525.Az

“Ermənistan cəmiyyəti işğalçı siyasətin qurbanına çevrilib”


 

“Ermənistan cəmiyyəti  işğalçı siyasətin qurbanına çevrilib”<b style="color:red"></b>

Milli Məclisin (MM) deputatı Asim Mollazadə Los-Ancelesdə Ermənistan-Azərbaycan münaqişəsi barədə çıxış edib. ABŞ-ın Los-Anceles şəhərində amerikalı və beynəlxalq ekspertlərin, eləcə də diplomat və ictimai-siyasi xadimlərin iştirakı ilə elmi konfrans keçirilib, konfransda Ermənistan- Azərbaycan münaqişəsi müzakirə edilib.

A.Mollazadə çıxışında  Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına diqqət çəkən millət vəkili bu işğal faktının dondurulmuş münaqişəyə çevrilməsində əsas məsuliyyətin beynəlxalq təşkilatların üzərinə düşdüyünü bildirib. O, qeyd edib ki, BMT, ATƏT kimi beynəlxalq təşkilatların Ermənistana hər hansı konkret təzyiq etməməsi, Ermənistan tərəfindən işğalçı siyasətin davam etdirilməsinə rəvac verir. Millət vəkili, həmçinin vurğulayıb ki, bu durumda sadəcə, azərbaycanlı qaçqın və məcburi köçkünlər əziyyət çəkmir.  Eyni zamanda, ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistan cəmiyyəti də bu işğalçı siyasətin qurbanına çevrilib.

Çıxışında Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərdən də bəhs edən millət vəkili, Ermənistan tərəfindən azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb. A.Mollazadə qeyd edib ki, bu gün regionda real sülhə nail olmaq üçün birinci növbədə Ermənistan müstəqil dövlət kimi formalaşmalı, öz suveren iradəsini nümayiş etdirməyi bacarmalıdır. “Əks təqdirdə, Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həlli görünmür”.

Çəpmən Universitetinin əməkdaşı Ceyms Koyl isə çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, indiyə qədər görülən işlərin, irəliyə sürülən təkliflərin heç bir nəticə vermədiyini, Qrupun bu fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. C.Koyl ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, bu Qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.

Kamil HƏMZƏOĞLU

 





18.04.2015    çap et  çap et