525.Az

Hüseyn Cavid yaradıcılığı məktəblilərin gözü ilə


 

Hüseyn Cavid yaradıcılığı məktəblilərin gözü ilə<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatında orijinallığı ilə seçilən, nəzm, dramaturgiya, poema janrlarında müxtəlif əsərlərin müəllifi dahi dramaturq Hüseyn Cavidin bütün əsərlərində bəşəri ideyalar, insanlığın xilası olan sevginin təcəssümünü görmək mümkündür.

Təqdirəlayiq haldır ki, bu gün təkcə elmi ictimaiyyətdə deyil, orta ümumtəhsil məktəblərində də Cavid yaradıcılığı yüksək səviyyədə tədris edilir, şagirdlərə aşılanır.

Bakının Nizami rayonundakı 10 nömrəli orta məktəbdə dahi dramaturqun yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə şagirdlərin Hüseyn Cavidə olan sevgisinin ən parlaq təcəssümü idi. Nizami rayon icra başçısı Tahir Budaqovun, hümanitar məsələlər üzrə müavin Gülnaz İsrafilovanın və rayon ictimaiyyətinin iştirak etdiyi tədbir bir ədəbi bayrama çevrilmişdi. İlk olaraq, dramaturqun həyat və fəaliyyətinin əsas məqamlarını əks etdirən videoçarxa baxış oldu. Videoçarxda Cavidin ailə fotoları, əsərlərindən parçalar, ulu öndər Heydər Əliyevin dramaturqun qızı Turan xanımla görüşü, Cavid məqbərəsinin açılışı əks olunmuşdu.

Şagirdlərin ifasında təqdim edilən ədəbi-bədii kompozisiya   yazıçının müxtəlif məzmunlu şeirləri, dram əsərləri, eləcə də "Azər" poeması əsasında hazırlanmışdı. Şagirdlərdən Sadiq Musazadə və Əsmər Salahovanın aparıcılıq etdiyi tədbirdə səsləndirilən şeirlər, təqdim edilən mahnı və rəqslərin hər biri Hüseyn Cavid yaradıcılığının əsas  məqamlarını əks etdirirdi. Hüseyn Cavidin obrazını canlandıran Xalid Musazadənin, Xəyyam və Məhəmməd peyğəmbər obrazlarını canlandıran Əhməd Məmmədlinin çıxışları tamaşaçıların alqışları ilə qarşılandı.

Hüseyn Cavidin məşhur şeirlərindən olan məktəbli qız Gülbaharla (Cansu İsmayıllı) müəllimin dialoqu, şairin ülvi məhəbbəti vəsf etdiyi şeirləri, Fatimə və Günelin ifasında şairin bir neçə şeirinə bəstələnmiş mahısı, Püstənin  milli rəqs ifası, Mələk (Gözəl Hüseynli)  və İblisin  (Əyyub Əliyev) dialoqu Cavid fəlsəfəsinin əsas qayəsini təşkil edirdi. Sonda Hüseyn Cavidin " İblis" dramından səsləndirilən İblisin monoloqu, şairin obrazının səhnədə canlandırılması,kompozisiyanın finalı tamaşaçı alqışına səbəb oldu. İkinci sinif şagirdi Hüseynin, üçüncü sinif şagirdləri Ayan, Ömər, Aslan, Aminin, yuxarı sinif şagirdləri  Fatimə, Nərgiz, Famil, Rübabə, Günel, Valentina, Ruqəyya, Mehrubə, Məlahət, Nərmin, Leyla, Ayxan, Qızqayıt, Nail və digərlərinin təsirli çıxışları, Cəlalın tarda ifası  həm qonaqlar, həm də məktəb kollektivinin rəğbətini qazandı.

Şagirdlər ədəbi-bədii gecənin hazırlanmasında böyük əməyi olan müəllimlərinin-Familə Aslanlının, Nüşabə Sadiqovanın, Sevda Hacıyevanın onlara olan ümidlərini layiqincə doğrultdular. Məktəbin direktoru Leyla Məmmədova bu cür ədəbi bədii tədbirlərin artıq məktəbdə ənənə halını aldığını qeyd etdi və bildirdi ki, bu cür tədbirlər şagirdlərin ictimai fəallığının artırılması ilə yanaşı, onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.  Tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov, Nizami rayon YAP təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva,  rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev bu cür tədbirlərin məktəblilərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyəti olduğunu vurğulamaqla, şagirdlərə  təhsillərində uğurlar arzuladılar.

Əfsanə BAYRAMQIZI

 





15.04.2015    çap et  çap et