525.Az

Azərbaycan bir daha Türkiyənin yanında olduğunu ortaya qoydu


 

ƏLİ HƏSƏNOV: “AZƏRBAYCAN AVROPA PARLAMENTİ İLƏ MÜNASİBƏTLƏRİNƏ YENİDƏN BAXMALI OLACAQ”

Azərbaycan bir daha Türkiyənin yanında olduğunu ortaya qoydu<b style="color:red"></b>

Qondarma “erməni soyqırımı” məsələsində Qərbin Türkiyəyə qarşı qara kampaniya aparması Azərbaycanın da kəskin etirazına səbəb olub.

Roma Papası Fransiskdən sonra ermənilərin 1915-ci ildə “soyqırım”a məruz qalması barədə iddiaları qəbul edən Avropa Parlamenti bununla açıq şəkildə işğal, təcavüz və terrorizmlə məşğul olan ölkəyə arxa-dayaq olduğunu göstərib. Bunun bir adı var: Qərbin erməni təbliğatına qoşulması təkcə Türkiyəyə deyil, eləcə də türk və müsəlman dünyasına qarşı nifrətdən qaynaqlanır. Aprelin 24-ü yaxınlaşdıqca iki ölkə arasında seçim etməli olan dövlətlər həm də Türkiyə ilə Azərbaycanın dost və düşmənlərini müəyyənləşdirmiş olacaq. Rəcəb Təyyib Ərdoğanın saxta erməni təbliğatına cavab olaraq eyni gündə Çanaqqala zəfərinin 100 illiyini qeyd etməsi bu baxımdan mühüm hadisə hesab olunmalıdır.

Tarixi faktlar, arxiv materialları vasitəsilə öyrənməli olduqlarını məqsədli şəkildə “bilmək istəməyən” ermənilər və onların xristian havadarları əsassız qətnamələr qəbul etməklə nəsə əldə edəcəklərini düşünürlərsə əlbəttə ki, yanılırlar. 1915-ci ildə 1 milyon yarım erməninin türklər tərəfindən qətlə yetirildiyini deyən Ermənistanın hələ kağızda bu günə olan əhalisinin sayı 3 milyona qədərdir. Müxtəlif dövrlərin statistik göstəriciləri də sübut edir ki, Türkiyənin ərazisində 20-ci əsrin əvvəllərində heç yarım milyon erməninin yaşaması həqiqətə uyğun gəlmir. Qərbin hansı məqsədlə erməni uydurmasına dəstək verdiyi həm Azərbaycana, həm də Türkiyəyə yaxşı məlumdur. Anti-türk və islamafob qüvvələr yalnız xristian dövlətlərinin dünya üzrə üstünlüyə sahib olmasını istəyir. Onlar Azərbaycan və Türkiyənin qlobal proseslərə sürətlə qoşulmasını, öz mövqeyini müstəqil şəkildə ortaya qoymasını qəbul edə bilmir.

Ona görə də, bu cür məkirli kampaniyalar apararaq hər iki ölkənin mövqeyini zəiflətməyə çalışırlar. Bütün bunlara baxmayaraq Avropa dairələri qondarma “soyqırım” aktını qəbul etməklə Ermənistanı iqtisadi cəhətdən Türkiyəyə bağlaya bilməyəcəklərini dərk etməmiş deyillər. Lakin onların məqsədi ən azından iki ölkə arasında 1993-ci ildə erməni terror birləşmələrinin Dağlıq Qarabağa hücumlarının davam etdiyi zaman Kəlbəcəri işğal etməsindən sonra bağlanan sərhəd qapılarını açaraq Ermənistanı iqtisadi blokada şəraitindən çıxarmaqdır.

Azərbaycan isə qardaş ölkə Türkiyənin Birinci Dünya müharibəsindəki kimi Avropa dövlətləri tərəfindən təklənməsinə heç vaxt icazə verməyəcək. Əgər o dövrdə Osmanlı türkləri Qərbin işğalçı hücumlarına qarşı təkbaşına mübarizə aparırdılarsa, hərbi proseslərin diplomatik danışıqlar və siyasi-iqtisadi təzyiqlərlə əvəz olunduğu müasir dövrdə mübarizə meydanında Türkiyənin yanında Azərbaycan da var. Rəsmi Bakı hər zaman Türkiyənin yanında olduğunu sübut edib. Bu baxımdan 2014-cü ilin aprelin 24-də Prezident İlham Əliyevin Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin 5 illiyinə həsr olunan plenar iclasında Sarkisyana verdiyi cavab hələ də çoxlarının yaddaşından çıxmayıb.

