525.Az

“Banklar kreditləri dollarla vermək istəyirlər, sahibkarlar isə...”


 

“Banklar kreditləri dollarla vermək istəyirlər, sahibkarlar isə...”<b style="color:red"></b>

“Bu gün banklar manatla kredit verməkdə maraqlı deyillər. İş adamları isə təbii ki, manatla kredit almaqda maraqlıdırlar”.

Bu barədə iqtisadçı ekspert Azər Mehdiyev bankların dollarla kredit vermələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün ölkədəki banklar manatla kredit verməkdən yayınaraq, daha çox dollarla kredit vermək istəyirlər:

“Sahibkarlar isə nəinki valyuta məsələsində, hətta uzunmüddətli kredit məsələsində tərəddüd edirlər. Banklar kreditləri daha çox dollarla vermək istəyirlər ki, etibarlı olsun.

Sahibkarlar isə dollarla kredit almaqdan imtina edirlər. Ona görə ki, manata nisbətən dolların kursunun qalxması gələcəkdə onlara əlavə problemlər yarada bilər. Əvvəldən mövcud olan risklər, həm də yeni risklərin ortaya çıxması faktiki olaraq bankları uzunmüddətli kredit verməkdən çəkindirir. Hətta sahibkarların özləri də dollarla uzunmüddətli kredit almaqdan çəkinirlər”.

Onun sözlərinə görə, irihəcmli kreditlərlə bağlı Azərbaycanda uzun müddətdir ki, problem var:

“Azərbaycanda sahibkarlara kreditləri Sahibkarlığa Kömək Milli Fondu verdiyi üçün banklar bu məsələdə maraqlı deyil. Yəni irihəcmli kreditlər bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün demək olar ki verilmir və ya tikinti sektoruna daha çox dəstək göstərilir”.

Ekspert qeyd edib ki, bəzi hallarda sahibkarların öz işlərində risklərə getməkdən çəkinməsi banklarda inamsızlıq yaradır: “Bundan başqa manatın devalvasiyası da həm sahibkarları, həm də bankları düşündürür: “Bu həm risklərin yüksək olması ilə bağlıdır, həm sahibkarlıq fəaliyyətindən son dərəcə  istifadə olunması və bankların bunu bilməsi, insanların etimadnamə təqdim edərkən bu işi davam edə biləcəklərinə inamının olmaması ilə bağlıdır. Yəni uzun zamandan bəri Azərbaycanda real sektorun maliyyələşdirilməsi ilə bağlı problemlər mövcuddur. Ancaq son zamanlar burada yeni problem də ortaya çıxır. Belə ki, manatın devalvasiyasından sonra ölkəyə neft gəlirlərinin azalması ilə bağlı olaraq həm banklar, həm də sahibkarlar başa düşürlər ki, qarşıdan gələn dövrdə manatın məzənnəsində ciddi dəyişikliklərin baş verməsi ehtimalı yüksəkdir”.

Ekspert onu da qeyd edib ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində prezident tərəfindən hələ 2 il əvvəl fərman verilməsinə baxmayaraq, yerli strukturlar bu fərmanın icrasını ləngidiblər:

“Azərbaycanda uzunmüddətli kreditlərlə bağlı yaranmış problemin həllinin ən düzgün yolu iqtisadiyyatdakı inhisarlaşmanın aradan qaldırılması prosesinin sürətləndirilməsidir. Təşəbbüskarlığa meydan verilməsi, sahibkarlıq mühitində olan problemlərin aradan qaldırılması kimi problemlər həllini tapmalıdır”.

İqtisadçı ekspert Nicat Hacızadə isə deyib ki, son statistik göstəricilərə baxılsa, verilmiş kreditlərin həcmi 2014-cü ilin mart ayının 1-i ilə müqayisədə 32,1 faiz artıb, onun 78,2 faizi və ya 16,2 mlrd. manatı uzunmüddətli olub. Onun sözlərinə görə, bu gün bankların ən böyük bəlası problemli kreditlərdir:

“Bu prosesin öhdəsindən gələ bilməyən banklar daha sonra məcbur olaraq ixtisarlara gedirlər.

“Bu nə deməkdir? Səbəb aydındır bankların hesabatlarına baxsaq kredit portfelinin çox hissəsini qaytarılmayan borclar təşkil edir. Bu da banklardakı likvididliyi aşağı salır. Yəni nağd pul problemi yaradır.

Nəzərə alsaq ki, bankın daxili xərcləri var, filialların saxlanılması, əmək haqlarının verilməsi, dividendlərin imtiyazlarının səhmdarlara verilməsi, kommunikasiya xərcləri, depozitlərə əlavə olunacaq faizlər, xarici institutlar qarşısındakı öhdəliklər və s. Təbii ki, likvididsizlik şəraitində bütün bunların öhdəsindən gəlmək çətin olacaq. Həmçinin sosial problemlərə, işsizlik təhlükəsinə bu proses yol açır. Biz eşidirik ki, bəzi banklar işçi ixtisarlarına gedir, iş departamentlərin birləşdirilməsi hansı ki, bu da müəyyən qədər iş prosesinə mənfi təsir edəcək”.

Ekspert onu da qeyd edib ki, hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, daha sonra isə prezident İlham Əliyev tərəfindən banklara həddindən artıq dəstək göstərilib:
 
“Bu gün onlara göstərilən dəstəyin əvəzində banklar problemli kreditləri ortaya atır. Təbii ki, burada sual ortaya çıxır ki, bunun üçün nə etmək lazımdır. Dünya praktikasında bu hallarda böyük nizamnamə kapitalına malik banklar qeyd etdiyim problemi tərkibinə qatır, bundan əlavə banklar gərək likvididlik üçün müəyyən kreditlər cəlb etməlidir, ya xarici institutlardan və ya xarici banklardan, eyni zamanda Mərkəzi Bankdan, yaxud digər böyük likvididliyə malik banklardan.

Təbii ki, bu halda vəziyyət asan olmayacaq. Hər halda maliyyə hesabatına əsasən vəziyyəti ağır olan bankın riskləri idarə edildikdən sonra həmin şəxslərə kreditlər verilir, bu vəziyyətdə ağır vəziyyətdə olan banklara kredit verilsin. Dövlət dəstəyi təbii ki, ola bilər. Amma nəzərə alaq ki, banklara dövlət ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə həddindən artıq dəstək göstərilib və həmçinin prezident İlham Əliyevin banklara dəstəyi və tövsiyələri əvəzedilməzdir.

Amma banklar təbii ki bu dəstəyə sədaqəti çox davam etdirə bilmədilər. Bu gün problemli kreditlər artıq buna əyani sübutdur. Amma təbii ki, zamanında fəaliyyətini düzgün qurmuş banklar və risklərini düzgün idarə etmiş banklar bu vəziyyətdən rahatca çıxdılar və çıxacaqlar. Ümid edək ki, dövlətimiz bir sıra bankların ağır vəziyyətlərində onlara bir daha öz dəstəyini göstərəcək”.

PƏRVANƏ

 





18.04.2015    çap et  çap et