525.Az

"Mühacirət irsimizin "Yurd Bilgisi"


 

ƏHMƏD CƏFƏROĞLU İRSİNİN TƏDQİQİ VƏ TƏBLİĞİNƏ QİYMƏTLİ TÖHFƏ

"Mühacirət irsimizin "Yurd Bilgisi"<b style="color:red"></b>

Azərbaycanın dəyərli oğlu, görkəmli elm xadimi professor Əhməd Cəfəroğlu ötən əsrin 30-cu illərinin əvvəllərindən etibarən Əhməd Cəfəroğlu Türkiyənin elmi həyatında fəal rol oynayıb.

Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1932-ci ildə təşkil edilən Türk Dil Qurumunun yaradıcılarından biri və ömrünün sonuna qədər həqiqi üzvü olan Ə.Cəfəroğlu bu qurumun işində yaxından iştirak edib. Vəfatından 40 il keçsə də, bu gün də Türkiyə universitet mühitində İstanbul Universitetində 30 ilə yaxın Türk dili tarixi kafedrasının müdiri olmuş professor Ə.Cəfəroğlu haqqında bir-birindən maraqlı tarixçələr dolaşmaqdadır. Türkiyə türkoloqlarının böyük əksəriyyəti fəxrlə onu öz müəllimi, ustadı adlandırır. Onun ikicildlik "Türk dilinin tarixi" əsərindən ölkənin bütün universitetlərində dərs vəsaiti kimi istifadə olunur.

Əsaslı Avropa elmi məktəbi keçmiş Əhməd Cəfəroğlunu Qərbdə də yaxşı tanıyır və ona böyük ehtiramla yanaşırlar. 1939-50-ci illərdə o, Polşa Elmlər Akademiyasının müxbir üzvü, Macarıstanın Beynəlxalq Dilçilik Cəmiyyətinin, Beynəlxalq Dialektologiya Mərkəzinin və Ural-Altay Cəmiyyətinin, Argentinanın Beynəlxalq Tural Cəmiyyətinin fəxri üzvü, Beynəlxalq Onomastika Cəmiyyətinin həqiqi üzvü seçilib. İspaniya hökuməti isə azərbaycanlı alimin xidmətlərini 1955-ci ildə onu "De Alfonso El Sabio" ordeni ilə təltif etməklə qiymətləndirib.

XX əsrin dünya şöhrətli türkoloq-alimi və onun 1932-1934 və 1954-cü illərdə nəşr etdiyi "Azərbaycan yurd bilgisi" məcmuəsi barədə ilk dəfə monoqrafik səpkidə geniş söhbət açan filologiya üzrə fəlsəfə doktoru, publisist Şəlalə Həsənova olub.

Tədqiqatçının İlk dəfə 1995-ci ildə kiril əlifbası ilə nəşr olunmuş "Mühacirət irsimizdən səhifələr" kitabı Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə "Ən yaxşı elmi tədqiqat əsəri" nominasiyasında "Humay-96" mükafatı ilə təltif edilib.

Görkəmli ədəbiyyatşünas professor Vilayət Quliyev həmin nəşrə yazdığı "Gedənlərin qayıtması" başlıqlı ön sözdə göstərir ki, "Şəlalə Həsənovanın mühacir ədəbiyyatımızın ən sanballı nümunələrindən biri olan "Azərbaycan yurd bilgisi" jurnalı və onun naşir-redaktoru professor Əhməd Cəfəroğlu haqqında yazdığı bu maraqlı kitab yaxın tarixi keçmişimizin daha bir qaranlıq dövrünə işıq salır, xalqımızın böyük oğlunu yenidən milli mədəniyyət xəzinəmizə qaytarır".

Bu yaxınlarda isə monoqrafiyanın təkrar və əlavələr edilmiş nəşri - "Mühacirət irsimizin "Yurd Bilgisi" adlı kitab "Letterpress" nəşriyyat evində çap olunub.
 