İlham Əliyev işğalçı ölkənin rəhbərinin sammitdə Türkiyə təmsilçisinin iştirak etməməsindən istifadə edib rəsmi Ankaranın ünvanına işlətdiyi qərəzli ifadələri və heç bir tarixi fakta əsaslanmayan qondarma “soyqırım” iddialarını sərt qarşılayaraq “Türkiyə rəhbəri burada yoxdursa, mən burdayam” deməklə iki ölkə arasında tarixi bağların indi daha da möhkəm dostluq, qardaşlıq ənənələrinə kökləndiyini bütün dünyanın diqqətinə çatdırıb. Hal-hazırda da Azərbaycan xarici qüvvələrin Türkiyəyə qarşı qərəzli mövqeyinə adekvat cavab verməyə davam edir. Lakin Qərbin Azərbaycana insan hüquq və azadlıqları sarıdan davam edən hücumlarında ölkə daxili bəzi qüvvələrin buna dəstək verdikləri kimi qondarma “soyqırım” məsələsində də Türkiyəni arxadan vuran dairələr var.

Səlahəddin Dəmirtaşın rəhbərlik etdiyi Xalqların Demokratik Partiyası adlı qurum ermənipərəst mövqedən çıxış edərək işğalçıların səsləndirdiyi uydurmaları dəstəkləməyə davam edir. Bu həmin Dəmirtaşdır ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının əleyhinə anti-Azərbaycan qüvvələrin apardığı kampaniyaya dəstək olaraq guya Azərbaycanda itlərin kütləvi şəkildə öldürülməsini iddia edərək Türkiyənin müxtəlif şəhərlərində azsaylı etirazçıların iştirakı ilə aksiyaları təşkil edib. Bu o deməkdir ki, Türkiyənin daxildən parçalamağa cəhd edən qüvvələr ilə Azərbaycanda ölkə əleyhinə təbliğat aparan dairələr birgə fəaliyyət göstərir və eyni mərkəzdən idarə olunur.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamə qurumun tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, Birinci Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır.

Onun sözlərinə görə, bu qətnamənin anti-müsəlman və anti-türk ovqatından qaynaqlandığı şübhə doğurmur:

“Bu qərarın qəbul edilməsi onu göstərir ki, hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyə hökm sürür. Amma biz dövlət olaraq imkan verə bilmərik ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların beyninə yeridilsin”.

Ə.Həsənov bildirib ki, belə yalanlarla, “qara piar” kampaniyaları ilə “Avroviziya” mahnı müsabiqəsi zamanı, Ramil Səfərov Azərbaycana ekstradisiya olunarkən qarşılaşmışıq və indi də Birinci Avropa Oyunları ərəfəsində həmin dəst-xətti açıq müşahidə edirik”.

Ə.Həsənov onu da əlavə edib ki, bu qərardan sonra Azərbaycan Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmalı olacaq:

“Azərbaycan Avropa Parlamentinin “Avronest” qrupunda fəaliyyətini dayandırıb. Belə getsə, Avropa Parlamenti ilə bütün əlaqələrə yenidən baxmalı olacağıq”.

Bütün bunlar onu deməyə əsas verir ki, Qərbin ermənipərəst, islamafob və anti-türk qüvvələrinin Türkiyə və Azərbaycanda müxtəlif əsassız “problemləri” qaldırması bəhanə rolunu oynayaraq təzyiq etmək cəhdlərindən irəli gəlir. İki qardaş ölkənin siyasi və iqtisadi tərəfdaşlığı fonunda regionda artan türk-müsəlman gücü Qərb və ABŞ-ın maraqlarına uyğun deyil. Ona görə də, başda Roma Papası Fransisk olmaqla Avropanın xristian cəmiyyəti də Türkiyə və Azərbaycana qarşı qərəzli kampaniyaya qoşularaq dinlərarası münasibətləri kobud şəkildə pozurlar.

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, 24 aprel tarixi yaxınlaşdıqca erməni millətçilərinin anti-Türkiyə isterikası güclənməkdədir. Onun sözlərinə görə, dünya üzrə arzuladıqları şouya nail ola bilməyən “genosidçilər” xaricdə qopardıqları müxtəlif bəyanatlarla istəklərini az da olsa kompensasiya etməyə çalışırlar:

“Əslən Argentinadan olan Roma Papası Fransisk oradan olan erməni əsilli dostlarının tövsiyəsi ilə “genosid” hərəkatına dəstək verib və bunu reallıqla bağlamağa çalışıb. Ancaq o bu addımı ilə “Made in Armenia” olan 100 illik bir yalana dəstək vermiş olub. Bununla Fransisk xristian dininin sülh dini olduğunu məqsədli surətdə unutduğunu gizlədə bilməyib. Aprelin 15-i isə Avropa Parlamenti uydurma “1915-ci il erməni soyqırımı” iddiasını öz qətnaməsi ilə dəstəkləyib. Düzdür, avroparlamentin 616 üzvündən cəmi 61 nəfər deputatın bu qeyri-obyektiv qərarın qəbulunda iştirak etməsi heç yerdə vurğulanmayıb. Qitə parlamentində qərarın qəbulu üçün kvorum yoxdur, ancaq qərar Avropa adından qəbul edilib.

