525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri  və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Şəki təkcə qədim tarixi, memarlıq abidələri ilə deyil, həm də görkəmli şəxsiyyətləri ilə Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində önəmli rol oynayır.

Hacı Çələbi xan - Şəkinin I xanı bu bölgənin məşhur simalarındandır. O, 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeçiliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan edib.

Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlayıb. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatıb. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırıb. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər.

1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.

Şah onu Şəki mahalı üzrə vəkil təyin edir və ona Məlik Nəcəfin yığdığı vergilərə nəzarət səlahiyyəti verir.

Bundan sonra Hacı Çələbi faktiki olaraq, hakimiyyəti öz əlinə alır. O, Məlik Nəcəfin vəzifəsinə daxil olan bir çox işlərə açıq müdaxilə etməkdən də çəkinmir. Belə zəngin bir mahalı əldən buraxmaq istəməyən Nadir şah Hacı Çələbini öz düşərgəsinə çağırır və onu asdırmaq istəyir. Lakin Hacı cəsarətli hərəkət edib, boynu kəndirdə ola-ola Nadir şahı bu ittihamın doğru olmadığına inandıra bilir. O deyir: "Məlik, şahdan hansı tapşırığı alırsa-alsın, buna bir neçə başqa tapşırıqlar da əlavə edir". Nadir şah inanıb, Hacı Çələbini bağışlayır, ona daha böyük səlahiyyətlər verir. Lakin sonralar Çələbi xan böyük zəhmətlər və döyüşlər bahasına Şəki xanlığının müstəqilliyinə nail olur.

Şəki xanlığının ən möhtəşəm və inkişaf etmiş Azərbaycan xanlığına çevrilməsi onun müstəsna xidmətlərindəndir. Çələbi Şəki şəhərinin abadlaşdırılması üçün çox işlər görüb. Burada mədrəsələr, məscidlər, karvansaralar, hamamlar, məktəblər tikilir.

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadə 30 iyun 1812-ci ildə Şəkidə-o vaxtkı Nuxada anadan olub. 1814-cü ildə onların ailəsi atalarının vətəni Təbriz şəhərinin yaxınlığındakı Xamnə qəsəbəsinə köçüb. 1821-ci ildə anası Nanə xanım Fətəlinin atası Mirzə Məhəmməd Tağıdan ayrılıb və əmisi Axund Hacı Ələsgərin yanına, Qaradağın Horanid kəndinə (Cənubi Azərbaycan), 1825-ci ildə isə Şəkiyə köçüb.

Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. O, öz qardaşı nəvəsini oğulluğa götürərək onun təlim və tərbiyəsi ilə şəxsən məşğul olub və onun həyatında mühüm rol oynayıb. Ona yaxşı atalıq etdiyindən Mirzə Fətəli öz soyadını məhz elə onun adı ilə - Axund ilə əlaqələndirib. M.F.Axundzadə az bir zaman içərisində Axund Hacı Ələsgərin səyi və özünün çalışqanlığı sayəsində Quranı, fars və ərəb dilini öyrənib.

Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətinə də yiyələnib. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olub və bir il burada təhsil alıb.

1834-cü ildə o, Tiflisə gedib, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunub.

Həmin ildən ta ömrünün sonuna qədər baş dəftərxanada əvvəl mülki, sonralar həm də hərbi işlər üzrə mütərcim vəzifəsində çalışan M.F.Axundzadə Rusiya ilə İran, Rusiya ilə Türkiyə dövlətləri arasında aparılan bir sıra mühüm diplomatik danışıqlarda fəal iştirak edib, Zaqafqaziya daxilində hökumətin bəzi vacib dövlət tədbirlərinə cəlb olunub. O, dövlət xidmətində sürətlə irəli gedib; ona 1842-ci ildə praporşik, 1846-cı ildə podporuçik, 1850-ci ildə poruçik, 1852-ci ildə ştabs-kapitan, 1854-cü ildə podpolkovnik, 1873-cü ildə isə polkovnik rütbəsi verilib, Rusiya, İran və Türkiyə dövlətləri tərəfindən bir sıra orden və medallarla təltif olunub.

Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat edib və Tbilisi Botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunub.

Axundov bədii yaradıcılığına şeirlə- "Səbuhi" təxəllüsü ilə başlayıb.

1837-ci ildə - 25 yaşında ikən "Puşkinin ölümünə Şərq poeması"nı yazıb və dərhal da rus dilində "Moskovskiy nablyudatel" jurnalında çap etdirib.

1850-1855-ci illərdə özünün məşhur altı komediyasını -"Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" (1850), "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" (1850), "Sərgüzəşti-vəziri-xani-Lənkəran" (1850), "Hekayəti Xırs-Quldurbasan" (1851), "Sərgüzəşti Mərdi-Xəsis" ("Hacı Qara") (1852), "Mürafiə vəkillərinin hekayəti" (1855) yazmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərib. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf edib.

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranıb. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoyub. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb.

Dramaturq bundan başqa "Aldanmış Kəvakib", (Hekayəti-Yusif şah), "Fəhristi-kitab", "Nəzm və nəsr haqqında", "Tənqid risaləsi", "Kəmalüddövlə məktubları" əsərlərinin müəllifidir.

2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilib. Xalq yazıçısı Anarın ssenarisi əsasında mütəfəkkirin 200 illik yubileyi münasibətilə "Sübhün səfiri" adlı bədii film çəkilib.

Şəkinin yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri də şair Molla Cümədir. Molla Cümə 1854-cü ildə dünyaya gəlib. "Molla" təxəllüsü ona savadlı olduğu üçün verilib. Molla Cümənin dəqiq tərcümeyi-halı heç bir mənbədə yoxdur. Onun həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilib. XX əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir yerə yığıb səliqə ilə köçürüb və oğlu Həsənə verib. Şeirlərinin birində Şəkinin Layisqi kəndində anadan olduğu və ömrünün sonuna qədər burada yaşadığı aydınlaşır. O, əsasən qoşma, gəraylı və müxəmməslər yazıb.

Aşığın şeirlərinin mövzusu bəşəri, saf, təmiz, ülvi məhəbbət, yaşadığı dövrdə qarşılaşdığı ziddiyyətlər, ictimai bərabərsizliklər, islam dəyərləri və s. ibarət olub. Molla Cümənin əksər şeirlərində İsmi Pünhanın adı çəkilir, bir çox şeirləri də İsmi Pünhana müraciətlə yazılıb. İsm-ad, Pünhan-gizli deməkdir. Bununla bağlı çoxlu rəvayətlər mövcuddur. Bir rəvayətə görə aşığın sevgilisi öz zəmanəsində çox dindar bir adamın qızı olub. El-oba onu müqəddəs hesab eləyib. Ona görə də aşıq onun adını çəkməyib. Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar çoxlu şeirlər var. Molla Cümə 28 may 1918-ci il tarixdə yaranan Azərbaycan Demokratik Respublikasının ən fədakar tərəfdarlarından biri kimi 1920-ci ilin aprelində Azərbaycana soxulmuş XI rus ordusu ilə döyüşdə həlak olub.

(Ardı var)

S.ABDULLAYEVA

 





31.03.2015    çap et  çap et