525.Az

İstanbulda prokuror girov götürülüb


 

İstanbulda prokuror girov götürülüb <b style="color:red"></b>

Bu gün İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan terrorçular 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürüblər.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 12.36-da DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) adlı marksist-leninçi terror təşkilatının 2 üzvü prokuror M. S. Kirazın Çağlayan Ədliyyə Sarayının 6-cı mərtəbəsində yerləşən kabinetinə girib. Onların yaxşı qorunan binaya silahla necə daxil olduqları hələlik bəlli deyil. Terrorçular prokurorun başına silah tuşlayaraq tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, onu öldürəcəklərini bildiriblər. Tələblər aşağıdakılardır:
 
- Berkin Əlvanı öldürən polislərin canlı yayına çıxarılaraq cinayəti etiraf etmələri,
 
- Həmin polislərin "xalq məhkəməsi"ndə mühakimə olunması,
 
- Berkin Əlvanla bağlı keçirilən etiraz aksiyalarında saxlanılan, barəsində cinayət işi açılan bütün şəxslərin üzərindən ittihamın götürülməsi, işdən çıxarılanların bərpası,
 
- Aksiyanı həyata keçirən terrorçuların Ədliyyə Sarayından sərbəst çıxmalarına şərait yaradılması.
  
Olayı əks etdirən fotolar terrorçular tərəfindən internetə yerləşdirilib.  Hadisədən sonra binanın giriş və çıxışları polis tərəfindən nəzarətə götürülüb. Xüsusi təyinatlılar əməliyyata hazırlaşır.
 
Qeyd edək ki, Berkin Əlvan Gəzi hadisələri zamanı İstanbulda polislərin atdığı qaz bombasının kapsulunun başına dəyməsi nəticəsində ağır yaralanıb və bir müddət sonra ölüb.

 





31.03.2015    çap et  çap et