525.Az

"İyirmi aprelçilər"dən biri - professor Bədirxan Əhmədov


 

"İyirmi aprelçilər"dən biri - professor Bədirxan Əhmədov<b style="color:red"></b>

20 aprel yazın ən gözəl günlərindən biridir və bu gün ona görə mənim üçün əzizdir ki, bəndeyi-həqiriniz məhz bu gündə-67 il öncə dünyaya gəlib. Mən öz ad günümdə sevinməyə bilmərəm, amma həmin gün sevincim tək özümə aid olmur.

20 apreldə dinimizin qurucusu, banisi Məhəmməd peyğəmbər (ə). dünyaya gəlib.

Aramışam, axtarmışam, izinə düşmüşəm 20 apreldə kim dünyaya gəlibsə.

Dünyaya qan udduran Adolf Hitler. Allah lənət eləsin!

Fransa tarixinin böyük, nəhəng siması - Napaleon Bonapart. Fransa və Moskva onu heç vaxt unutmur.

Və bundan sonra gəlir "bizimkilər":

Böyük rejissor, pedaqoq, aktyor, kino xadimi Rza Təhmasib...

Azərbaycan teatr səhnəsinin bir də təkrar yetirə bilməyəcəyi dahi komediya ustası Nəsibə Zeynalova. Qəbri nurla dolsun!

Görkəmli Azərbaycan yazıçısı Çingiz Hüseynov... Ömrü uzun olsun!

Sevimli aktrisamız Zemfira Nərimanova. Gözəllik və məlahət timsalı..

"Ulduz" dərgisinin baş redaktoru, gözəl şair Qulu Ağsəs. O Qulu Ağsəs ki, bir şeirində yazmışdı: "Tüpürüm öz ad günümə". Amma Qulu bunu hirslənib yazmışdı, hər 20 aprel günündə Qulu kef-damağdadır.

Ədəbiyyat İnstitutunda axundovşünas alim kimi özünü tanıtdıran Şahbaz müəllim (bağışlasın ki, familiyasını unutmuşam).

Bir də... bu ilin 20 aprelində 60 yaşı tamam olacaq filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov.

Bədirxan Əhmədovla tanışlığım ötən əsrin səksəninci illərindən başlayıb. O vaxtlar onun, necə deyərlər, lap "sütül" çağıydı, Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin Ədəbiyyat və İncəsənət arxivinin işçisiydi. O Arxivin adı çəkiləndə mən həmişə Maarif Teymurovu xatırlayıram - arxiv fanatiki olan o insanı.

Mənim "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləyən çağlarım idi. Baş redaktor Əkrəm Əylisli mənə qəti tapşırmışdı ki, "qoca" tənqidçilərdən uzaq dur, mümkün qədər cavan həmkarlarınla əlaqə saxla, qoy jurnalda təzə səslər, nəfəslər eşidək. Mənim də müraciət etdiyim, yazı sifariş verdiyim o cavan müəlliflərdən biri də Bədirxan Əhmədov idi. O vaxtlar Bədirxan Ədəbiyyat İnstitutunun qiyabi aspirantı idi və "Sabit Rəhmanın satirası" mövzusunda namizədlik dissertasiyası üzərində işləyirdi. 1986-cı ildə Bədirxan müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etdi.

Mən onun böyük dramaturqumuz Sabit Rəhmanın yaradıcılığı ilə bağlı məqalələrini, namizədlik dissertasiyasını və bu mövzuda iki kitabı ilə tanış olmuşam. Və açığını deyim ki, Sabit Rəhmanın ruhu sakit ola bilər. Yaşar Qarayevdən, Arif Səfiyevdən sonra Sabit Rəhman haqqında ən ciddi və elmə layiq tədqiqatları məhz Bədirxan Əhmədov qələmə alıb. Ən axırıncı - 2010-cu ildə "Elm və təhsil" nəşriyyatında çap edilmiş "Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı" monoqrafiyasına nəzər yetirmək kifayətdir ki, deyəsən: bax, budur Sabit Rəhman! Sənətkar dünyadan köçür, amma əsərləri yaşayır. O əsərlər ona görə yaşayır ki, heç vaxt köhnəlmir, üzərinə zamanın tozu qonmur, oxucular Kərəmovu, Mindillini, digər Sabit Rəhman personajlarını bir də tanıyır. Amma sənətkarın yaradıcılığı tənqiddə, elmi mətndə yenidən mənalanır. Sabit Rəhmanı Azərbaycan satirasında Axundovdan, Sabirdən, Mirzə Cəlildən, Haqverdiyevdən sonra o ənənələri davam etdirən ən qüdrətli komediya və dəqiq desək, gülüş ustası idi və Bədirxan Əhmədov öz tədqiqatlarında Sabit Rəhman gülüşünün özəlliklərini kəşf edir.

