525.Az

Neft, Kalaşnikov və bulaqlar diyarında Novruz - Fotoreportaj


 

Neft, Kalaşnikov və bulaqlar diyarında Novruz - <b style="color:red">Fotoreportaj</b>

Masamın üzərində Azərbaycan diasporunun çağdaş durumunu əks etdirən statistik məlumat toplusu var. Hansısa saytdan götürülüb. Faktlara, rəqəmlərə, ölkə, şəhər, təşkilat adlarına nəzər salıram. Orada vurğulanır ki, azərbaycanlılar Yer planetinin beş qitəsində də var.

Sayımız - 50 milyon. Soydaşların on milyondan çoxu Vətəndən qıraqda - el dilincə deyilsə, qürbətdə yaşayır. Çox güman ki, onların hər birini yaxın-uzaq ölkələrə bağlayan səbəblər var...

Bəri başdan deyim, diaspor həyatından hansısa problematik bir yazı qələmə almaq fikrim yoxdu. Bu qeydlərin məqsədi olduqca lokaldır. Bununla belə, bir az öncə nişan verdiyim məlumat toplusu ilə ətraflı tanış olmağım da səbəbsiz deyil.

lll

...Bəlkə romantik xəyal xatirinə, bəlkə zorən və ya könüllü, bəlkə eləcə, tale qismətinə görə təbii zəmindən qopan, sonradan fövqəladə iradə, inadkarlıq sayəsində özü-özünü bərpa edən, Yer kürəsinin uzaq-yaxın ünvanlarını ikinci Vətənə çevirən soydaşlarımızın nəbzinin necə döyündüyünü hiss edirəm. Və bu an fikirləri cəmləşdirib kağıza köçürmək həvəsimə qəribə bir həyəcan qarışır.

Şübhəm yoxdur ki, ayrı vaxt, daha doğrusu, ötən Novruz axşamından irəliki vaxtlar olsaydı, göz önünə səpələnən bu sənədlər mənə quru hesabatların, statistik məlumatların saxlancı kimi görünərdi. Amma indi dediyim kimi olduqca doğma hisslər keçirir, yer üzünə səpələnmiş soydaşlarımızı özümə ən azı bir köynək yaxın sayıram.

2015-ci il, mart ayının 19-u, əziz Novruz axşamı... yaşanan ovqatın səbəbini izah edərkən bəlkə də bu tarixdən başlamaq lazım idi.

Belə oldu ki, Novruz bayramına beş-on gün qalmış Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu telefon açıb bir arzusunu bildirdi. Əslində bu arzu deyil, hər kəsin ürəyindən ola biləcək gərəkli bir təklif idi. Təklifə görə biz Rusiya Federasiyasının Udmurtiya Respublikasına, daha doğrusu, paytaxt İjevsk şəhərinə səfər etməli, orada yaşayan Azərbaycan cəmiyyətinin düzənlədiyi bayram tədbirlərinə qatılmalıydıq. 130-dan çox (!) millətin yaşadığı Udmurtiyanın əhalisinin sayı milyon yarımdır. Sahəsi 42.1 min kvadrat kilometrdir. Neft, silah və bulaqlar ölkəsidir. Paytaxt İjevskdə 610 min əhali yaşayır. Rusiyanın Kirov, Perm, Başqırdıstan və Tatarıstan subyektləri ilə həmsərhəddir. Orada məskunlaşan azərbaycanlıların sayı 10 mini ötüb. Biz onlarla görüşə yollanırdıq...

Səfərlə əlaqədar irəlicədən zəruri və rəsmi yazışmalar aparılmışdı. Proqrama əsasən Udmurtiya Respublikasının rəhbərliyi, nazirlikləri ilə görüşlər, böyük Novruz şənliyi, diaspor fəalları ilə toplantı, poeziya və musiqi gecələri, rəsmi dəyirmi masa, Udmurtiyanın tarixi məkanları, iqtisadi, mədəni həyatıyla tanışlıq və s. nəzərdə tutulurdu.