Daima dünyaya ədalət və sülh çağırışı edən Avropa 61 nəfər təmsilçisinin səsi ilə əvvəlki çağırışını qarşıdurma və ədalətsizliyi müdafiə çağırışına çevirib”.

Avropa Parlamentinin Ermənistanın Türkiyəyə qarşı böhtanlarını dəstəkləməklə öz tarixinin ən biabırçı qərarını qəbul etdiyini deyən millət vəkili Birinci Dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlıya qarşı qanlı mübarizəsinin nəticələrinin ədalətsiz və məqsədli şəkildəTürkiyənin adına yazıldığını vurğulayıb.

O qeyd edib ki, Türkiyə hökumətinin həmin dövrün arxivlərini açmaq barədə təklifinə Ermənistanın razı olmaması faktını isə Avropa Parlamentində heç kim eşitmək istəmir:

“Avropa Parlamenti “genosidçilər” hərəkatının Türkiyəyə qarşı iddialarının arxasında Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarının durduğunu və dünyanın siyasi xəritəsini dəyişmək istəyinin olduğunu görməzdən gəlir. Eləcə də həmin parlamentarilər Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqrımını törətdiyini də israrla görmək istəmirlər. Avropa Parlamenti dünənki qətnaməsi ilə Türkiyə ilə Ermənistan arasında seçimində Ermənistana üstünlük verib. Ancaq parlament bunun siyasi nəticələrini təəssüf ki, nəzərə almaq istəməyib”.

Politoloq Qabil Hüseynli bildirib ki, qondarma “soyqırım” məsələsində Qərbin ermənilərə dəstək verməsindən sonra Azərbaycan düzgün və dəqiq mövqe ortaya qoyub.

Onun sözlərinə görə, Avropa Parlamenti tarixi faktlara dayanmayan, erməni tarixçilərinin yozmalarına əsaslanan qeyri-real hadisəyə belə qiymət verirsə qurumun obyektiv fəaliyyəti haqqında ciddi şübhələr yaranır:

“Hesab edirəm ki, Avroparlament imzaladığı qətnamə ilə özünü və müdafiə etdiyi demokratik dəyərləri bütünlüklə hörmətdən salıb. Əgər sözügedən qurum hər il Avropa İtitfaqına daxil olan ölkələrdə aprelin 24-ü heç bir tarixi həqiqətə uyğun olmayan qondarma “soyqırımı” qeyd etmək haqqında qərar verirsə, keçən əsrin 90-cı illərində baş verən Xocalı, Qardağlı qətliamını, Dağlıq Qarabağın işğal faktını niyə tanımır? Bu vəziyyətdə biz Avropa Parlamentinin obyektivliyinə necə inana bilərik? 100 il əvvələ qayıtsaq, Azərbaycan və Türkiyə ərazilərində, eləcə də Qərbi Azərbaycanda çox az sayda erməninin məskunlaşdığının şahidi olarıq. Halbuki onlar uydurduqları “soyqırım” məsələsində ortaya şişirdilmiş rəqəmlər atırlar”.

Q.Hüseynli qeyd edib ki, Avroparlamentin demokratik dəyərləri qorumaq, insan hüquq və azadlıqlarını müdafiə etmək məqsədi ilə fəaliyyət göstərməsi barədə səslənən fikirlərin hamısı cəfəngiyyatdır:

“Qərb sivilizasiyaları bir-birinə yaxınlaşdırmaq əvəzində dini və etnik zəmində qarşıdurma yaratmağa çalışır. Dinlərarası və mədəniyyətlərarası dialoqa zərbə vurur. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. 1 milyondan artıq insanın hüquqları vəhşicəsinə pozulub. Ermənilər tərəfindən öz yurd və yuvalarından məcburi şəkildə qovulan azərbaycanlıların ən azı 25 faizi öz əcəli ilə deyil, ağır işgəncələrə məruz qaldıqlarına, acınacaqlı şəraitlə üzləşdiklərinə görə həlak olublar. Həmin insanlar da Azərbaycanın şəhidləridir. Dağlıq Qarabağın işğalı prosesində ölkəmiz xeyli şəhid verib, maddi və mənəvi itkilərlə üzləşib.
Erməni təcavüzü nəticəsində Azərbaycana dəyən ziyan 350 milyard dollarla ölçülür. Əgər Qərb bu haqsızlıqlara əhəmiyyət verməyib Osmanlı imperiyasına arxadan zərbə vuran erməni təcavüzkarlarının hadisələri təhrif edikləri formada qəbul edib buna “soyqırım” deyirlərsə deməli onların tarixə də hörməti yoxdur. Bu o deməkdir ki, avroparlamentarilər bütün məsələlərə tərəfli, ikili-standartlarla yanaşırlar. Çətin ki, bundan sonra qondarma “soyqırım” oyununda iştirak edən ermənipərəst dövlətlər Cənubi Qafqaz regionunda özlərinə layiqli tərəfdaş tapa bilsinlər”.

Ceyhun ABASOV

 





18.04.2015    çap et  çap et