Kitabın yeni nəşrinə "Elmi təravətini itirməyən əsər" adlı ön söz yazmış AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov kitabın 20 ildən sonra təkrar nəşrinə böyük ehtiyac olduğunu xüsusi vurğulayıb:

"Hər şeydən əvvəl ona görə ki, əsər zəngin faktlar, kifayət qədər mükəmməl müqayisələr və ümumiləşdirmələr əsasında yazılmışdır. Müəllif Azərbaycanda ilk dəfə olaraq "Azərbaycan yurd bilgisi" məcmuəsinin ədəbi-tarixi, mədəni-ideoloji problematikasını araşdırmış, məcmuədə yer alan materialları ideya-məzmun baxımından müqayisəli təhlil etmiş, ümumiyyətlə, "Yurd bilgisi"nin milli ictimai fikir tariximizdəki yerini müəyyənləşdirməyə çalışmışdır. Odur ki, elmi təravətini heç zaman itirməyəcək belə bir əsərin vaxtaşırı olaraq nəşr edilməsi, heç şübhəsiz, zəruridir. Nəşrdən neçə illər keçməsinə baxmayaraq, Əhməd Cəfəroğlunun elmi yaradıcılığı, ictimai-siyasi və ideoloji fəaliyyəti haqqında nəinki bu səviyyədə, ümumən elə bir ciddi elmi tədqiqat işi meydana çıxmamışdır".

1930-cu illərin "Azərbaycan ensiklopediyası" adlandırıla biləcək bu jurnalda Əhməd Cəfəroğlu milli mədəniyyətimizin tədqiqində, az qala, bütöv bir elmi-tədqiqat institutunun işini görüb. Məcmuənin daimi müəllifləri sırasında Azərbaycan mühacirətinin nümayəndələri Azərbaycanın alovlu vətənpərvəri idilər və bu baxımdan ...Müsavat›› partiyasının hələ 1911-ci il proqramında yer alan ...türkçülük, azərbaycançılıq, milliyyətçilik›› prinsipləri onların fəaliyyətlərinin əsas istiqamətini təşkil edirdi.

Azərbaycan siyasi mühacirətinin Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Xəlilbəy Xasməmmədli, Əli Xəzərli, Məmməd Əlizadə, Mustafa Vəkilli, Nağı Şeyxzamanlı, Şəfibəy Rüstəmbəyli, Səlim Rafiq, Mirzəbala Məmmədzadə və b. nümayəndələri jurnalın fəal müəllifləri idilər. Tanınmış türk alimlərindən Mehmet Fuat Köprülüzadə, Əbdülbaqi Gölpinarlı, Sadəddin Nühəvət, Mahmud Raqib Keşəmihalzadə, Mehmet Şərafəddin, Xəlil Nemətullah, Adnan Cahid və başqaları bu məcmuəyə ciddi elmi-filoloji nəşrlərdən biri kimi yanaşırdılar.

Əsərin oxucuları bu cür görkəmli şəxsiyyətlərin sanballı məqalələrinin dərin təhlili ilə tanış ola biləcəklər.

Kitabın mündəricatını təşkil edən Milli folklorumuzun və "Kitabi-Dədə Qorqud"un öyrənilməsində birincilik, Azərbaycan aşıq ədəbiyyatı haqqında araşdırmalar, Azərbaycan dastanlarının təhlili, Folklor abidələrinin linqvistik və etimoloji təhlili, Ərəbdilli qaynaqlarda azərbaycanlıların yüksək mənəvi keyfiyyətlərinin tərənnümü, Ümumtürk folklorunun müqayisəli tədqiqi, Etnoqrafik araşdırmalar, XIX əsr Azərbaycan ədəbiyyatına ümumi baxış, Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsi, Məhəmməd Əli Rəsulzadənin Qətran Təbrizi, Məhsəti, Nizami haqqında tədqiqatları, Məmməd Əmin Rəsulzadənin Şirvanlı Xaqani, Nizami haqqında tədqiqatları, Azərbaycan klassikləri Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Qasimi, Mirzə Fətəli Axundov haqqında yeni faktlar, Məlikbəy Avçı, Siraci, Əhdi Bağdadlı, Sam Mirzə, Ərşi kimi naməlum və unudulmuş ədəbi şəxsiyyətlər barədə ekskluziv elmi tapıntılar adlı fəsillərdə "Azərbaycan Yurd Bilgisi" məcmuəsinin zəngin elmi irs kimi verdiyi töhfələr müəyyənləşdirilib.

Bu kimi milli-mənəvi fikir xəzinələrimizin dərindən öyrənilməsinə gənc tədqiqatçıları çağıraraq, fikrimizi Əhməd Cəfəroğlunun müdrik kəlamı ilə ifadə edirik: "Özü özünü birbaşa tədqiq etməyən millətlər başqa millətlərin etnoqrafik tədqiqat mövzusundan başqa bir şey olmamışdır".

 





24.04.2015    çap et  çap et