Hava alanında məlum oldu ki, nümayəndə heyətinə Azərbaycanın ictimai həyatında kifayət qədər tanınan insanlar daxildir. Udmurtiya görüşlərinin yüksək səviyyədə baş tutmasında zəngin təcrübə, bilik sərgiləyən bu şəxsiyyətlərin Azərbaycanı ucaldan, soydaşlarımıza sözün həqiqi mənasında ürək verən çıxışlarını bu sətirləri yazarkən də xatırlayıram. Bunlar - Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, tanınmış jurnalist, Milli Məclisin deputatı Sahib Alıyev, Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev, tanınmış hüquqşünas Şirxan Adıgözəlov, iş adamı Rafiq Qarayev idilər.

Azərbaycanın Xalq artisti Fəxrəddin Dadaşov və istedadlı xanəndə Qoçaq Əsgərovun rəhbərlik elədiyi musiqi qrupunun sorağı yəqin ki, hələ biz hava alanında olarkən, İjevskə çatmışdı və haqlı olaraq onları orada səbirsizliklə gözləyirdilər.

lll

Elektron biletlərimiz eyni vaxtda qeydiyyatdan keçdiyinə görə uçaqda yerimiz yanaşı düşdü. Keçib rahat kürsülərə əyləşəndə dedim:

- Umud müəllim, yadındadı, iki il öncə İjevskdə uçmağımız? Deyəsən, elə bu təyyarə idi...

O güldü:

- Qardaş bu, iki il ərzində bəlkə yüz uçaq dəyişmişəm, ola bilər unudum, amma səninlə İjevskə səfərimi heç zaman unuda bilmərəm.

Səhv etmirəmsə, onda da Novruz bayramıydı. Təsadüf elə gətirdi ki, biz orada olarkən Umud müəllimin qardaşı Zülfüqar yeni yaratdığı “Tülpan” istirahət mərkəzini açılışa hazırlayırdı. Hava soyuq idi. Yağmasa da yerdə qalan qar buz bağlayıb istilərin düşməyini gözləyirdi. Çünki İjevskin yaz günəşi eləcə işıldayırdı, qalın buzlağı ərintiyə gücü çatmazdı onun.

O zaman mən Zülfüqarı ilk dəfə görürdüm. Onu zəhmət və xeyirxahlıq timsalı kimi tanıdım. Hər işin dalınca özü qaçırdı. Çətin olsa da, işgüzar həyatdan enerji aldığı göz qabağındaydı.

Aradabir acıdığımızı xatırlamasaydıq, heç yemək də yadına  düşməzdi. İşin məsuliyyətini anladığımıza görə Zülfüqarın bu “qonaqpərvərliyinə” dözür, hətta onun xırda-para buyruqlarını da yerinə yetirirdik.

Mən bilirdim ki, Zülfüqarın, eləcə də bir çox digər azərbaycanlıların Udmurtiyada yurd-yuva salmağında Umud müəllimin rolu olub. Təfsilatı da nə zamansa danışmışdı. Bəlkə də uzun yola körpü salmaq üçün tarixçəni təzədən dinləmək istədim.

- Demişdim axı sənə, - Umud müəllim elə bil fikrimdən keçəni oxudu - 1980-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda  oxuyurdum. Bir gün dedilər ki, tələbələri keçmiş SSRİ-nin müxtəlif respublikalarına yaradıcılıq ezamiyyətinə yollayırlar. İndi xatırlamıram, nə təhər oldusa, Udmurtiyanı seçdim. Çox gənc idim, hər yerə getmək istəyirdim.
 
Getdiyim hər yer möcüzəli görünürdü. Bəzən böyük hərəkatların siftəsində təsadüflər olur. Təsəvvür elə, mənim ora -göndərilməyimdən 7-8 il sonra - 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondu yaradıldı və bir il keçmiş məhz Udmurtiyada təşkilatın ilk bürosu açıldı. Mənim məsləhətimlə Zülfüqar İjevskdə ali təhsil aldı, orda həyatını qurdu...

İndi biz ora gedirdik; on min soydaşın sığındığı, Zülfüqar ünvanlı ikinci Vətənə. İki il də tarixdi. Ən azı bir insan taleyi baxımından. Məsələ belədir ki, Umud müəllimin “Udmurtiyanı Kolumbun kəşfindən” otuz il sonra orada 10 mindən çox Azərbaycan türkü yaşayır və onların cavan ağsaqqalı qardaşımız Zülfüqardı.

Statistikaya görə 100 il öncə indi 130 millətə Vətən olan Udmurtiyada azərbaycanlı qeydə alınmayıb.

