525.Az

"ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəla sayılır"


 

"ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəla sayılır"<b style="color:red"></b>

"Dünyanın əksər ölkələrində korrupsiya problemləri var. Məsələn, ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəla sayılır".

Bu barədə millət vəkili Zahid Oruc bəzi qurumların Azərbaycanda korrupsiyanın səviyyəsi  ilə bağlı qərəzli mövqelərini şərh edərkən bildirib. O vurğulayıb ki, belə hallar inkaredilməzdir:

"İstər ABŞ-da, istərsə də Qərb ölkələrində inkişafın müəyyən səviyyələrinə çatmalarına baxmayaraq paralel şəkildə dövlət idarəçiliyində, xüsusilə də dövlətlərarası mühüm razılaşmalarda, satınalmalarda böyük korrupsiya maraqları hər zaman öndə olub. Vaxtilə Avropa Parlamenti bütövlükdə buraxıldı. Yalnız ona görə ki, bir çox parlamentarilər korrupsiya əməllərinə görə ittiham olunurdular. O cümlədən, müxtəlif ölkələrin rəhbərlərinə qarşı da bu hallar olub. Fransanın, Belçikanın və digər ölkələrin rəhbərlərinin seçilməsi prosesində xərclənən milyardlar birbaşa həmin qurumlarla, korporasiyalarla, təşkilatlarla, şirkətlərlə, qeyri-rəsmi razılaşmaların və onların gələcəkdə lobbi  kimi maraqlarının müdafiəsinin nəticəsi deyilmi?

Bu mənada Azərbaycanda dövlətin iradəsi ilə terror qədər böyük təhlükə daşıyan korrupsiya problemlərinin aradan qaldırılması üçün həyata keçirilən tədbirləri görməmək, dəyərləndirməmək, yardım etməmək, əksinə bunu Azərbaycan hakimiyyətini zəiflətmək üçün ondan yararlanmaq son dərəcə yanlış mövqedir".

Z.Orucun sözlərinə görə, korrupsiya ilə bağlı qeyd edilən problemləri heç kim inkar etmir, ancaq belə hallara dövlət siyasəti xarakteri vermək çox yanlışdır: "Azərbaycanı belə məsələlərlə təzyiq altında saxlamaq doğru deyil. Bu Azərbaycanın Qərblə münasibətlərinə zərbə vurmaq deməkdir".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə deyib ki, korrupsiyaya qarşı olan dövlətlər qrupu - GRECO Azərbaycanla bağlı artıq neçənci dəfədir ki, bu cür qərəzli hesabatlar yayır. Bu dəfəki hesabatda Azərbaycanda korrupsiyaya qarşı atılan addımlar da müəyyən dərəcədə öz əksini tapıb.

Lakin onların araşdırmaları parlament, məhkəmə, prokurorluq orqanları ilə bağlı olub. Ancaq bəyanatda əks olunan fikirlərlə gəlinən nəticə arasında böyük fərqliliklər və ziddiyyətlər var". O bildirib ki, hesabatı hazırlayan şəxslərin Azərbaycanla bağlı araşdırmaları xeyli zəif olub. Onun sözlərinə görə, əgər araşdırmalar düzgün şəkildə aparılsaydı, o zaman hesabatda bu cür qərəzli fikirlər yer almazdı:

"Azərbaycanda korrupsiya qarşı mübarizə ilə bağlı siyasi iradə var və bu istiqamətdə çox uğurlu addımlar atılır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq Konstitusiya Araşdırmaları Fondu tərəfindən xüsusi monitorinqlər keçirilir və artıq bu üç ilin nəticələrinə görə həmin fəaliyyət planının 70%-i icra olunub. Bu da çox əhəmiyyətli göstəricidir. Hətta bu hesabatın müəlliflərinin özləri də qeyd edirlər ki, Azərbaycan korrupsiya ilə mübarizə üçün güclü, etibarlı qanunvericilik bazası mövcuddur. Eyni zamanda korrupsiya ilə mübarizə üçün müəyyən institusional qurumlar da yaradılıb. Bütövlükdə bu faktlar Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində effektli nəticələrin olduğunu sübut edir. Bir məqamı da qeyd edim ki, bəyanatda etik davranış qaydaları ilə bağlı bəzi maarifləndirici tədbirlərin görülməsinin vacibliyi də irəli sürülür. Bu, Dövlət Proqramında öz əksini tapıb".

Ekspert bildirib ki, hər il Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi  bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir, eyni zamanda bu məsələ ilə əlaqədar hətta bir sıra prokurorluq işçilərinin cəzalandırılmasına dair qərarlar da var: "Ümumiyyətlə korrupsiyaya qarşı mübarizə hansısa statistik məlumatları müəyyən bəyanatlarda əks etdirməklə göstərilmir. Burada ən önəmli nüans məhz korrupsiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı olmalıdır. Bəzi hallarda bir sıra beynəlxalq təşkilatlar ikili mövqedən çıxış edirlər. Belə ki,  ölkədə korrupsiya ilə bağlı olaraq məsuliyyətə cəlb olunan şəxsləri cəzalandırmaq üçün atılan addımlar bəzi təşkilatların bəyanatlarında ölkədə təqib və zorakılıq faktı kimi göstərilir. Halbuki bu yöndə görülən tədbirlər məhz korrupsiya ilə mübarizə məqsədilə həyata keçirilir.
Mən hesab edirəm ki, bu cür ziddiyətli bəyanatlar fonunda həmin təşkilatlardan hansısa obyektiv və qərəzsiz araşdırma gözləmək düzgün deyil. Mənim düşüncəmə görə, həmin hesabatı hazırlayan şəxslər çox ciddi koordinasiya olunmalıdırlar. Çox təəssüf ki, biz bu hesabatlarda müəyyən ziddiyyətlərin şahidi oluruq. Bu ziddiyyətlər də həmin hesabatların obyektiv olmaması ilə əlaqədardır".

Pərvanə

 





17.04.2015    çap et  çap et