525.Az

“Avropa, sən öncə Bosniyanın, Xocalının, Əlcəzairin, Liviyanın, Endülüsün hesabını ver...”


 

MİLLƏT VƏKİLLƏRİNİN, SİYASİLƏRİN AVROPARLAMENTƏ VƏ ROMA PAPASINA TƏPKİLƏRİ SƏNGİMİR

“Avropa, sən öncə Bosniyanın, Xocalının, Əlcəzairin, Liviyanın, Endülüsün hesabını ver...”<b style="color:red"></b>

“Avropa Parlamentinin qondarma erməni soyqırımını tanımasi ilə bağlı qəbul etdiyi qətnamə bir daha gostərdi ki, avroparlamentarilər ikili standartlardan əl çəkmir, ancaq öz mənafeləri naminə hadisələrə qiymət verirlər”.

Bunu deputat Rauf Əliyev mətbuata açıqlamasında dilə gətirib.

Onun dediyinə görə, hazırda dünyanın bir çox yerində münaqişə ocaqlarında hər gün minlərlə insan öz həyatlarını itirir, qəsəbə və kəndlər, şəhərlər yerlə- yeksan olur, milyonlarla insan öz doğma evlərini tərk etməyə məcbur olurlar. O, mətbuata açıqlamasında deyib ki, maraqlı budur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, Azərbaycanın 20 faiz torpaqları hələ də erməni qəsbkarlarının işğalı altındadır.

R.Əliyevin sözlərinə görə, işğal olunmuş torpaqlarda çoxlu sayda tarixi və mədəniyyət abidələri məhv edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarını tərk etməyə məcbur olub, 20-ci əsrin əvvəllərində erməni daşnaq-bolşevik qrupları Azərbaycanın müxtəlif bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə, işgəncələrlə öldürüblər:
 
“Bu hadisələrin bariz nümunəsi Quba məzarlığıdır. Bu məzarlığı ziyarət edən müxtəlif ölkələrdən gələn nümayəndələr gördükləri mənzərədən dəhşətə gəlirlər. 20-ci əsrin sonlarında bu hadisələr yenidən təkrarlandı. Xocalıda baş verən dəhşətli qətliam əslində soyqırım hadisəsidir.Bu soyqırım əməliyyatına rəhbərlik etmiş Ermənistanın indiki prezidenti Sarkisyan utanmadan bu əməlləri törətdiyini avropalı deputatların qarşısında bəyan etmişdir. Bütün bunları avropalı deputatlar çox sakit qarşılayırlar, elə bil ki, heç nə olmayıb. “Qondarma soyqırım” məsələsi ilə bağlı Türkiyə tərəfi dəfələrlə hər iki dövlətin tarixçilərinin iştirakı ilə birgə komissiya yaradılmasını təklif etmişlər. Lakin Ermənistan tərəfi bu təklifləri qəbul etmirlər, çünki özləri də bilirlər ki bu uydurulmuş “soyqırımı” tarixi faktlarla sübut etmək mümkün olmayacaq.

Elə düşünürəm ki, belə bir qətnamənin qəbul edilməsində bir neçə gün bundan öncə Roma Papasının yüksək din xadimi rütbəsi olan bir şəxsin öz çıxışında bu “qondarma soyqırım” ifadəsini işlətməsi də müəyyən rol oynayıb. Hesab edirəm ki, Avroparlamentin bu fitnəkar qətnaməsi təkcə Türkiyəyə qarşı yox, bütünlüklə bütün Türk dünyasına qarşı yönəlib. Ona görə də, hər birimiz həmin qurumun bu riyakar qətnaməsinə öz etirazımızı bildirməliyik”.

“Avropa Parlamenti uydurma “erməni soyqırımı” ilə bağlı qətnaməni erməni lobbisinin təsiri ilə qəbul edib”.
Bunu isə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

“Bu qətnamə regionda sülhə xidmət etmir, əksinə bölgədəki atmosferin gərginləşməsinə əsaslar verir”-deyən S.Fətəliyeva bildirib ki, sənəddə əksini tapan bəndlər Azərbaycanın da milli təhlükəsizliyinə aid olan məsələlərdir.

Onun sözlərinə görə, Azərbaycan qardaş Türkiyə ilə bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi kimi, bu məsələdə də eyni fikirləri bölüşür.

O, qeyd edib ki, bu sənəd hər ki dövlətin milli maraqlarına ziddir və ümumiyyətlə, tarixə zidd olan, tarixi faktları əks etdirməyən bu qətnamə və bu tipli bəyanatlar qəbulolunmazdır.

Azərbaycanın Avropa İttifaqı ilə dialoqu və əməkdaşlığı hər zaman dəstəkləyəcəyini deyən S.Fətəliyeva vurğulayıb ki, bu prosesdə bərabərhüquqlu yanaşma öz əksini tapmalıdır.

“Əməkdaşlıq qarşılıqlı olaraq səmimiyyət və obyektivlik üzərində qurulmalıdır. Son hadisə Avropa Parlamentinin nüfuzuna zərbə vurmaqla yanaşı, onun obyektivliyinə də ciddi şəkildə şübhələr yaradır”.

S.Fətəliyeva mətbuata açıqlamasında həmçinin bildirib ki, Avropa İttifaqı, Avropa Parlamenti və digər qurumlarla dialoq reallıqlar əsasında davam etməlidir.

S.Fətəliyevanın fikrincə, tarixi məsələlərlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır:

“Bütövlükdə, təşkilatın hadisələrə selektiv, reallıqlara fərqli yanaşması qəbuledilməzdir. Biz neçə illərdir ki, Xocalı soyqırımının dünyada tanınması üçün kampaniya aparırıq. Bu soyqırımının ermənilər tərəfindən hansı vəhşiliklərlə törədildiyi haqda konkret faktlar, real sübutlar var. Əgər Avropa Parlamenti obyektiv təşkilatdırsa, bəs niyə onun Xocalı soyqırımı haqqında sənəd qəbul etməsini görmürük? Bu təşkilat uydurma “erməni soyqırımı” haqqında qətnamə qəbul etməklə obyektivlikdən uzaq bir addım atdığını təsdiqlədi. Amma belə sənədlər tarixi həqiqətləri dəyişdirə bilməz”.

“Papa deyilən Vatikan təlxəyi, sən öncə öldürdüyün, yox etməyə çalışdığın protestantların hesabını ver.

Soyqırımçı Avropa Bosniyanın, Xocalının, Əlcəzairin, Liviyanın, Endülüsün hesabını ver...”

Bu fikirlər də tanınmış Türkiyə siyasətçisi, MHP-dən deputatlığa namizəd Aydın İşkura məxsusdur.

“Kim soyqırım axtarırsa, öncə aynaya baxmalıdır...Nəcib Türk milləti sizin kimi təlxəklərə, içimizdəki yaltaq və xainlərə rəğmən ayaqda və dimdikdir...Şanlı keçmişi tərtəmizdir...”-deyə, o, sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

 





18.04.2015    çap et  çap et