525.Az

Firudin bəy Köçərli bioqrafiyasının daha bir maraqlı səhifəsi


 

Firudin bəy Köçərli bioqrafiyasının daha bir maraqlı səhifəsi <b style="color:red"></b>

XIX əsrin 80-ci illərindən etibarən Azərbaycan ziyalıları rusdilli Tiflis qəzetləri içərisində xüsusən "Novoye obozreniye"nin işində fəal iştirak ediblər.

Bu qəzetdə Məhəmməd ağa Şahtaxtinski və Eynəli Sultanovla bir sırada başqa ziyalıların da yazıları dərc olunub. Təsadüfi deyil ki, Ə. Ağayev, Ə.Cavanşir, T.Bayraməlibəyov və başqa azərbaycanlı publisistlərin fanatizmə qarşı çevrilmiş geniş polemikası bu qəzetin səhifələrində iki ilə yaxın bir müddət ərzində davam edib.

Həmin dövrdə rusdilli Tiflis mətbuatında fəal çıxış edən azərbaycanlı müəlliflərdən biri də görkəmli ədəbiyyatşünas və pedaqoq Firudin bəy Köçərli idi. "Novoye obozreniye"də çap olunmuş silsilə "Tatar komediyaları", "İslamın tarixindən", "Müsəlmanlarda qadının  vəziyyəti və uşaq tərbiyəsi haqqında", "Çernyayevskinin xatirələri", habelə "Tiflisski listok"da çıxan "Məhəmməd Şahtaxtinskinin fonetik Şərq əlifbası", "Molla Nəsrəddin",  "Vidadi" və digər məqalələri, XIX əsrin sonu və XX əsrin əvvəllərində  "Kafkaz"da çap olunan çoxsaylı məktub və yazıları, həmçinin 1903-cü ildə Tiflisdə rus dilində nəşr edilən "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabçası F. Köçərlinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin müxtəlif problemlərini cəsarət və obyektivliklə qaldırdığını göstərirdi. F.Köçərlinin rusdilli Tiflis mətbuatı ilə əlaqələri nisbətən ətraflı öyrənilib. Rusdilli Tiflis mətbuatı təkcə ziyalılarımızın yazılarını verməklə kifayətlənmir, eyni zamanda Azərbaycanda mədəni tərəqqi faktlarına laqeyd qalmır, öz oxucularını onlarla tanış edirdi.

Firudun bəy Köçərlinin geniş tərcümeyi-halı oxuculara və hər bir azərbaycanlı ziyalısına məlumdur. Alovlu vətənpərvər, görkəmli Azərbaycan maarifçisi, gözəl pedaqoq, metodist, yorulmaz tədqiqatçı alim, tərcüməçi, yazıçı və publisist Firudun bəy Köçərli 1879-cu ildən öz taleyini Qori Müəllimlər Seminariyası ilə bağlayır, oxuduğu illərdə (1879-1885) bir sıra gürcü alim, yazıçı və pedaqoqu ilə yaxından tanış olur. Az müddətdən sonra Gürcüstanın fəxrinə çevrilmiş tələbələrlə bir parta arxasında oturur, dostluq edir, seminariyanın ictimai işlərinə, yığıncaqlara onlarla bərabər qatılır.

F.Köçərlinin Gürcüstanla, gürcü ictimaiyyəti ilə əlaqəsi məsələləri ədəbiyyatşünaslıq elmimizdə daim diqqət mərkəzində olan, araşdırılan sahələrdən biridir və bu məsələ ilə əlaqədar söylənmiş hər bir fikir maraqlıdır.
Bu baxımdan keçən əsrin 70-ci illərində Tbilisi Dövlət Universitetinin əməkdaşı Həsrət Omarişvilinin "Azərbaycan tədqiqatçı-pedaqoqu Köçərli və gürcü ictimaiyyəti" (Skola datsxovreba" jurnalı, 1975, 7 saylı, səh. 76-80) adlı məqaləsi diqqəti cəlb edir. Məqalədə F.Köçərlinin tələbəlik illərində Razikaşvili qardaşları ilə səmimi dostluq əlaqələri haqqında yeni maraqlı bir faktla qarşılaşırıq.

Cəsarətli və qürurlu Razikaşvililərin keçmişi haqqında, xüsusən Luka ilə oxucuları tanış etməyin nə qədər maraqlı olduğunu təsvir etməyə dəyməz:

Əfsanəyə əsasən yazıçının atası, onların nəslinin əsasını qoymuş Pavel Razikaşvilinin dediyinə görə, onların nəsli moxevçilərdən olub. Tədqiqatçıların əksəriyyətinin rəyinə görə, Lukanın (Vaja Pşavela) əcdadı hansısa günah ucbatından öz kəndlərindən qovulmuşdu. O, uzaq əcdadı ilə Gürcüstanın çarı II İrakliyə yaxın adam olub. Bundan əlavə, onun adı 1750-ci ilin 6 iyulunda Pşavanın məhkəməsi tərəfindən xatırlanıb. Təxmin edilir ki, Razikaşvili familiyasına ilk dəfə XIX əsrin 40-50-ci illərində-1850-ci ildə kilsə əlyazmalarında təsadüf olunur. İmeda Razikaşvili tanınmış hərbçi olmuş və öz cəsarəti ilə şöhrət qazanmışdı.

Oğlanlarından biri olan Bero kəndin müdafiəçisindən sayılıb, eyni zamanda çox qürurlu və cəsur olub: bəllidir ki, Bero onun yalnız arvadının paltarına toxunan Pilaşvili adlı bir şəxsin sağ qolunu kəsmişdi.

