclasında “Reklam haqqında” qanun layihəsinin 3-cü oxunuşda müzakirəsi keçirilib.

Sözügedən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, ölkədə reklam fəaliyyətinin təkmilləşdirilməsinə böyük ehtiyac var.

“Çünki biz bunu hər gün hiss edirik. Reklamlar milli mənafeyimizə, milli maraqlarımıza, milli mentalitetimizə uyğun olmalı, həmçinin, iqtisadiyyatımızın inkişafına öz töhfəsini verməlidir.

Hesab edirəm ki, artıq 3-cü oxunuşun müzakirəsinə çıxarılan “Reklam haqqında” yeni qanun bu istiqamətdə müsbətə doğru addım olacaq, o, öz müsbət töhfəsini verəcək”.

Qanun layihəsinin həmmüəllifi Vahid Əhmədov isə qeyd edib ki, ikinci oxunuşdan sonra bir sıra qurumlardan, o cümlədən, Mədəniyyət və Turizm Nazirliyindən, Səhiyyə Nazirliyindən, İqtisadiyyat və Sənaye Nazirliyindən təkliflər alıblar.

“Biz həmin təkliflərdən qanun layihəsinin təkmilləşdirilməsində istifadə etmişik və hesab edirik ki, qanun layihəsi bütövlükdə qəbula hazırdır”.

Sözügedən komitənin üzvü Rüfət Quliyev öz növbəsində yenə də fermerlərlə, sahibkarlarla, həmçinin, narkomaniyaya qarşı mübarizə, milli-hərbi vətənpərvərlik məsələləri ilə bağlı sosial reklamlara ehtiyac olduğunu deyib:

“Efirlərimizin 70-80 faizini şou xarakterli verilişlər, proqramlar tutur. Millət şounun əlindən bezib. Ona görə sosial xarakterli verilişlərə, sosial, maarifləndirici reklamlara daha çox yer ayırmaq lazımdır, bunlara daha böyük ehtiyac var”.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





25.04.2015    çap et  çap et