Sonrakı illərdə orada məskunlaşan yurddaşlarımızın say artımı beşdir. 1939-da 66 nəfər, 1979-da 870, 1989-da 1799, 1910-da 3895 nəfər, 2002-də 3908, 2014-də 10 min nəfər.

İndi 2015-ci ilin mart ayıdır. Biz Domodedovaya uçuruq, yolumuzun davamı İjevskdir.

- Bilirsən, Vaqif, milyon yarımlıq bir məmləkətdə 10 mindən çox azərbaycanlı ötəri göstərici deyil. Bu resursdur, bu bizim ölkəmizin yatırımıdır. Hesab elə ki, məhlə almışıq, qorusaq, inkişaf etdirsək, daha da artacaq. Məqsəd sarı alaq kimi dünyanı bürümək deyil, Azərbaycan rişədir, kökdür, ondan qalxan  hər budağın, yarpağın vəzifəsi o kök, o rişəyə gün işığı daşımaqdır. Fikrimi çatdıra bildim? - deyə soruşur Umud müəllim.

Fərdi təmaslarda adətən, az danışan, daha çox dinləyən dostumun mental nitqi və sonuncu ritorik sualı düşünməyə əsas verir. Rəsmi hesablamalarla üst-üstə düşməsə də, Türkiyə və Rusiyanın ayrı-ayrılıqda hərəsində 3 milyon, İraqda 1 milyon, ABŞ-da 1 milyon, Misirdə 900 min, Pakistanda 650 min, Gürcüstanda 500 min, Ukraynada 500 min, İordaniyada 450 min, Hindistanda 300 min, Almaniyada 300 min, Əlcəzairdə 260 min... beləcə azala-azala getmək şərti ilə dünyanın hər bir ölkəsində Azərbaycan türkləri məskunlaşıblar. İndiki İran İslam Respublikasının 30 milyon, Azərbaycanın Respublikasının 9.5 milyon sakinini, əlbəttə diaspor hesab edə bilmərik. Onlar öz tarixi vətənlərində yaşayırlar.

Belə görünür ki, güc olmaq üçün say yetərlidir. Məqsədli idrakı isə böyük birlik, ardıcıl təmaslar formalaşdırır. Yoxsa bizim İjevskdə nə işimiz?

lll

İjevskin Sovet dövrünü xatırladan sadə hava alanına axşam çatdıq. Nümayəndə heyətinin ən gənc üzvü Uğur Əliyev Heydər Əliyev hava limanını ilk dəfə görmüşdü, üç saat sonra Moskvanın Domodedova hava limanına baxdı və yaşına uyuşmayan bir ciddiyyətlə “bu aeroport niyə bu kökdədi?! Hayıf deyil Bakının hava limanı, par-par alışıb yanır...” Domodedovanı bəyənməyən Uğur İjevsk aeroportunun yaraşığından çətin ki, razı qalsın...

Bir azdan hava qaralacaq. Ötən səfər gəldiyimdən fərqli olaraq torpaq buz qatıyla örtülməyib. Amma orda-burda tala-tala qar qalaqları ağarır. “Göydən yenən adamlar”, adətən, bir müddət cəhətləri müəyyən edə bilmir. Azərbaycanın Xalq artisti, kaman ustası Fəxrəddin Dadaşovla tələsik qeydiyyatdan keçib on saatlıq yolçuluqdan sonra aerovağzalın icazəli küncündə siqaret alışdırdıq. Cəhəti müəyyənləşdirmək heç ağlıma da gəlmir. Yaddaşım isə mənə xatırladır ki, İjevskdir. Şəhərdən çox-çox uzaqlarda qürub edən günəşin qızartısı hələ üfüqdən tam çəkilməyib.

Biz İjevskin “Park-inn” otelində yerləşərkən, elə foyedəcə Qafar müəllimin sonsuz səmimiyyət dolu səsi yüksəlir. O, hamının eşidəcəyi səs tonuyla deyir:

- Gördünüz, qardaşlar, bizi qarşılamaq üçün az qala hərəmizin arxasınca bir maşın gəlmişdi.

