525.Az

Ağdam "soyuztransı"


 

Ağdam "soyuztransı"<b style="color:red"></b>

Hər zaman yeni ideyalarıyla qaynar qazana bənzəyən Ağdam  və bu şəhərin sakinləri  bir çox ilklərə imza atıb. Regionda ilk avtovağzalın inşa edilməsi və rayonlararası avtovağzalın məhz bu şəhərdə yaranması da qeyd etdiyim ilklərdən biridir...

Növbəti səfərimdə Ağdam rayonunda gördüklərim məni uzun müddət düşündüyüm bir mövzunun üzərində işləməyə məcbur etdi. Qeyd etməliyəm ki, hər dəfə rayona gələndə çoxsaylı yeniliklərin şahidi oluram.  Bəzən vaxt azlığından bu yeniliklərin hamısıyla tanış ola bilməsəm də, qəsəbədə olanları mütləq şəkildə ziyarət etməyi özümə borc bilirəm.

Bildiyim odur ki, yaxın günlərdə məşhur "Çay evi"nın  açılışı keçiriləcək. Artıq yaz fəslinin verdiyi imkandan yararlanaraq rayonda qırx min ədəddən çox müxtəlif növ ağac əkilmişdir. Yaxşı haldır ki, bu ağaclar arasında üstünlük "Xan çinar", "Eldar şamı" və qoz ağacına verilir. "Xaçın" çaydan başlanan ağacəkimi üzü Ağcabədinin Sarıcalı kəndinədək  davam edib. Üstəlik Ağcabədi şəhəri  istiqamətində  möhtəşəm giriş qapısı da inşa edilir. Bu məsafədə diqqətimi çəkən ikinci məqam  avtovağzalın yeni binasının  istifadəyə hazır  olması idi. Yeni simada olan avtovağzalda sərnişinlərə bütün növ xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun təşəbbüsü və dəstəyi ilə inşa edilən avtovağzalın yeni binası qəsəbə statusu almış Quzanlı kəndində "Əsəd bəyin" bağı deyilən ərazidə fəaliyyət göstərəcək. İnzibati binada ana və uşaqlar, o cümlədən, dini ayinlərin yerinə yetirilməsi üçün ayrıca otaqlar nəzərdə tutulub. İkinci mərtəbədə isə geniş gözləmə zalı yerləşir. Sonuncu ziyarət zamanı tikinti meydançasında çalışan fəhlələrin yüksək əhval-ruhiyyə ilə çalışmasınn şahidi oluram. Onlarla söhbət zamanı belə qənaətə gəldim ki, tikinti meydançasında çalışanlar üçün avtovağzalın tikintisi qayıdış üçün sankı bir sınaqdır.

Binanın ətrafında  gəzinti zamanı isə xəyallarım məni 1964-cü ilə aparır. Bildiyim qədər, məhz həmin   ildə  Ağdamda müasir  tələblərə cavab verən ilk avtovağzal  binası istifadəyə verilmişdi. Xatırladım ki,  1961-ci ildə inşasına başlanan avtovağzal  şəhərin "28 aprel" küçəsində yerləşirdi. İnşa edilən yeni binada  ondan artıq  otaq var idi. Burada gözləmə zalının uzunluğu 16,5 metr idi. Vağzalda gecə və gündüz kassaları, uşaqlı qadınlar üçün otaq və yeməkxana  fəaliyyətdə idi. Bundan əlavə  uzaqdan gələnlərin gecələməsi üçün ikinəfərlik iki otaqda hər bir şərait var idi. Əlavə edim ki, tikintinin iş icraçısı İslam Rzayev olub.

Bir məqama da toxunum ki, avtovağzal  hələ xeyli əvvəl  qeyri-rəsmi şəkildə  Əzizbəyov  küçəsi ilə "28 aprel"in kəsişməsində  fəaliyyət göstərirdi. Sonralar həmin yerdə şüşəli mədəni mallar mağazası inşa edildi. Hindarıxına, Bərdəyə və kəndlərə qayıdan rayon sakinləri bu arada  avtobus və ya minik maşınını gözləməli olurdular. Artıq o illərdə  rayonlararası, 70-ci illərin əvvəllərindən isə  hamının "poqorod"  adlandırdığı  avtobuslar şəhər içi işləməyə başladı. 20 il ərzində isə avtovağzal "2711" saylı avtomobil dəstəsinin nəzdində idi. "Soyuztrans" adlanan avtovağzal sərbəst qurum kimi yalnız 1985-ci ildən fəaliyyətə başlamışdı...

Bu arada maraqlı bir faktı da söyləmək yerinə düşər. Qeyd edim ki, bu gün iqtisadçıların daha çox işlətdiyi bazar iqtisadiyyatının qanunları Ağdamda hələ əllinci illərdə "qüvvədə"  idi. Belə ki, o vaxtlar şəhərdə  hamının "yumurta Bəhrəm"  deyə çağırdığı Bəhrəm kişi onadək "Moskviç-407" alaraq icarəyə vermişdi. Və hər gün bu "Zimbalalar"  sahibinə 150 rubl  pul qazandırırdı. Əlavə edim ki, Bəhrəm kişi uzun müddət rayon yumurta qəbulu məntəqəsinin müdiri olduğundan onu belə çağırırdılar...

