525.Az

"Neftin qiymətinin dəyişməsi ilə bağlı illuziyalara qapılmaq lazım deyil"


 

"Neftin qiymətinin dəyişməsi ilə bağlı illuziyalara qapılmaq lazım deyil"<b style="color:red"></b>

"Neftin qiymətinin dəyişməsi ilə bağlı illuziyalara qapılmaq lazım deyil. Bazar iqtisadiyyatıdır və müəyyən vaxt çərçivəsində neft, qızıl və digər indikator xarakteri daşıyan elementlərdə dəyişikliklərin olması labüddür".
 
Belə bir açıqlama ilə millət vəkili Əli Məsimli çıxış edib. Onun sözlərinə görə, dünya iqtisadiyyatı dolların təsiri altındadır, avro belə dolların monopoliyasını aradan qaldıra bilmədi:

"Neftin qiymətinə gəldikdə isə, dolların məzənnəsi qalxdıqda neftin qiyməti düşəcək, neft qiyməti qalxdıqda isə dolların məzənnəsi aşağı düşəcək. Amma dünyada iqtisadi proseslər elə qurulub ki, dolların dünya iqtisadiyyatına təsiri çox güclüdür, ona görə də artıq daxili məhsulun ümumi həcminə görə ABŞ-dan yüksəyə qalxan Avropa İttifaqının avrosu belə dollar monopoliyasını aradan qaldıra bilmədi. Avro bunu edə bilmədisə, xammalla birbaşa bağlı olan "taxta pullar" dolların yanından "kül olub" keçə də bilməz. Bu dəqiqə dünya iqtisadiyyatı elə qurulub ki, neftin qiyməti qalxanda dolların məzənnəsi aşağı düşəcək, neftin məzənnəsi aşağı düşəndə dolların qiyməti qalxacaq. Bu proses hələ xeyli müddət davam edəcək. Əgər bir həftəlik göstəricidən söhbət gedirsə, onda neftin qiymətinə subyektiv amillər də təsir göstərəcək. Həftənin iş günlərində neftin qiyməti bir balaca aşağı düşəcək, həftə sonlarında qalxacaq və bu cür ziqzaqlarla davam edəcək".

Ə.Məsimli onu da vurğulayıb ki, bu il dünya bazarında neftin qiyməti 50 dollar ətrafında olacaq:

"Dollar və neftin məzənnələri bir-birindən asılı olaraq dəyişir və gələcəkdə də belə olacaq. Amerikanın neft ixrac etməyə başlaması fikri, Ukraynadakı hadisələr, Yəməndə baş verən qırğınlar neftin dünya bazarındakı qiymətinə təsir edən amillərdən biridir. Bu il neftin dünya bazarında qiyməti orta hesabla 50 dolların ətrafında və ya bir az ondan aşağı, ən pis variantda orta göstərici 55 dolların ətrafında, maksimum isə 60-65 dolların ətrafında hərəkət edəcək. Bu gün hərəkət traektoriyasında müəyyən həftələrdə dolların məzənnəsində dəyişikliklərin olması təbiidir. Dollar enəndə avro qalxacaq, avro enəndə dollar qalxacaq.

Avronun enməsi üçün Avropa İttifaqı da maraqlıdır ki, öz mallarını dünya bazarına, o cümlədən, Amerika bazarına çıxarda bilsin. Bu proses yalnız Avropa İttifaqının avronu ucuzlaşdırması prosesini sürətləndirməsi ilə hadisələrə təsir göstərə bilər. Siyasətdə isə Yəməndə baş verən hadisələr bilavasitə neftin qiymətinə və dolların məzənnəsinə təsir göstərəcək. Ukraynada sakitlik olmasa bilavasitə həm neftin qiymətinə, həm də dolların məzənnəsinə təsir göstərəcək. İstənilən geofərqlilik, yüksək səviyyəyə qalxmış münaqişələr də neft qiymətinə təsir göstərəcək. Bu da dolların qalxıb enməsinə təsir edəcək".

İqtisadçı ekspert Azər Mehdiyev isə hesab edir ki, Yaxın Şərqdə baş verən hadisələrə Səudiyyə Ərəbistanı, İran cəlb olunub. Təbii ki, bu ölkələr neft ixrac edən dövlətlər olmaqla dünyanın neft bazarına təsir göstərirlər. Onun sözlərinə görə, bu gün dünyada neftin qiymətinin düşməsi tələb olunan bir məsələdir:

"Çünkü Çinin iqtisadi göstəriciləri azalmaqda, Amerika isə öz neftini ixrac etməyə hazırlaşmaqdadır. Nəzərə almaq lazımdır ki, xüsusilə bu ölkələr OPEC üzvü olan ölkələrdir və ona görə də bu təsirlər haqqında birmənalı fikirlər yürütmək çətindir. Bir  tərəfdən Yəmən hələ ki dünya neft bazarında ciddi bir paya malik olan ölkə deyil. Yəməndə baş verən proseslərlə dünyada neftin qiymətində qalxmanın baş verməsi mümkün deyil. Ona görə ki, hazırda neft bazarlarında qiyməti aşağı salan amillər kifayət qədər yüksəkdir.

Amerikada neft hasilatının artması, hasil olunan neftin ixraca hazırlanması, Çində iqtisadi artım templərinin aşağı düşməsi və digər amillər burada əsas rol oynayır.

Eyni zamanda, dünya bazarlarında o da hiss olunur ki, siyasi iradə hazırda texniki olaraq qiymətlərin aşağı düşməsində maraqlıdır, ən azından bazarda baş verən proseslər baxımından bu belədir".

Ekspert həmçinin qeyd edib ki, Yəmən məsələsində Səudiyyə Ərəbistanına qarşı birləşən ölkələr artıq OPEC daxilində fikir ayrılığına gətirəcək ki, bu halda digər ölkələr bundan istifadə edərək kvota tələblərini nəzərə almayacaqlar. Sonda neftin qiyməti dünyada sabit qalmayacaq:

"İkinci bir məsələ təbii ki, İran və Suriyanın Səudiyyə Ərəbistanına qarşı xartiyaya qoşulması OPEC-in daxilində bir parçalanmaya gətirib çıxara bilər. Hansı ki, əgər bu baş verərsə, bundan əslində heç bir müsbət nə isə gözləmək mümkün deyil. Çünkü bu münaqişələr özü özlüyündə OPEC-də hər hansı bir gərginlik yaradarsa, qurum daxilində hər hansı razılaşmaların əldə olunması çətinləşə bilər. Nəticədə, neftdən asılı olan ölkələrin hansı isə kvotaları pozmasına və neftin ixracını artırmasına gətirib çıxarda bilər.
Bu da neftin qiymətinin artmasına gətirib çıxardan amil ola bilər".

PƏRVANƏ

 





01.04.2015    çap et  çap et