Qafar müəllim diasporla işin həm təcrübə, həm də nəzəri baxımdan kamil bilicisidir. İki günlük səfər boyunca biz dönə-dönə bunun şahidi olduq. Politoloqların “siyasətdə səmimiyyət olmur” fikrinin əksinə, dövləti təmsil edən bu insanın siyasəti səmimiyyətdir. Bəlkə buna görə də baş verən ən xırda nüanslara realist yanaşır. O, uzun yol yorğunluğunun azalda bilmədiyi işıqlı təbəssümlə fikrini tamamlayır:

- Bilirsən, qardaş, dünyanın harasında yaşamasından asılı olmayaraq insanın özünü rahat hiss etməsinin birinci şərti iqtisadi özgürlükdür. Bu isə ağıl və zəhmətlə qazanılır. Görünür, Udmurtiyada yaşayan həmvətənlərimiz bu vacib şərti doğruldublar. Doğmalarla görüş nə qədər həyəcanlı və xoş olsa da, yol yorğunluğu qısa zaman sürəsində hamını otel odalarına çəkib apardı. Üstəlik hamının nəzərinə çatdırılmışdı ki, sabahın iş qrafiki kifayət qədər sıxdır.

lll

Azərbaycan nümayəndə heyətinin ilk görüşü Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyində baş tutdu. Əslində bu görüş Milli siyasət naziri xanım Larisa Buranovanın rəsmi qəbulu formatını aşırdı, çünki görüşdə Respublikanın sahə nazirləri (Mədəniyyət, Ekologiya), digər dövlət və ictimai qurumların məsul şəxsləri iştirak edirdi. Tərkibə və qaldırılan məsələlərin miqyasına görə bu tədbiri praktik konfrans, yaxud rəsmi dəyirmi masa hesab etmək olardı.
 
Görüşdən sonra toplantı iştirakçılarının hamısıyla birgə Nazirliyin beş-on addımlığında yerləşən “Xalqlar dostluğu” sarayına gəldik.
 
Necə deyərlər, Sovet stilində tikilən və qədirbilənliklə qorunan bu bina İjevskin nadir memarlıq abidələrindən biridir. Üçüncü mərtəbədə Udmurtiyada fəaliyyət göstərən milli birliklərin, əsas diaspor təşkilatlarının ofisləri yerləşir. “Dostluq” - Azərbaycan İctimai Mərkəzinin qərargahı da buradadır.

Sarayla tanışlığın sonunda xanım Buranova bildirdi ki, sabah səhər, saat 9 tamamda Udmurtiya Respublikasının başçısı Aleksandr Solovyovla Azərbaycan nümayəndə heyətinin görüşü də burada, Xalqlar Dostluğu sarayında keçiriləcək.

lll

Bazar günü. Respublikanın başçısı Aleksandr Solovyov doqquza beş dəqiqə qalmış gəldi. Sadə kostyumdaydı. Pencəyinin altındakı səma rəngli köynəyi qalstuksuz idi. O, 2014-cü ilin sentyabr ayında 441 min seçicinin, 84 faizi Udmurtiya vətəndaşının səsini qazanacaq Respublikanın başçısı seçilmişdi.

Başçının üz cizgilərində təcrübə, ağıl, zəhmətsevərlik və xeyirxahlıq nişanələri elə ilk baxışda, açıq-aydın görünür. Onun səmimiyyəti nümayəndə heyətimizin hər bir üzvünü danışmağa, hər iki tərəf üçün maraqlı olan məsələləri müzakirəyə sövq edir.

Görüşdə Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyov bildirir ki, Azərbaycan və Rusiya dövlətləri arasında münasibətlərinin dinamik inkişafı bütün sahələrdə uğurlu nəticələrin əldə olunmasına şərait yaradır. Bizim əməkdaşlığımız dostluq, mehriban qonşuluq, qarşılıqlı maraq, hörmət, etimad faktorlarına söykənir, proqnozlaşdırıla bilir və sabitdir. Ona görə də sarsılmazdır.

