525.Az

“İpək Yolu boyunca musiqi səyahəti”


 

“İpək Yolu boyunca musiqi səyahəti”<b style="color:red"></b>

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu boyunca musiqi səyahəti” adlı konsert keçirilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan mədəniyyətini Avropa təmsil edən belə bir məkanda “İpək yolu”na həsr olunmuş tədbirin keçirilməsindən məmnunluğunu bildirib.

O qeyd edib ki, qədimdən Azərbaycan Şərqlə Qərb, Avropa ilə Asiya arasında mühüm mövqe tutub və əsas ticarət yolları ölkəmizin ərazisindən keçib. Ona görə də Azərbaycan Mədəniyyət Mərkəzi qədim ticarət yolları üzərində yerləşən ölkələri əhatə edən musiqili layihəni ilk gündən dəstəkləyib. Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında duran vəzifələrdən biri də Azərbaycan mədəniyyətinin Avropada təbliği ilə yanaşı, eyni zamanda, digər ölkələrdən olan incəsənət xadimləri ilə birgə layihələrin həyata keçirilməsidir. Azərbaycan Mədəniyyət Mərkəzinin multikultural məkana çevrilməsi, bu yolla da mədəniyyətlərarası dialoqa töhfə verilməsi də mərkəzin əsas məqsədlərindəndir.

Opera müğənnisi Yekaterina Poteqo göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib və “İpək Yolu boyunca musiqi səyahəti” konsertində ifa ediləcək əsərlər barədə məlumat verib.

Sonra layihənin rejissoru Edit Baxköniq qədim “İpək yolu”nun keçdiyi ölkələr, tarixi inkişafı və “İpək Yolu boyunca musiqi səyahəti” layihəsinin yaranma ideyası, eləcə də gələcəkdə layihə çərçivəsində nəzərdə tutulan “3D” səhnə proyeksiyaları və animasiyaları barədə danışıb.

Konsertdə qədim “İpək Yolu” ticarət yolunun üzərində yerləşən ölkələrin ənənəvi musiqiləri müasir səhnə texnikasının köməyi ilə təqdim olunub. Çin, Monqolustan, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkiyə, Rusiya və bir sıra digər ölkələrin xalq və bəstəkar mahnıları məharətlə ifa olunub. Azərbaycan xalq və bəstəkar mahnıları, xüsusilə də pianoçu Səbinə Həsənovanın solo ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” rəğbətlə qarşılanıb.

S.ABDULLAYEVA

 





18.04.2015    çap et  çap et