Bədirxanın satiraya, gülüşə məhəbbəti əksilmədi. Bu, filologiya aləmində məlum olaylardan biridir - bir tədqiqatçı seçdiyi mövzunu təkcə konkret bir sənətkarın yaradıcılığı müstəvisində deyil, həm də daha geniş aspektdə, necə deyərlər, əlifbanın "A" hərfindən başlayaraq sonuncu hərfinə qədər tədqiq edir. 2005-ci ildə Bədirxan Əhmədov "Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Təkcə Sabit Rəhman yox, XX əsrin bütün satirikləri, gülüş ustaları, onların hər birinin gülüş mədəniyyətinə gətirdiyi yeniliklər və ümumiyyətlə Sovet rejimində gülüşün müxalifət rolunu oynaması bu əsərdə öz elmi həllini tapır.

Bədirxan Əhmədov çox səliqəli tədqiqatçıdır. Əsərlərindəki sistemli tədqiqat üsulu bariz nəzərə çarpır. Onu klassik ədəbiyyatşünasların ən yaxşı varislərindən biri hesab etmək olar. Deyərdim ki, o, Məmməd Arif, Məmməd Cəfər tənqid məktəbinin dərslərini yaxşı mənimsəyib. Onda bir ədəbiyyat tarixçisi səriştəsi görürük. O, ədəbiyyatın problemlərini, keçdiyi inkişaf yollarını, hər bir mərhələnin öz xüsusiyyətlərini dürüstlüklə təyin edə bilir. Təyin etmək azdır, gərək bu xüsusda söz deyən alimlərdən fərqli olaraq öz konsepsiyanı da ortaya qoyasan.

Neçə illərdir bizim Ədəbiyyat İnstitutunda yeddi cildlik Azərbaycan ədəbiyyatı tarixi hazırlanır və onun dörd cildi artıq çap olunub, qalan cildlər də hazırlanır. Yeni direktor - akademik İsa Həbibbəyli haqlı olaraq bununla kifayətlənmir, daha yeni - bu dəfə on cildlik ədəbiyyat tarixin yazılması ideyasını irəli sürür. Və bu işdə ona yardımçı olan alimlərdən biri də Bədirxan Əhmədovdur. Yeri gəlmişkən deyim ki, İsa müəllim Ədəbiyyat İnstitutuna direktor təyin olunan kimi ilk əmrini verdi: Bədirxan Əhmədov institutun elmi katibi təyin edildi. Elmdə, tədqiqatlarında səliqəli bu adamın təşkilatçı-dispetçer kimi səliqəsi dərhal özünü göstərdi.

Bədirxanın üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"nin iki cildi nəşr edilib və deyərdim ki, bu iki cildi gələcək oncildliyin ekvivalenti hesab etmək olar. Mən bu dərsliyin məziyyətlərindən geniş söz açmaq fikrində deyiləm. Bircə onu deyə bilərəm ki, Bədirxanın bu dərsliyi ədəbiyyat tarixi sahəsində, xüsusilə, yeni dövrdə -müstəqillik dönəmində ən etibarlı bir dərslikdir. Bir var Sovet dönəmində yazılmış və müəlliflərin sosrealizm prinsiplərinə müxalif çıxmadığı dərsliklər, bir də var, ötən əsrin ədəbi prosesini bütün ziddiyyətli, mürəkkəb dönəmləri ilə əks etdirən yeni dərslik. Belə dərsliklər, ədəbiyyat tarixləri təzə-təzə yazılmaqdadır və Bədirxanın "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" ədəbi hadisələrə həm ictimai-siyasi, tarixi baxımdan, həm də ədəbiyyatın öz qanunauyğunluqları baxımından obyektivliyilə seçilir.

Bu gün "Ədəbiyyat tarixi necə yazılmalıdır" sualı ətrafında həm Ədəbiyyat İnstitutunda, həm də ondan kənarda tez-tez müzakirələr gedir. Mən israr eləmirəm ki, ədəbiyyat tarixi məhz Bədirxan Əhmədovun cildlərində olduğu kimi qələmə alınsın. İstər problemlər üzrə, istərsə də, ayrı-ayrı sənətkarların yaradıcılığı fonunda (Bədirxan bu prinsipi əsas götürüb), əsas odur ki, XX əsrin ədəbiyyatı özünün bütün gedişatıyla əks olunsun. Bədirxan bu yolda ilk addımlardan birini atıb və bu cildlərdə mənim görə bildiyim bir qüsuru da gizlətmirəm. O da bundan ibarətdir ki, Bədirxan Əhmədov nəsrin, poeziyanın, dramaturgiyanın keçdiyi yolları sistemli şəkildə izah etdiyi halda, ədəbi tənqid və ədəbiyyatşünaslıqdan söz açmır. Yəni ayrıca.

