525.Az

“Ermənistan işğal etdiyi ərazilərin demoqrafik mahiyyətini dəyişir”


 

“Ermənistan işğal etdiyi ərazilərin demoqrafik mahiyyətini dəyişir”<b style="color:red"></b>

“Təəssüf ki, bir milyondan çox etnik azərbaycanlı etnik təmizləmə siyasətinin qurbanı olaraq qalır”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı beynəlxalq Konvensiyanın qəbulunun 50 illiyi ilə əlaqədar ATƏT Daimi Şurasına göndərdiyi müraciətdə deyilir.
 
Müraciətdə qeyd edilir ki, təxminən 250 min azərbaycanlı Ermənistan ərazisindən çıxarılıb və yüz minlərlə azərbaycanlı məcburi şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından qovulub:

“Bunun nəticəsi olaraq işğal olunmuş Azərbaycan ərazilərində separatçı rejim yaradılıb. Ermənistan məcburi köçkün olmuş Azərbaycan əhalisini təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtmaq hüquqlarından məhrum edir, işğal olunmuş ərazilərin demoqrafik, tarixi və mədəni mahiyyətini dəyişmək üçün sistemli siyasət yürüdür”.
 
Sənəddə deyilir ki, irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı beynəlxalq Konvensiyanın qəbulunun 50 illiyi ərəfəsində Azərbaycan tərəfi ATƏT ictimaiyyətinin etnik nifrət və irqi ayrı-seçkiliyə əsaslanan dözümsüzlüyün nümayişinə qatlaşmayacağına inanır:

“Bu baxımdan biz Ermənistanı bir daha azərbaycanlı qaçqınların və məcburi köçkünlərin əsas humanitar hüquqlarından imtina etmək siyasətini dayandırmağa, öz qoşunlarını beynəlxalq səviyyədə tanınan Azərbaycan torpaqlarından geri çəkməyə və qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması üçün təhlükəsiz şərait yaratmağa çağırırıq. Həmçinin ATƏT-ə üzv ölkələri Ermənistan tərəfini buna razı salmağa səsləyirik”.

 





27.03.2015    çap et  çap et