Udmurtiyanın Rusiya Federasiyasının aparıcı subyektlərindən biri olduğunu xatırladan A.Solovyov məlumat verir ki, hazırda Udmurtiya Rusiyanın neft-qaz çıxarma və müdafiə sənayesi məhsullarının istehsalına görə əsas mərkəzlərindən biri sayılır. Əhalisinin sayı 1,5 milyon olan Udmurtiyada ümumilikdə 130 etnik qrupu təmsil edən müxtəlif millətlərə mənsub vətəndaşlar sülh və sabitlik şəraitində yaşayır. Buradakı Azərbaycan diasporunun ölkənin ictimai həyatında rolunu yüksək qiymətləndirən A.Solovyov diasporun iqtisadi imkanlarının artmasında maraqlı olduğunu bildirir və Azərbaycanın biznes təmsilçilərini də Udmurtiyaya investisiya qoymağa dəvət edir.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycanın Rusiyanın köhnə və etibarlı tərəfdaşı olduğunu söyləyir. Bildirir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanla Rusiya arasında yeni əməkdaşlıq mühiti yaranıb. Məhz ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin və səyləri, uzaqgörən siyasəti sayəsində hər iki ölkə Qafqaz, Xəzər regionlarında, MDB məkanında, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstərməyə başlayıblar. Bu əməkdaşlığın əsası ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də siyasi sahədə münasibətimiz inkişaf edir, hər iki ölkə beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edir, qarşılıqlı dəstək siyasətinə sadiqlik göstərirlər.

Qafar müəllim bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu böyükdür. Bu baxımdan Rusiyanın münaqişənin həll prosesinə dəstəyi bütünlükdə regionun siyasi, iqtisadi, təhlükəsizlik sahəsində problemlərinin həllinə təkan vermiş olar.

Millət vəkili Sahib Alıyev deyir: Hər iki xalq ümumi tarixə malikdir, - deyə sözə başlayır - Bu coğrafiyada uzun illərdir qonşu olan ruslar və azərbaycanlılar həmişə sülh, əməkdaşlıq, sabitlik və əmin-amanlıq şəraitində yaşamağa can atıblar. Ölkələrimiz arasında iqtisadi əlaqələr gündən-günə yüksəlir, ticarət dövriyyəsi artır. Təkcə Rusiyaya Azərbaycan 1 milyard dollardan artıq investisiya qoyub. Bu isə iki ölkə arasında mövcud etimad və etibarın bariz nümunəsidir”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli diqqəti əsasən iqtisadi əlaqələrin səviyyəsinə yönəldir və Azərbaycanın məhsul ixrac etdiyi ölkələr arasında Rusiyanın ilk yerdə durduğunu vurğulayır. Azərbaycan iqtisadiyyatının günü-gündən gücləndiyini, ümumi daxili məhsulun son 11 ildə 3-4 dəfə artdığını xatırladan Elman müəllim qarşılıqlı səfərlərin baş tutması ilə daha çox ortaq məxrəclərin tapılacağına əmin olduğunu bildirir.

Səfərin təşkilatçılarından biri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Respublikanın başçısına müraciət edib söyləyir ki, Udmurtiya onun üçün doğma diyardır. Burada onun rəhbərlik etdiyi fondun 1993-cü ildə ilk xarici nümayəndəliyi açılıb. BAMF-ın MDB məkanında BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvlüyünü qazanan az sayda təşkilatdan biri olduğunu deyən Umud müəllim dünya üzrə bu statusa cəmi 148 təşkilatın yiyələndiyini xatırladır.

O da təsdiqləyir ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlar arasında əlaqələr dinamik inkişaf edir. Moskvada və Rusiyanın digər şəhərlərində çoxlu sayda azərbaycanlı yaşayır. Onların arasında xeyli həkim, alim, pedaqoq və ölkəmizi geniş şəkildə təbliğ edən digər peşə sahibləri var. Rusiyanın Udmurtiya Respublikasında fəaliyyət göstərən “Dostluq” - Azərbaycan İctimai Mərkəzi də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi fəaliyyət göstərir. Mərkəzin məqsədi Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, mədəni təşəbbüslərin irəli sürülməsi, Rusiya cəmiyyətinin mədəni həyatına Udmurtiyadakı azərbaycanlıların fəal inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, iki ölkənin əlaqələrinin möhkəmlənməsinə töhfə verilməsi, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Təşkilat fəaliyyətini hər iki ölkənin milli maraqları əsasında qurub və hər iki ölkənin prioritet hesab elədiyi istiqamətlər üzrə bundan sonra da davamlı olaraq aktiv işlər görmək niyyətindədir.

Azərbaycanın milli bayramı olan Novruzda dostların və yaxın insanların bir-birilərinin evlərini ziyarət etdiyini xatırladan Umud müəllim əmin olduğunu bildirir ki, bayram günlərinə təsadüf edən bu əlamətdar səfər də yadda qalan olacaq və Udmurtiya ilə Azərbaycanın müxtəlif regionları arasında əlaqələrin daha da inkişafında özünəməxsus rol oynayacaq.