Beronun oğullarından biri, Vajanın atası Pavel Razikaşvili olub.

Luka, Baçana və Tedo Razikşvili qardaşları Pşav-Xevsuretiyanın Çarqali kəndindən (Şərqi Gürcüstan - Tiflis quberniyasının Duşet qəzası) olub, haqqında söhbət açacağımız XIX əsrin məşhur yazıçı və şairi, gürcü ədəbiyyatının klassiki, Baçananın böyük qardaşı "pşav oğullarından" Luka Pavloviç Razikşvili  - Vaja Pşavela təxəllüslü 27 iyul (10 iyul) 1861-ci ildə ruhani ailəsində doğulub. 1879-cu ildə Luka Qori şəhərindəki Müəllimlər Seminariyasına daxil olur və orada Mixail Kipianinin rəhbərlik etdiyi gürcü xalqçılar dərnəyi ilə yaxınlıq edir.   Gələcək gürcü ədəbiyyatının klassikinin ədəbiyyatla tanışlığı 1881-ci ildən başlayır. Həyatı boyu çox məşəqqətlər yaşayan, ancaq son dərəcə dəyərli  əsərlər yaradan Vaja Pşavela 1915-ci ilin iyun ayında vərəmdən vəfat edib.

F.Köçərli seminariyada oxuduğu illərdə Luka və Baçana Razikaşvili qardaşları da Qoridə təhsil alırdılar.

Bunlardan Baçana və Tedo sonralar yeni gürcü ədəbiyyatında görkəmli yer tutan yazıçılar kimi tanındılar, böyük qardaşları Luka isə, qeyd etdiyimiz kimi, Vaja Pşavela imzası ilə gürcü ədəbiyyatının korifeyləri sırasına daxil oldu. Dünya şöhrətli əsərləri ilə onun adı XIX əsrin məşhur gürcü yazıçı və şairləri sırasında bir sırada çəkilir.

Bu üç qardaşla, xüsusilə Luka və Baçana ilə F. Köçərlinin dostluğu adi olmayıb, yaradıcılq əlaqələri və birgə mübarizə fonunda bərkiyən ideya və məslək dostluğu idi.

Elmlərə dərin həvəsi və marağı olan F. Köçərli tələbəlik illərində sevimli müəllimləri D. D. Semyonov, A. O. Çernyayevski, M. K. Kipiani, N. O. Lomouri və baçqalarının rəhbərliyi altında elmləri ciddi öyrənir, yaradıcılıqla məşğul olurdu. Seminariyanı bitirdikdən sonra F. Köçərli artıq bir neçə əsərin müəllifi idi.

Luka Razikşvili seminariyanı iki il əvvəl bitirib, müəllimlik sənətinə başlamış, Baçana isə F. Köçərli ilə eyni ildə (1885) təhsilini başa çatdırmışdı.

H. Omarişvilinin haqqında danışdığımız məqaləsində Baçana ilə F. Köçərlinin dostluq münasibətlərini təsdiq edən bir sənədin Azərbaycan ədəbiyyatı üçün də maraqlı olduğunu nəzərə alaraq, onun üzərində danışmağı lazım bildim. Həmin tədqiqatçı Gürcüstan Ədəbiyyat və İncəsənət Muzeyində Tedo Razikşvilinin fondunda F. Köçərliyə həsr edilmiş müəllifi məlum olmayan bir şeir saxlandığını xəbər verir və təsdiq edir ki, onun müəllifi Baçana Razikşvilidir, şeir 1885-ci ildə yazılıb.
Ən maraqlısı budur ki, şeirdə bir sıra Azərbaycan sözləri (qardaş, leş və s.) işlədilib, Zaqafqaziya xalqlarının birgə mübarizə əzmi öz əksini tapıb.
 
Gürcüstanda azərbaycanlı tədqiqatçılar tərəfindən həmin şeir bir daha Baçana Razikşvilinin digər əsərləri ilə müqayisə edilib, onun yaradıcılıq prinsipinə uyğun olduğu müəyyənləşdirilib. Fakt təsdiqini tapdıqdan sonra həmin şeiri tanınmış ədəbiyyatşünas alim Əlixan Binnətoğlu Azərbaycan dilinə tərcümə edib. Heç şübhəsiz ki, həmin şeir F. Köçərli yaradıcılığını öyrənən alimlər, eləcə də geniş oxucu kütləsi üçün maraqlı olar:
 
QARDAŞIM KÖÇƏRLİYƏ

Dərs zamanı yadigar üçün yazılıb
 
Quzğun uçub gəldi dağın dalından,
Vadilər ruhuna yatdı bu yerdə.
Gördü, leş altında qalıbdı hər yan,
Axır arzusuna çatdı bu yerdə.
 
Günəş öz işində, Günəşə nə var,
Bizim Günəşimiz qaraldı, qardaş.
Azad bir quş idik, vurub saldılar,
Yetər, hövsələmiz daraldı, qardaş.
 
Gəl mənə həyan ol, sevinsin ürək,
Dar gündə arxadı qardaş qardaşa.
Sözümüz, sirrimiz bir olsun gərək,
Uca  dağlar  kimi  dayanaq  qoşa.
 
Gərək xidmət edək təmiz niyyətə,
Kədəri, sevinci yarı bölək biz.
Gərək ya qələbə çalaq zülmətə,
Ya da soyuq məzar olsun yerimiz.
 
Bilirəm köksündə çırpınan ürək
Nəcibdi, təmizdi - çox olduq sirdaş.
Bu kiçik şeirimi ümid rəmzitək,
Qardaşlıq rəmzitək qəbul et, qardaş.

 





17.04.2015    çap et  çap et