525.Az

Avropa Oyunları ilə əlaqədar Bakıda iş vaxtı rejimi dəyişdirilib


 

Avropa Oyunları ilə əlaqədar Bakıda iş vaxtı rejimi dəyişdirilib<b style="color:red"></b>

Nazirlər Kabineti Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün sərəncam verib.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, sərəncamda qeyd edilib ki, 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.
 
Sərəncama əsasən isçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək,  işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək, işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək və işçilərin 25 faizi üçün saat 9:30-dan saat l8:30-dək pilləli iş rejimi müəyyən edilib. Eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək pilləlli şəkildə təşkili tövsiyə edilib.
 
Gənclər və İdman Nazirliyi, Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamda nəzərdə tutulmuş tədbirlərlə bağlı əhalinin 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə məlumatlandırılmanı təmin etmək tapşırılıb. Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti isə Bakı şəhərində avtonəqliyyat vasitələrinin qeyri-qanuni parklanma hallarının aradan qaldırılması üçün 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə ictimai təbliğat və məlumatlandırma işlərinin aparılmasını təmin etməlidirlər.

 





01.04.2015    çap et  çap et