Sonda Azərbaycan nümayəndə heyəti tərəfindən Udmurtiya Respublikasının rəhbərinə BAMF-ın ali mükafatı, dəyərli hədiyyələr təqdim olunur. Bununla yanaşı cənab A.Solovyova Novruzun atributu olan Səməni təqdim edilir.

Təəssüratlarla zəngin görüşün finalında Udmurtiya Respublikasının rəhbəri tezliklə Azərbaycanı görmək arzusunda olduğunu etiraf elədi. O, vətəndaş cəmiyyəti təmsilçilərinin belə bir səfərin baş tutmasında fəal iştirak etməsini alqışladı. A.Solovyov səfərdən sonra birgə əməkdaşlığın sahələrini müəyyənləşdirmək və aktiv şəkildə bu prosesə dəstək olmaq üçün Udmurtiyanın bir sıra rəsmi qurumlarına tapşırıqlar verdi. O, eyni zamanda, Azərbaycan nümayəndə heyətini Udmurtiyada anadan olan məşhur rus bəstəkarı Pyotr Çaykovskinin yubileyi ilə bağlı İjevskdə baş tutacaq silsilə tədbirlərdə iştiraka dəvət etdi.

lll

Axşam saat 8-də dörd yüzə yaxın həmvətənlər arasında, Udmurtiyanın yüksək vəzifəli dövlət adamlarının, yaradıcı insanların, digər xalqların təmsilçilərinin qatıldığı unudulmaz Novruz şənliyinin qonağı olduq.

Soydaşlarımızın bir çoxu Udmurtiyanın müxtəlif şəhərlərindən yüz kilometrlərlə yol gəlib Vətən ətrinə, Azərbaycan işığına qovuşmuşdular. Hamının ürəyi dolu idi, söz alıb bahar kimi təravətli arzularını bildirirdilər. Xalq artisti, kaman ifaçısı Fəxrəddin Dadaşovun, istedadlı xanəndə Qoçaq Əsgərovun  ifaları könüllərdə əks-səda verirdi.

Novruz bayramında azərbaycanlı süfrəsində nə ola bilərsə, boyanmış yumurtadan, yanar şamlardan, dolmadan, kababdan, Lənkəran çayından aşa qədər hər dürlü nemət masalara düzülmüşdü. Bakıda keçirilən “Avroviziya” yarışmasında Rusiya adından çıxış edən və yaddaqalan ifası milyonları təsirləndirən “Buranovskie babuşki” qrupu ilə eyni masa arxasına düşmüşdüm. Müəyyən qədər yaşa dolmuş, milli geyimli xanım ifaçılar rus və udmurt xalq nəğmələrini gənclik eşqi ilə oxudular, özü də mikrofonsuz -filansız.

Səhəri gün İjevsk İncəsənət Gimnaziyasının 400 nəfərlik salonunda Azərbaycandan gələn muğam qrupunun, Udmurtiyada yaşayan gənc azərbaycanlı ifaçıların çıxışları, eləcə də mənə ayrılmış poeziya dəqiqələri gözəl səfərin son akkordları hesab edilə bilər.

Vətən, ana, sevgi haqqında şeirlərin ardınca “Gecdi, oğlum, evə qayıt” adlı yazımı səsləndirib şəhərdən enərkən orta yaşlı azərbaycanlı ana bir dəstə çöl çiçəyini mənə uzatdı. Minnətdarlıq hissi ilə onun üzünə baxanda gördüm ki, ağlayır. Boğazımı qəhər boğdu. Səhnənin gur işığından sürətlə sıyrılıb zalın qaranlığına girdim. Göz yaşlarına dözümüm yoxdur; istəyir kədərdən axsın, istəyir sevincdən...

lll

Fürsət tapıb bizi şəhərə yaxın kəndlərdən birində Udmurt evinə apardılar. Orada biz sanki əsl azərbaycanlı qonaqpərvərliyi gördük. Udmurt xalqının adət və ənənələri haqqında geniş bilgilər aldıq. Kalaşnikov muzeyində ilk avtomat silahdan ən modern silaha qədər ayrı-ayrılıqda nümayiş olunur. İnsan familiyası silahda yaşayır, dünyanın qaynar nöqtələrində qəlpə qaçır, dəyir və öldürür. Kalaşnikovu qınamıram, o olmasaydı, başqa familiyalı ixtiraçı avtomat tüfəng düzəldəcəkdir.

