525.Az

“Problemin qiymətli kağızlar vasitəsi ilə aradan qaldırılması nəzərdə tutulur”


 

“Problemin qiymətli kağızlar vasitəsi ilə aradan qaldırılması nəzərdə tutulur”<b style="color:red"></b>

Gələcəkdə Milli Bankın fəaliyyəti nəticəsində ölkədə pul çatışmazlığı problemi yaranarsa, onun qiymətli kağızlar vasitəsi ilə aradan qaldırılması gözlənilir. Bununla bağlı “Mərkəzi Bank haqqında” mövcud qanuna da bəzi əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur.

Bu haqda parlamentin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında məlumat verilib. Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev qanuna edilməsi nəzərdə tutulan əlavə və  dəyişikliklər barədə məlumat verərək ilk öncə onun Prezident Administrasiyası (PA) ilə razılaşdırıldığını bildirib.

Sonra əlavə edib ki, bu dəyişikliklər zərurəti pul çatışmazlığı probleminin  aradan qaldırılması ilə bağlıdır:

“Bildiyiniz kimi, pul çatışmazlığı problemi  əsasən məzənnə dəyişikliyi zamanı yaranır. Məzənnə dəyişməsi prosesi də çox dəyişkən bir prosesdir. Ona görə də gələcəkdə pul catışmazlığı probleminin yaranmaması üçün məsələnin qiymətli kağızlar vasitəsi ilə  önlənməsi nəzərdə tutulur”.

O deyib ki, mövcud qanunun 12.2-ci maddəsinin belə bir redaksiyada - “Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür” redaksiyasında verilməsi təklif olunur.

Həmçinin, qanuna edilən 13.2-ci əlavədə təklif olunur ki, “Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.

Bununla yanaşı, qanunun 14.2-ci maddəsində nəzərdə tutulur ki, “Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir”.

Komitənin üzvü Vahid Əhmədov təkliflərin bir qədər riskli olduğunu bildirib: “Burada da deyildiyim kimi, pul çatışmazlığının aradan qaldırılması üçün problemin qiymətli kağızlar vasitəsi ilə həlli nəzərdə tutulur.

Ancaq o da var ki, bu gün Azərbaycanda qiymətli kağızlar bazarı o qəfər geniş inkişaf etməyib. Bu baxımdan, qiymətli kağızlar məsələsi gələcəkdə Mərkəzi Bank üçün risk yaratmaz ki?”.

A.Quliyev cavabında belə bir riskin yaranmayacağını deyib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı da bu fikirdədir ki, qiymətli kağızlar Mərkəzi Bank üçün risk yaratmır.

O həmçinin sözlərinə əlavə edib ki, qiymətli kağızlarla bağlı məsələdə dövlət də öz üzərinə müəyyən öhdəliklər götürür və bu öhdəliklər də öz növbəsində Mərkəzi Bankı hər hansı riskdən uzaq tutur.

Müzakirələrdən  sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil Həmzəoğlu

 





25.04.2015    çap et  çap et