525.Az

“Bəzi xarici dairələr Azərbaycana qarşı təxribat aparırlar”


 

“KORRUPSİYA İTTİHAMI DA ÖLKƏMİZDƏ KEÇİRİLƏCƏK I AVROPA OYUNLARINA QARŞI TƏXRİBATIN BİR HİSSƏSİDİR”

“Bəzi xarici dairələr Azərbaycana qarşı təxribat aparırlar”<b style="color:red"></b>

“Bir sıra Avropa ölkələri və xarici qurumlar  Azərbaycana qarşı təxribat aparır. Ölkəmizə qarşı son günlər bəzi ölkə və qurumlar tərəfindən müşahidə olunan münasibəti belə qiymətləndirmək olar. Çünki Azərbaycanda insan haqlarının pozulmasını iddia edən bəzi təşkilatlar kiçik bir problemi şişirdərək bütün dünyaya yayırlar”.

Bu barədə  Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti Namiq Axundov  bildirib.

Ekspert düşünür ki, bunlar hamısı bir təxribatdır və maraqlı qüvvələrin məqsədi də ölkəmizin dünyadakı nüfuzuna xələl gətirməkdir:

“Bu məqsədlə korrupsiya məsələsinə də əl atıblar. Azərbaycanda yüksək səviyyədə korrupsiya ilə mübarizə tədbirləri həyata keçirilir. Bunu bir sıra qurumlar da dəfələrlə etiraf ediblər. Dövlət başçısı da bu məsələdə iradəsini ortaya qoyub, çox ciddi tapşırıqlar verib. Ona görə də bu məsələdən bəzi dairələr aldıqları sifarişi yerinə yetirmək üçün istifadə edirlər”.

O xatırladıb ki, hətta İtaliyada 2013-cü ilin sonlarında məlum olub ki, Akvila şəhərinin bərpası üçün ayrılmış dövlət vəsaiti mənimsənib:

“Onun bərpasına 8 milyard avro ayrılıb.Lakin indi məlum olub ki, tikinti smetası tutularkən xərclər dəfələrlə şişirdilib, tikilən evlər isə yaşayış üçün yararsızdır. Bununla bağlı bərpa işlərinə yaxın illərdə daha 8 milyard avro ayrılması nəzərdə tutulur. İtaliyada aparılan araşdırma nəticəsində 25 milyard avro dəyərində layihələrdə korrupsiya faktı aşkarlanıb, 4 nəfər həbs edilib, 51 nəfər isə istintaqa ifadə verib. Bu qədər faktın qarşısında Avropanın Azərbaycanı korrupsiya ittihamı ilə suçlamasına fikir vermək lazım deyil. Burada Avropa dövlət rəsmilərinin maraqları var və bu, Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qarşı təxribatın bir hissəsi sayıla bilər”.

İqtisadçı ekspert Mənsur Bərxudarov isə bildirib ki, müstəqillik əldə edildikdən bu günə kimi Azərbaycan bütün postsovet ölkələri içərisində ən çox uğur qazanmış ölkələrdən biri kimi qeyd olunur.

Onun sözlərinə görə, Azərbaycan dünyanın reytinq kampaniyalarının tərtib etdiyi cədvəllərdə ön sıralara doğru irəliləməkdə davam edir:
 
“Dövlətimizi istəməyən qüvvələr isə qara piarla məşğuldurlar. Azərbaycanın ildən-ilə yerinin möhkəmlənməsi, sıralamada 50-ci yerdən 48, 45 və 42-ci yerə qədər çıxması o deməkdir ki, ölkəmiz bir sıra problemlərin həllində, o cümlədən, korrupsiya probleminin həllində ildən-ilə uğur əldə edir. Bəlkə də Azərbaycan korrupsiyaya qarşı intensiv mübarizə aparan yeganə postsovet ölkələrindəndir”.

Ekspert onu da qeyd edib ki, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qaralama kampaniyaları geniş vüsət alıb. Bütün bunların altından isə yenə də ermənilər çıxır:

“Bu gün Azərbaycanın beynəlxalq aləmdə iqtisadi inkişafını istəməyən ölkələr və ermənipərəst qüvvələr Azərbaycanın I Avropa Oyunlarının keçirildiyi məqamda qara piarla məşğuldurlar. Yəni Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq üçün bütün tədbirlərə əl atırlar. Beynəlxalq kürsülərdən Azərbaycana qarşı ünvanlanan təhdidlər məhz ölkəmiz üçün qara piar xarakteri daşıyan bir məsələdir. Reallıqda isə Azərbaycan öz yolu ilə gedir, bütün sahələrdə, o cümlədən, sosial-iqtisadi sahədə inkişafı davam edir.

Azərbaycanın xarici iqtisadi siyasəti davamlı xarakter daşıyır. Bu xarici iqtisadi siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu istəməyənlər Azərbaycanı istəməyənlərdir. Bunlar isə ermənipərəst qüvvələrdir. Çünki bu gün ermənilər istəmir ki, Azərbaycanın beynəlxalq aləmdə müsbət imici formalaşsın. Ermənilər istəmədiyi üçün də onlara xidmət edən bütün bədxah qüvvələr Azərbaycanın beynəlxalq imicinin qara piarı ilə məşğuldurlar. Bu sahədə təəccüblənmək lazım deyil”.

M. Bərxudarov onu da qeyd edib ki,  Azərbaycan öz müstəqil iqtisadi-siyasi fəaliyyətindən əl çəkməyəcək:

“Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, ziyalılarımız çalışmalıdır ki, ölkəmizin inkişafı davamlı olsun. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və heç bir ölkədən asılı deyil, öz siyasətini də özü müəyyənləşdirir. Bu gün bilirik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, xüsusilə Rusiyadan qaz asılılığının azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan günbəgün geo-siyasi və geo-iqtisadi müstəvidə aktuallıq kəsb etməyə başlayıb. Azərbaycanı istəməyən qüvvələr əlbəttə ki, ölkəmizə qarşı qara piar formalaşdırmaq, şər, böhtan kampaniyası aparmaq  üçün əllərindən gələni edəcəklər. Bütün bunların qarşısını almaq, onlara layiqli cavab vermək üçün isə Azərbaycan prezidenti var, Azərbaycan dövləti var, Azərbaycanın vətənpərvər ziyalıları var. Biz əlimizdən gələni edəcəyik ki, Azərbaycan gələcəkdə davamlı şəkildə inkişaf etsin. Ermənilər və ermənipərəst qüvvələr də bizim gücümüzün qarşısında geri çəkilməyə məcbur olacaqlar. Azərbaycanın sabit və dinamik inkişafı davam edir, bunu istəməyənlər heç nəyə nail ola bilməyəcəklər”.

PƏRVANƏ

 





18.04.2015    çap et  çap et