İlk minik avtomobilinin də şəhərə hələ 1946-cı ildə gətirildiyi deyilir.  Həmin ildə keçmiş SSRİ-nin məşhur "Zim"ini isə Əziz doktor gətirmişdi.   Qeyd edim ki, o illərdə "Polutorka" adlanan "ZİS -5"  yük maşınları şəhərdəki müəssisələrə xidmət göstərirdi.  Yəni şəhərdə avtomobilə maraq yüksək idi. Və elə  bu səbəbdən  idi ki, avtovağzal regionda ilk olaraq məhz Ağdam şəhərində inşa edildi.

1985-ci ilin yanvarında şəhərdə "Mərkəzi Ağdam Rayonlararası Avtomobil vağzalı" fəaliyyətə başlayır.

Müəssisənin direktoru isə Akif Eyvazov təyin edilir. Qeyd edim ki, mərkəzi avtovağzal Ağdamla yanaşı, Ağcabədi, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Horadiz, Kəlbəcər və Jdanov (indiki Beyləqan) rayonlarını əhatə edirdi. Mərkəzi avtovağzal özündə vağzalları, kassaları və stansiyaları birləşdirirdi. Söz yoxdur ki, mərkəzin Ağdam seçilməsinin digər səbəbi də var idi. Belə ki, adıçəkilən rayonlara  istehak malları məhz Ağdam şəhərindəki rayonlararası ticarət bazasından daşınırdı. Üstəlik Ağdamda dəmiryol xətti və yükdaşıma stansiyası var idi. Demək olar ki, əsas magistral yollar Ağdamda birləşirdi.

Beləliklə, 1985-ci ildə avtovağzalın binasında ciddi təmir-yenidənqurma işləri həyata keçirilmiş, binaya istilik sistemi çəkilmiş və yeni avadanlıqlar alınmışdır.  Vağzaldan gün ərzində 3200 nəfərə xidmətin göstərilməsi  ciddi bir fakt kimi qəbul edilməlidir.  Ancaq   müəssisə rəhbərliyinin   təşəbbüsü və həmin illərdə rayon RPK-nın birinci katibi işləyən Sadıq Murtuzayevin təşkilatçılığı ilə yeni avtovağzalın inzibati binası layihələndirilir. Tam milli ornamentlərlə zəngin olan layihənin icrasına 1986-cı ildə start verilir.  Yeni avtovağzalın inşasına yer isə 50 nömrəli  texniki peşə məktəbi ilə üzbəüz ərazi seçilir. Ərazinin aşağı  hissəsindən isə "Kötəl arxı" axırdı.  İnzibati bina 1988-ci ilin aprelində  təhvil verilir. İş icraçısı isə Qorxmaz Xudadatov olan tikintini 2 saylı Səyyar Mexanikləşdirilmiş dəstənin kollektivi həyata keçirir. Lakin Dağlıq Qarabağda erməni fitnəkarlığı sonda mühüm bir obyektin açılışını təxirə salır, ümumiyyətlə keçirilmir.

Avtovağzalın keçmiş binasına "əl gəzdirildikdən" sonra onu  dörd nömrəli uşaq bağçasının istifadəsinə verirlər. Münaqişənin  gərgin bir dövründə  1989-cu ilin  yanvar  ayının altısı səhər saat 06:55-də avtovağzalda partlayış baş verir. Nəticədə avtovağzalın xəzinədarı Fuad Nağıyev və avtobus sürücüsü Fazil Ağayev həlak olur. Avtovağzalın gözətçisi Çingiz Səmədov və hərbi qulluqçu Mayis Cəfərov ağır dərəcəli bədən xəsarəti alırlar. Təəssüf ki, həmin illərdə hadisənin erməni təxribatı olmasından  deyil, sadəcə qaz xəttinin sızması nəticəsində baş verdiyi deyilir. Ancaq həmin ərazidən  hər hansı qaz xəttinin keçmədiyi hamıya yaxşı bəlliydi. Beləliklə, qanlı cinayətin üstü ermənilərin Moskvadakı havadarlarının təzyiqi ilə açılmamış qaldı...

Bu yazıda biz yalnız bir sahədə olub keçənlərə və bugünkü reallığa toxunduq. Nəticə odur ki, bu gün Ağdamın görkəmi hələlik  Ağdamsız dəyişir.  Ermənilərin Ağdamda törətdiyi təxribatlardan 25 il keçməsinə baxmayaraq rayon ərazisində aparılan quruculuq işlərinin Ağdama çatacağı gün də uzaqda deyil...

 





01.04.2015    çap et  çap et