Bu yaxınlarda "Elm və təhsil" nəşriyyatı Bədirxan Əhmədovun "XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər, istiqamətlər, problemlər" monoqrafiyasını çapdan buraxıb. 550 səhifəlik bu kitab Bədirxanın yuxarıda adını çəkdiyim dərsliyin-ədəbiyyat tarixinin geniş variantıdır. Özü də əlavələri ilə. Adətən, XX əsr Azərbaycan ədəbiyyatı tarixi anlayışı XX əsrin əvvəllərini (1900-1920) əhatə edirdi, amma bu monoqrafiyada XIX əsrin sonlarından başlayaraq ta XX əsrin 90-cı illərinə qədər (yəni bir əsr) böyük bir dövrün ədəbiyyatı tədqiq olunur. Müstəqillik dövrü də qismən öz əksini tapır. Bu kitabın ən ümdə məziyyəti odur ki, Bədirxan XX əsr ədəbiyyatının heç bir şəxsiyyətini (ədəbiyyata xidmətinin dərəcəsindən asılı olmayaraq) unutmayıb.

Bədirxanın ədəbiyyat tarixçiliyi onun elmi-nəzəri səviyyəsi ilə tam həmahəngdir. Güclü nəzəri bazan olmasa, ədəbiyyat tarixçisi kimi ancaq mənbəşünas və faktoqraf ola bilərsən. Bu mənada Bədirxanın o dərslikdə, məsələn, sərbəst şeir xüsusunda söylədiyi fikirlər dəqiqdir. O yazır: "Bəzən sərbəst şeirin yaranma tarixi 30-cu illərlə məhdudlaşdırılır, halbuki, buna qədər sərbəst şeir müəyyən bir inkişaf yolu keçərək yeni şeirin platformasını və yolunu təyin etmişdir. Qətiyyətlə söyləyə bilərik ki, yeni strukturlu və texnikalı poetik nümunələrin yaranma tarixi 20-ci illərin əvvəllərinə təsadüf edir. İsmayıl Hikmət, Əli Nazim, Mikayıl Rəfilinin yaradıcılığında sərbəst şeir özünün ilk yaranma və formalaşma, Nazim Hikmətlə isə özünütəsdiq mərhələsini yaşayır". Təbii ki, sonrakı mərhələ ustad Rəsul Rzanın yaradıcılığı ilə bağlıdır. Amma mənim fikrimcə, Bədirxan daha qədim örnəklərə də müraciət edə bilərdi.

Bədirxanın yüzdən çox elmi, iki yüzdən çox publisistik məqaləsi, beş monoqrafiyası var. Onun məhsuldarlığına söz ola bilməz. Alim gərək daim işcil arı kimi işləyə və Bədirxan da bu mənada yorulmur. O, iki il Türkiyənin Kars-Kafqaz Universitetində çalışıb. Bədirxanın səsi xaricdə keçirilən onlarla beynəlxalq elmi konfrans və simpoziumlardan gəlib.

O, uzun müddət mətbuat sahəsində də çalışıb. "Vətən yolu" qəzetində şöbə müdiri işləyib. Sonra səkkiz il Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan ordusu" qəzetində çalışıb. Həmin illərin "Azərbaycan ordusu"nu vərəqləsəniz, Bədirxanın publisistik məqalələrinin necə şövqlə yazıldığının şahidi olacaqsınız. Orduda da vuruşub və Qarabağ müharibəsi veteranıdır, kapitan rütbəsi ilə istefaya və ehtiyata buraxılıb.

Kapitan Bədirxan Əhmədov ədəbiyyatşünaslıq ordusunun da etibarlı, amma istefaya və ehtiyata buraxılmayan "zabit"lərindən biridir. Bu "ordu"nun da öz generalları, zabitləri, gizirləri, adi əsgərləri var və deyə bilmərəm Bədirxanın ürəyindən generallıq keçir yoxsa yox?(Bu sətirləri bir az yumorla qarşılayın) Amma onu deyə bilərəm ki, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov keçdiyi ömür yoluna nigarançılıqla, xəcalətlə yox, qürur hissilə boylana bilər. Mənalı bir alim ömrü yaşayıb o. Və mən 20 apreldə dünyaya gələn bu dostuma bütün "iyirmi aprelçilər"in, həmçinin cavanlı, qocalı tənqidçi-ədəbiyyatşünaslar adından, uzun ömür, cansağlığı, könül xoşluğu arzulayıram.

 





17.04.2015    çap et  çap et