525.Az

Ətraf rayonların qaytarılması reallaşacaqmı?


 

ƏLİMƏMMƏD NURİYEV: "SİLAHLI QÜVVƏLƏRİMİZ İSTƏNİLƏN AN TORPAQLARIMIZI İŞĞALDAN AZAD ETMƏK ƏZMİNDƏDİR"

Ətraf rayonların qaytarılması reallaşacaqmı?<b style="color:red"></b>

Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında 7 rayonun sülh və ya müharibə yolu ilə geri qaytarılması məsələsi xüsusilə aktuallaşıb.
 
Rusiya Dövlət Dumasının komitə sədri Leonid Slutskinin İrəvana səfəri çərçivəsində Vladimir Putinin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər kimi fikir səsləndirməsi mövcud vəziyyətdə xarici və yerli politoloqların, dövlət rəsmilərinin bu məsələyə diqqətini artırıb. Xatırlayaq ki, bundan daha əvvəl rusiyalı politoloq Sergey Markov da Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması məsələsini dəfələrlə qeyd edib. Hətta Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin də İrəvanda 7 rayonun qaytarılması məsələsini müzakirə etməsi ehtimal olunur. Lakin əsas diqqətlər Putinin aprelin son ongünlüyündə Ermənistana səfərində cəmləşəcək.

Çünki son dövrlər Rusiyanın Ermənistanla münasibətinin soyuması, Sarkisyanın bir çox beynəlxalq tədbirlərdən kənarda qalmasına səbəb olub ki, bu həm də ermənilərin sosial-iqtisadi böhranla üz-üzə dayandığı bir vaxtda hazırkı rejim rəhbərinə inamını daha da azaldıb. Eyni zamanda Ermənistanla Azərbaycan arasında təmas xəttində yaşanan mütəmadi insidentlər - düşmən tərəfinin ağır itkilər verməsi, erməni əsgərləri və mülki şəxslərinin sərhədi keçərək ölkəmizə üz tutması ümumilikdə işğalçı ölkənin vətəndaşlarını olduqca sarsıdıb.

Bütün bunlarla yanaşı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da dünən 31 Mart soyqırımının ildönümündə bayrağımızın tezliklə işğal altında olan torpaqlarda dalğalanacağını vurğulaması proqnozların reallaşacağına ümidləri artırır. Çünki hər bir sahədə acınacaqlı vəziyyət yaşayan Ermənistan cəmiyyəti istər hərbi-texniki hazırlıq, istər döyüş qabiliyyəti, istərsə də məvəni-psixoloji tərbiyə baxımından müharibəyə hazır deyil. Lakin düşməndən fərqli olaraq hər il sürətlə öz hərbi imkanlarını, döyüş-taktiki hazırlığını genişləndirən Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə tam şəkildə hazırdır. Hətta cəmiyyətimizdəki ab-hava, yüksək mənəvi-psixoloji hazırlıq səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycanda könüllü şəkildə düşmənlə müharibəyə getmək istəyən oğullar kifayət qədərdir.

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, politoloq Əliməmməd Nuriyev bildirib ki,  hazırkı şəraitdə Azərbaycanın başlıca məqsədi işğal altında olan torpaqların boşaldılmasına nail olmaqdır. Onun sözlərinə görə, bu Azərbaycanın hərb planında öz əksini tapıb: "Azərbaycanın xarici dövlətlərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində apardığı danışıqların da əsas mahiyyətində dövlət suverenliyinin təmin olunması dayanır. Son illərdə ən mühüm irəliləyiş ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də status-kvonun mövcud vəziyyətdə qalmasının tərəfdarı deyil. Hər zaman Prezident İlham Əliyev tərəfindən bu fikir vurğulanır ki, Azərbaycan uzun müddət torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq və bu danışıqların konkret nəticəsi olmalıdır. Dövlətimiz daha da güclənməkdədir. İqtisadiyyatımız sürətlə inkişaf edir. Bu da öz növbəsində Azərbaycanın hərbi potensialının daha da yüksəlməsinə gətirib çıxarır. Bunun nəticəsində Silahlı Qüvvələrimiz istənilən an ermənilər tərəfindən işğal olunan torpaqlarımızı müharibə yolu ilə geri qaytarmaq əzmindədir. Lakin rəsmi Bakı bir daha insan qanının axmasının tərəfdarı deyil. Ona görə də, ilkin mərhələdə torpaqları danışıqlar yolu ilə qaytarmağa çalışır. Ermənistan da Azərbaycanın sürətlə gücləndiyinin şahidi olur. Vaxtaşırı təmas xəttində baş verən kiçik müharibələr zamanı da ordumuz düşmənə kəsərli gücünü göstərir. Düşmən təxribatı hər dəfə Silahlı Qüvvələrimizin kəskin reaksiyası ilə qarşılaşır və ağır itkilər verən ermənilər geri çəkilməyə məcbur olurlar".

