525.Az

MTN-nin 96 illiyi qeyd olunub


 

MTN-nin 96 illiyi qeyd olunub<b style="color:red"></b> Martın 28-də Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü tamam olub. Peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
 
MTN-in İctimai əlaqələr idarəsindən APA-ya verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
 
Sonra Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
 
Bayram tədbiri Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov bu xüsusi təyinatlı ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi münasibətilə təbrik edib.
 
Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara “Şöhrət” muzeyində mükafatlar təqdim olunub.
 
General-polkovnik Eldar Mahmudov təltif olunanları bir daha təbrik edərək, çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunduğunu vurğulayıb, xüsusi xidmət orqanlarının dövlət başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin qüdrətlənməsi siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirib.
 
Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandanın diqqət və qayğısını xüsusi vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün şəxsi heyətin adından dərin minnətdarlığını bildirib.
 
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə ümummilli lider Heydər Əliyevin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil ocağının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıq edib.
 
Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin yeni tikilmiş Beynəlxalq Təlim Mərkəzinin inzibati binasının açılışı olub.
 
Təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında daha geniş tərkibdə davam etdirilib. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
 
Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov mərasimdə çıxış edib. General-polkovnik Eldar Mahmudov ötən ilin Milli Təhlükəsizlik Nazirliyi üçün də uğurlu olduğunu, Azərbaycan Respublikasında təhlükəsizliyin etibarlı şəkildə təmin edildiyini, sabitliyin qorunub saxlanıldığını diqqətə çatdırıb.
 
Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına göstərdiyi qayğıya görə dövlət başçısına minnətdarlığını çatdıraraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaq.
 
Qeyd olunub ki, Azərbaycanın idman uğurlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının rolu da ildən-ilə yüksəlir: "Əlbəttə bu, hər şeydən əvvəl dövlətimizin başçısının yaxından dəstəyi ilə müasir şəraitə, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün hərtərəfli imkanlara malik Milli Təhlükəsizlik Nazirliyinin “Titan” İdman və Sağlamlıq Mərkəzinin yaradılması ilə bağlıdır. Ötən il “Titan”ın üzvləri ayrı-ayrı idman növləri üzrə dünya, Avropa və respublika çempionatlarında 14 qızıl, 16 gümüş və 9 bürünc medal qazanıblar".
 
Eldar Mahmudov deyib ki, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində Ermənistan xətti, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması daim prioritet təşkil edir. Ötən il Dağlıq Qarabağ münaqişəsinə dair təbliğat materiallarının hazırlanması və yayılması sahəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının da fəaliyyəti uğurlu olub. Səfirliklərimizə, diaspor təşkilatlarına, elm-təhsil ocaqlarına münaqişənin tarixi, yaranma səbəbləri və fəsadlarından bəhs edən xeyli sayda kitab, broşür və elektron vəsaitlər göndərilib. Bu məsələ daim diqqət mərkəzində saxlanılır.
 
Silahlı Qüvvələrdə gedən islahatlar və müşahidə olunan müsbət meyldə hərbi əks-kəşfiyyat orqanlarının uğurlu rolunu qeyd edən general-polkovnik Eldar Mahmudov, bu istiqamətdə nöqsanların vaxtında aşkarlanması və qarşısının alınması üzrə fəaliyyət xəttinin, Müdafiə Nazirliyi və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr ilə işgüzar əlaqələrin daha da gücləndiyini vurğulayıb.
 
Nazir bildirib ki, müasir dövrdə hər bir xüsusi xidmət orqanının qarısında ən vacib vəzifələrdən biri milli təhlükəsizliyə qarşı təhdidlərin dəqiq proqnozlaşdırılması və meyllərin vaxtında müəyyən edilməsidir. Bu baxımdan günün tələbləri nəzərə alınaraq həyata keçirilmiş islahatlar işin daha səmərəli təşkilinə təkan verib. Eyni zamanda diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlıq əlaqələri ildən-ilə genişlənən və daha səmərəli xarakter alan Milli Təhlükəsizlik Nazirliyi hazırda 51 xarici dövlətin 76 xüsusi xidmət orqanı, habelə bir sıra beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqələrə malikdir. Əməkdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir.
 
General-polkovnik Eldar Mahmudov olduqca çətin şəraitdə xidmət aparan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib.
 
Qeyd edilib ki, 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Respublikasında bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün yeni idman arenaları və komplekslərinin açılışı olub, mövcud idman obyektləri əsaslı təmir edilib və infrastruktur daha da genişləndirilib. Bütün bunlar Azərbaycanın təhlükəsiz dövlət olduğunu bir daha təsdiqləyir, mötəbər idman yarışlarını, beynəlxalq turnirləri, Avropa və dünya çempionatlarını təşkil etməyə qadir olduğunu sübut edir. Eyni zamanda, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən bu cür idman oyunlarına ev sahibliyi etməsi ölkənin nüfuzu, imici üçün mühüm əhəmiyyət kəsb edir.
 
Təntənəli mərasimdə çıxış edən Milli Təhlükəsizlik nazirinin müavini general-leytenant Elçin Əliyev bildirib ki, Azərbaycan bu gün dünya birliyi tərəfindən zəngin təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.
Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək deyib ki, prezident İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə dinamik şəkildə inkişaf edir, əhalinin sosial-müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, ictimai-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və çəkisi dünyada ildən-ilə möhkəmlənir. Ermənistan artıq dünya birliyi tərəfindən təcavüzkar ölkə kimi tanınıb, Azərbaycan regionda lider dövlətə çevrilib.
 
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.
 
Təntənəli mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 mart tarixli sərəncamları elan olunub.
 
Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.
 
Tədbirin sonunda təltif olunan əməkdaşlar və veteranlarla xatirə şəkli çəkdirilib.
 





29.03.2015    çap et  çap et