525.Az

Təhsil Problemləri İnstitutunda məktəbdaxili qiymətləndirməyə dair məşğələ


 

Təhsil Problemləri İnstitutunda məktəbdaxili qiymətləndirməyə dair məşğələ <b style="color:red"></b>

Təhsil Problemləri İnstitutunda (TPİ) "Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi" mövzusuna dair məşğələ keçirilib. TPİ-dən verilən məlumata görə , "Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi" mövzusuna dair keçirilən məşğələdə institututun rəhbərliyi, əməkdaşları ilə bərabər, həmçinin Zaqatala, Şəmkir, Bakı, Sumqayıt şəhərlərindən gələn müəllimlər iştirak ediblər.

İnstitutun direktoru Qulu Novruzov Təhsilin inkişafı üzrə Dövlət Strategiyasından və orada qiymətləndirməni əks etdirən məzmundan bəhs edib. Həmin sənəddə göstərilən 2.2. təfəkkürün, şəxsiyyətin inkişafına yönələn, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resurslarının inkişafından söhbət açıb.

Sənəddə göstərilən ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. Bu istiqamətdə görülən işlər sözügedən sahənin inkişafı üzrə Milli Strategiyanin hazırlanmasından sonra sürətlənib. Milli Strategiyanın icrası ilə əlaqədar Prezidenti İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"nda da müasir İKT-dən istifadə etməklə keyfiyyətli təhsilə nail olmaq əsas məqsədlər sırasındadır. Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər) ölkəmizdə təhsil sisteminə yeni texnologiyaların tətbiqini və onlardan geniş istifadə edilməsini informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biri kimi müəyyənləşdirib.

Sonra Bakı şəhəri Nizami rayonu N.Həmzəyev adına 238 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Qabaqcıl təhsil işçisi", "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2009-2010) Bayramova İradə öz təcrübəsində qiymətləndirmədə İKT-nin tədbiqi ilə bağlı təqdimatla çıxış edib. "Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi" adlı məruzəsində İradə xanım İKT-nin tətbiqi zamanı təhsilin keyfiyyətinə, müasir dünyada tələb olunan bilik və bacarıqlara malik vətəndaşların formalaşmasına birbaşa təsirindən danışıb. Bu sahənin informasiyalaşdırılmasının keçici bir mərhələ olmadığını bildirib:

"İnformasiyalaşdırılmış cəmiyyət hər bir insana bütün ömür boyu keyfiyyətli təhsil almaq imkanı verir. İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. Məktəb və müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyi, hər şeydən əvvəl, şagirdlərin təlim nəticələri ilə ölçülür. Bu zaman şagirdlərin biliklərinin sistemliyi, möhkəmliyi, dərinliyi, dəqiqliyi,tamlığı, davamlığı, çevikliyi, praktik istifadəsi və inkişafı əsas parametr kimi götürülür. Qiymətləndirmə olmadan biz təhsilin keyfiyyəti barədə fikir yürüdə bilmərik. Qiymətləndirmənin məqsədi məlumat toplamaqdır. Həmin məlumatlar əsasında da müəyyən nəticələrə gəlinir".

Vəfa MƏMMƏDLİ

 





01.04.2015    çap et  çap et