525.Az

Yolçu yolda gərək


 

Yolçu yolda gərək<b style="color:red"></b>

Təvəkkül, dayının əziz balası!

Bayramın bayrama qarışdığı bu əziz baca-baca günündə, bilməyənlər üçün deyim ki,  Naxçıvanda ilaxır çərşənbəsinə belə deyirlər, səni təbrik etmək nə mutlu bir dilək?! Başına yığılmış dost-tanışları bircə anlığa olsa da  unudub, uşaqların hay-küylə həyətdə çatdığı   tonqalın rəqsan dillərinə baxa-baxa olmuşları təkrar xatırlayaraq Tərcümə Mərkəzinin keçirdiyi ilk  müsabiqənin həyəcan dolu anları, birinci yer, qalib diplomu, özündən böyük, adlı-sanlı qələm adamları qarşısında dizlərin əsə-əsə elədiyin həyəcanlı çıxış, bunu eşidib-bilən dostların təbriki, çeşidli loqoları olan televiziya kameraları və qohum-qardaşın ard-arası kəsilməyən zənglərini bir daha göz önündən keçirib də evdəkiləri sevindirmək  özü  iyirmi yaşlı bir tələbə üçün təkcə xüsusi bir hal yox, zənnimcə, həm də xoşbəxtlikdi. Deyim biləsən: “Köhnə kişi”ni yazanda elə mən də sən yaşda idim. “Durduğun yerdə başına bəla açmısan. Sonda deyəcəyin sözü əvvəldə demisən. Odu ki, bərk dur, başqa əlacın yoxdu” – ustad Ağa Laçınlının povesti oxuyandan sonra mənə dediyi sözlərdi.

Nə gizlədim, az qala otuz il öncə eşitdiyim o sözlərin istisi canıma yayıldıqca  qorxu-hürkünün  nə demək olduğunu da anladım. Özü də necə?! Odu-budu, indi, altmış yaşın həndəvərində də bir təzə yazı başlayanda canımı həmən həyəcan sarır:  görəsən, bu dəfə necə olacaq, ən azı dostları peşman etməyəcəm ki?...   

Sözümün Mustafası var.

Mən ürəyimdəkiləri sənə, Binədə o kasıb komanızın bir küncündə də deyə bilərdim, amma bunu onda təkcə sən və bacıların – “camalı bayram ayından göyçək” Gülər və iqtisadçı ola-ola indi də ədəbiyyatdan pişiyimi ağaca dırmaşdıran Afaqdan başqa heç kim bilməzdi... İntəhası mənim istədiyim bu deyil.  

Böyük  uğura imza atmısan. Adından söz etdirən ən gənc tərcüməçi hazırda, bəlkə də, sənsən. Şübhəsiz, bununla fəxr etməyinə dəyər.  Ədəbiyyat adamları, ekspertlər,  bir sözlə, sənə müəllimlik edə biləsi yaşda olan insanlar zəhmət çəkib  əməyini gərəyincə qiymətləndiriblər. Sənə lazım olandan da artıq dəyər veriblər. Bunu yaddan çıxartma. Bir müsabiqə ilə vaxtilə səndən, bəlkə də on beş-iyirmi yaş böyük ola-ola  hələ də gənc sayılan hər hansı ədəbiyyat adamını irəli getməyə qoymayacaq maneələr səninçün aradan götürülüb, üzünə nəhəng ədəbiyyatın qapıları deyil, darvazaları, özü də taybatay açıb. Çünki orda, o müsabiqədə iştirak edənlərin böyük əksəriyyəti həm həyat təcrübəsi, həm yaş, həm də yaradıcılıq  baxımından səndən  üstün olan,  tanınmış yaradıcı şəxsiyyətlərdi. Ən böyük qazancın bu olub sənin. Bəxtin həm də orda gətirib ki, müstəqillik dövrünün tələbləri və diktəsi ikinci dildən deyil, orijinaldan, birbaşa tərcüməyə üstünlük verməyi günümüzün reallığına çevirib. Artıq tarixə dönmüş sözügedən müsabiqənin gerçək mahiyyəti də məhz bundan ibarət idi. Qismətdən sən də gedib bu işi təşkil edən  xeyirxah adamlara urcah olmusan. Əgər ekspertlər sənə bu etimadı göstəriblərsə, elə bilmə, onu o uca boyuna, çatma qaşına, qara gözünə aşiq olub da eləyiblər.