Yeri gəlmişkən, məclislərin birində süfrəyə “Kalaşnikov” adlı araq qoymuşdular. Zülfüqar arağa işarə edib zarafatla dedi:

- Ehtiyatlı olun ha, bu, avtomat Kalaşnikovdan da sərtdi...

lll

Bu da dönüş anı. Hər kəsin qəlbində Dostluq-Azərbaycan İctimai Mərkəzin bütün üzvlərinə rəğbət hiss olunur. Həqiqətən yüksək təşkilatçılıq işi görülmüşdü. Həqiqətən də sonda Umud müəllimin bu dəyanətli qərarını qeyd etməyi özümə borc bilirəm.

Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in inkişafına Dəstək Fondunun Müşahidə Şurasının sədri... Umud Rəhimoğlunun adının qarşısında sadalanan bu vəzifələr onun vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi xidmətin miqyası barədə bilgi verir.
 
Mən Umud müəllimi ötən əsrin 80-ci illərindən tanıyıram və iradəsini, ardıcıllığını, zəhmətkeşliyini, məqsədyönlü fəaliyyətini nəinki bəyənir, hətta bəzən nümunə götürürəm, atalar düz deyir, ağıl ancaq yaşda olmur. Onun həyat amalı, fəal mövqeyi yalnız təşkilat saxlamaq, lap olsun halal zəhmətlə hansısa dividentlər əldə etmək məqsədi daşımır. Mən onu çox yaxşı tanıyıram; onun damarlarında öz Vətənini, millətini qəlbən sevən, təpərli bir azərbaycanlının qanı axır. Moskvada, Dünya Ədəbiyyatı İnstitutunu başa vurub, Vətənə qayıdandan, “Ədəbiyyat və incəsənət” qəzetində parlaq publisistik yazılarla çıxış etdiyi 80-90-cı illərdən, indi dünyada tanınan Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi gərəkli bir təşkilat yaradarkən, inkişaf etdirərkən keçirdiyi həyəcanlı çağlardan üzü bəri müşahidə edirəm. İctimai məsuliyyət, cəmiyyətə xidmət Umud müəllimin düşüncəsinin “A” hərfidir... Onun müstəqil milli mətbuatın inkişafı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, vətəndaş cəmiyyətinin beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması, konfliktologiya problemlərinin çözülməsi və digər istiqamətlərdəki nailiyyətlərindən kifayət qədər danışmaq mümkündür. İndiki halda bunlar ayrı bir söhbətin mövzusudur, bu barədə mətbuatda dəyərli yazılar işıq üzü görüb, yenə də deyiləcək, yazılacaq.

Bu yazının məqsədinə uyğun olaraq Umud müəllimin dünyada yaşayan azərbaycanlılarla Vətənimiz arasında ən təmiz, ən etibarlı körpülərdən biri olduğunu, sadəcə xatırlatmaq istərdim.

Əslində Azərbaycan diasporu ilə əlaqəli Umud müəllimin üzərinə düşən rəsmi məsuliyyət yoxdur. Sadəcə onun ürəyi belə istəyir... və digər məsələlərdə olduğu kimi soydaşlarla əlaqənin bərkiməsi üçün yaxşı tanıdığı yaradıcı, intellektual və işgüzar potensialdan mən deyərdim  ki, maksimum istifadə etməyi bacarır.
Məqsədim, bayaq dediyim kimi Umud Rəhimoğlunu oxuculara tanıtmaq deyil, onsuz da o, ölkə içində və ölkədən kənarda bilinən bir ad, dəyərli şəxsiyyətdir. Bu yığcam tərifnamə isə sadəcə yoldaşlarımızın hamısının arzusuyla layiqli əməyi qiymətləndirməkdir.

P.S. Dünən axşam İctimai Televiziyanın efirində Azərbaycan nümayəndə heyətinin Udmurtiya Respublikasına həsr olunmuş “Ortaq məxrəc” verilişini izlədim. Qafar müəllimin, Sahib Alıyevin, Elman Nəsirlinin və Umud Mirzəyevin çıxışlarını dinləyəndən sonra səfər təəssüratının mətninə xırda-para düzəlişlər eliyib yazıya nöqtə qoydum.

 





17.04.2015    çap et  çap et