525.Az

“Avropa Parlamentində Qarabağ münaqişəsinin həllində obyektiv mövqe gözləmək yanlışdır”


 

“Avropa Parlamentində Qarabağ münaqişəsinin həllində obyektiv mövqe gözləmək yanlışdır”<b style="color:red"></b>

“Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyi beynəlxalq hüququn işləmədiyinin növbəti təsdiqidir”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov bildirib. Onun sözlərinə görə, Avropa Parlamenti və Roma Papasının Türkiyə əleyhinə qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarlar eyni mərkəzdən idarə olunur:

“Bugünkü reallıq ondan ibarətdir ki, islamafob, irqçi qüvvələr, multikulturalizmin əleyhdarları bayram edir.

Hüququn, haqqın, ədalətin, birgə yaşayışın, mədəniyyətlərarası, dinlərarası dialoqun tərəfdarlarını isə təhdid edirlər ki, məğlub durumda olsunlar. Hesab edirəm ki, onlar yanılırlar. Belə addımlar nəticə etibarı ilə sivilizasiyaların toqquşmasına gətirib çıxarır”.

E.Nəsirov deyib ki, son zamanlar eyni mənbənin ideoloqları müsəlman dünyasının sayının artdığına dair bəyanatlar yayırlar:

“Hətta onlar “yazıları”nda bildirirlər ki, ailədə uşaq doğumu 1.5 əmsalında olsa, digər millətlər məhv olur. Amma Avropanın 30 ölkəsində bu göstərici 1.4 əmsalına bərabərdir. Müsəlman ölkələrində isə 3.6 artım tempi var. Ona görə də müsəlman aləminin genişlənməsi onları çox narahat edir.

Bu səbəbdən də Yaxın Şərqdə, müsəlman dünyasında çoxsaylı müharibələr törədirlər. Bu gün isə müsəlman ölkəsi olan Türkiyə hədəf seçilib. Avropa Parlamentinin bu addımı və Roma Papasının mövqeyi nəticə etibarı ilə qitədə, regionda sülhə, əmin-amanlığa deyil, vəziyyətin daha da gərginləşməsinə, müxtəlif dinlərin daşıyıcılarının bir-birinə düşmən kimi baxmasına, sabitliyin pozulmasına gətirib çıxaracaq.
Bundan sonra Türkiyə-Avropa münasibətlərində gərginlik yeni mərhələyə keçəcək. Hadisələrin gedişatı ona gətirib çıxara bilər ki, Türkiyə xarici siyasət vektorlarında dəyişiklik edər. Burada uduzan tərəf ilk növbədə Avropa ölkələri olacaq”.

Politoloq bildirib ki, Avropa Parlamentinin məlum mövqeyindən sonra onlardan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində də obyektiv mövqe gözləmək yanlışdır:

“Bunun nəticəsidir ki, ATƏT-in Minsk qrupunun indiyə qədərki fəaliyyəti Avropa dövlətləri və ABŞ-ın bu məsələni həll etmək niyyəti heç bir nəticə vermir. Çünki hadisələrə belə ikili standartlarla yanaşırlar”.

E.Nəsirov vurğulayıb ki, qondarma “erməni soyqırımı” ilə bağlı son zamanlar ifadə olunan mövqeləri Azərbaycan ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənilir:

“Biz Türkiyənin mövqeyini müdafiə edirik. Hesab edirik ki, bu hadisə strateji baxımdan Ermənistanın özünə də fayda gətirmir. Bu hal regionda vəziyyəti gərginləşdirəcək və sistemli böhran yaşayan Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq”.

AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı isə bildirib ki, Avropa Parlamentinin uydurma “erməni soyqırımı”na dair qəbul etdiyi qətnamə tarixi gerçəkliyi qətiyyən doğru əks etdirmir, tamamilə səhvdir.

Deputatın sözlərinə görə, tarix məsələləri ilə parlamentarilər deyil, tarixçilər, tədqiqatçılar məşğul olmalıdırlar:

“Belə bir qətnamə hələ 1987-ci ildə də qəbul edilmişdi. O zaman Türkiyə Böyük Millət Məclisinin həm iqtidar, həm müxalifət, həm də bitərəf deputatları birgə etiraz sənədi də imzalamışdılar. İndiki qətnamə türk və erməni xalqları arasında sülhə, mehriban qonşuluğa deyil, düşmənçiliyin qızışdırılmasına xidmət edir, Türkiyəyə təzyiq, inkişafına və çoxyönlü xarici siyasət xəttinin reallaşdırılmasına mane olmaq məqsədi daşıyır. Ancaq nə qədər belə saxta qərarlar qəbul edilsə də, türk xalqının etmədiyini kimsə ona qəbul etdirə bilməz. Ən mötəbər tarixi mənbələr sübut edir ki, XX əsrdə dinc türk-müsəlman əhaliyə qarşı ilk dəfə olaraq kütləvi qırğınları erməni silahlı dəstələri 1905-1906-cı illərdə və Birinci Dünya müharibəsi illərində Cənubi Qafqazda, Şərqi Anadoluda, Cənubi Azərbaycanda və başqa yerlərdə törədiblər. Daha sonra isə daşnak Ermənistanı dinc türk-müsəlman əhalinin soyqırımını dövlət siyasətinə çevirib”.
 
M.Qasımlı əlavə edib ki, Avropa Parlamenti 100 il əvvəl olmayan bir şeyi siyasət alətinə çevirməkdənsə, 1992-ci il fevralın 25-26-da Ermənistanın Xocalıda günahsız insanları soyqırıma uğratdığını müzakirə etsin, təcavüzkarı ittiham etsin, işğalı pisləsin və qətnamələr qəbul etsin:
 
“Xocalıda törədilən soyqırımın şahidləri, foto və videoçəkilişləri durur. Təəssüf ki, biz belə bir münasibəti görmürük. Avropa Parlamentinin qondarma qərarı ikili standartların, erməni təəssübkeşliyinin, anti-türk və anti-müsəlman mövqenin konkret təzahürü olmaqla, Avropa demokratiyasına və dəyərlərinə olan inamı sarsıdır, qitə ölkələrini gözdən düşürür”.

PƏRVANƏ

 





18.04.2015    çap et  çap et