Ermənistanın iqtisadi vəziyyətinin çox ağır olduğunu xatırladan Ə.Nuriyev qeyd edib ki, əhali sürətlə öz ölkəsini tərk edərək xarici dövlətlərə üz tutur: "Bu da düşməni danışıqlar prosesində daha konstruktiv olmağa sövq edir. Həmçinin ermənilər başa düşür ki, uzun müddət Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal altında saxlamağa müvəffəq ola bilməyəcəklər. Onlar Azərbaycan torpaqları üzərində bir daha legitimliyə sahib ola bilməzlər. Bir tərəfdən də Dağlıq Qarabağın erməni əhalisində də ciddi psixoloji sarsıntılar yaşanır. Çünki onlar başa düşürlər ki, müharibə başlasa, öz güclərinə Azərbaycan ordusunun qarşısını ala bilməyəcəklər. Hazırkı geosiyasi vəziyyət də onu göstərir ki, qüvvələr nisbəti dəyişməkdədir. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclənir, nüfuzu daha da artır. Ölkəmizin mövqeyini dəstəkləyən, onunla tərəfdaşlıq əlaqələri qurmaq istəyən dövlətlərin sayı gündən-günə artmaqdadır".

İşğalçı ölkənin hazırkı siyasi hakimiyyətində də parçalanmaların müşahidə olunduğunu deyən politoloq bildirib ki, Ermənistanın özündən və Qarabağdan  olan ermənilər arasında fikirlər ziddiyyət təşkil etməyə başlayıb. Onun sözlərinə görə, artıq yerli ermənilər Dağlıq Qarabağın yükünü daşımaq istəmirlər.

Mərkəz sədri əlavə edib ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi fonunda bu məsələyə xüsusi diqqət ayırmaq lazımdır: "Artıq Kreml də anlayır ki, Cənubi Qafqazın ən güclü dövləti Azərbaycandır. Bu baxımdan regional maraqlar üçün Rusiyaya Azərbaycanla əlaqələri genişləndirmək daha çox sərf edir. Çünki Ukrayna böhranından sonra Moskvaya tətbiq olunan sanksiyalar ölkənin iqtisadi vəziyyətinə mənfi təsir edib. Bu vəziyyətdə Azərbaycan Rusiyaya özünü etibarlı tərəfdaş kimi göstərərək iki ölkə arasında qonşuluq siyasətinin əhəmiyyətini daha da artırıb. Rəsmi Bakının yeganə istəyi odur ki, Rusiya Dağlıq Qarabağ məsələsində ədalətli mövqe nümayiş etdirsin və Ermənistanın arxasından tamamilə çəkilsin. Çünki Ermənistan xüsusilə xarici siyasətində atdığı addımlarla dəfələrlə sübuta yetirib ki, Rusiyanın maraqları ilə hərəkət edir. İşğalçı ölkə Moskvadan istər iqtisadi, istərsə də siyasi baxımdan asılı vəziyyətdə olsa da, gərgin iqtisadi vəziyyət Rusiyaya Ermənistanın yükünü çəkməyə imkan vermir. Bu mənada birinci növbədə Dağlıq Qarabağ ətrafında yeddi rayonun tezliklə Azərbaycana qaytarılması üçün görülən işlər müsbət nəticə verə bilər".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu hesab edir ki, Rusiya çoxdan Azərbaycanın işğal olunmuş yeddi rayonun geri qaytarılması fikrindədir. O "SİA"ya açıqlamasında qeyd edib ki, sadəcə Ermənistan bu varianta razılıq verməməklə Rusiyanın maraqlarını zərbə altına atır: "Ermənistan bu addımı ilə özünün anti-rusiyaçılığını göstərir. Bu ideya çoxdan gündəlikdədir. Rusiya çalışır ki, yeddi rayon Azərbaycana qaytarılsın. Bir müddət sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr başlasın. Yəni, Kremlin rəsmilərinin, Putinin yaxın ətrafındakıların verdikləri bəyanatlardan anlamaq mümkündür. Amma Kremlə çox yaxın olan politoloq Sergey Markov açıq mətnlə bu məsələni bir neçə dəfə təkrarlayıb. Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin ətrafında olan politoloqlar dəfələrlə bəyan ediblər".

Politoloq qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olarkən öhdəlik götürüb ki, Dağlıq Qarabağı öz ərazisi hesab etmir: "Ermənistanın ittifaqa üzvlüyü Rusiya Dövlət Dumasında ratifikasiya olunan zaman Dumanın MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Slutski bildirib ki, Ermənistanın ittifaqa Dağlıq Qarabağsız daxil olması barədə öhdəlik götürməsi nəhayət ki, münaqişənin həlli yolunda irəliyə doğru addımlar atılmasına şərait yarada bilər. Ona görə də inanıram ki, yeddi rayonun qaytarılması bəyanatları reallıqdır".

Ceyhun ABASOV

 

 





01.04.2015    çap et  çap et