Bununla sənin üzərinə böyük məsuliyyət qoyulub. Böyük ədəbi ictimaiyyətin qarşısına çıxmısan. Diqqətlər sənə yönəlib. Çiynin ağır  yük altındadı. Sözümün canı da məhz bu məqamla bağlıdı. Ağa müəllim  də otuz il əvvəl mənə onu başa salmaq istəyirdi. İndi də sən.  İşinin ağırı bundan belədi. Sənin daha pis tərcümə etməyə haqqın yoxdu.  Bu dəqiqə heybəsini çiyninə atıb uzaq və ağır səfərə çıxan yolçu kimisən.  Şervud müəllim olmazdan əvvəl də  hamı Allahın qüdrətini bilirdi və elə indi də bilirlər. İndi növbə sənindi, sən öz qüdrətini göstərməlisən.   O etimadı  doğrultmaq  borcdu artıq. Adın qulağına dəyməsə, yolundan sapmasan, inşallah, belə də bilirəm, sağ-salamat o yolun axırına gedib çıxacaqsan. Mən cəmi nursluların şinelindən çıxdığı Məmməd Arazı həmişə bloklara qoşulmayan ölkə adlandırırdım. Onun yolu ilə getməyi digər nurslular kimi  özümə şərəf bilirdim, elə  bilirəm də.   O kəndin bir istedadlı oğlu kimi sən də o yolu get. O yol həm də “Dar ağacı”na çəkilmiş  əmin Akif Azalpın yoludu.

Alacağın o 3000  manat qonorar ki var,  yaradıcı üçün çox boyük bəxşiş, bir tələbə üçünsə,  deyərdim ki, əməlli-başlı  ənamdı. Amma əlimin içi kimi bilirəm ki, müsabiqəyə qatılmaq həvəsi  heç də o bir ətək pulu əldə etmək istəyindən doğmayıb. Səni  bu mənəviyyat dünyasına çəkən, bağlayan daha yüksək dəyərlər var. İnşallah yaşa dolub, o dünyanın ən dərin qatlarına endikcə, daha möhtəşəm əsərləri feyz ala-ala baldan şirin ana dilində səsləndirdikcə  yazıb-yaratmaq  eşqinin nə böyük bir fəzilət olduğunu da öz gözlərinlə görəcəksən. Belə olmasaydı, balaca Azərbaycanın böyük  yaradıcı ordusunu bu gün də ədəbi səngərlərdə  saxlayan o sirli-sehrli qüvvənin nə olduğunu bilməkdən ötrü heç kəllə işlətməyinə dəyməzdi ki. Bu sənətdə çörək yoxdur, deyib də səni qorxuzmaq istəmirəm, amma özün bax:  bu gün bizdə ən kasıb kişinin dəstərxanına bənzəyən ədəbiyyat süfrəsinin qırağını qırx beş il əvvəldən tanıdıqlarımın bircəciyi də tərk etməyib. Heç eləməyəcəklər də. Bu, könül məsələsidi.

Sonda nə demək istəyirəm. Tərcüməyə qanköçürmə sənəti kimi baxanlar da var. Belə olduqda o qanın skalpellə yox,  qələmlə köçürülməyinə adam bir az möcüzə kimi baxır, amma baxır.   M.Arif, M.Rzaquluzadə, M.Əfəndiyev, H.Şərif, Cahanbaxş, C.Məcnunbəyov, Ə.Məmmədxanlı, B.Musayev, Ə.Ağayev, İ.İbrahimov, M.Əlizadə, R.Sultanov, M.Sultanov, Z.Bünyadov, Ç. Qurbanlı, Z.Ağayev, T.Vəliyev kimi  nəhəng kişilər ömrün sonunadək bu sənətdə  külüng çalıblar. Bu gün də o ustad sənətkarların yaradıcılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan və davam etdirənlərin sırasını  Q.Bayramov, V.Hacıyev, Q.Quliyev, V.Məmmədəliyev, M.Nağısoy, R.Əsgər, Ə.Rəsul, N.Əbdülrəhmanlı, K.Nəzirli, N.Qocabəyli, A.Quliyev, Yaşar, T.Kazımlı, C.Yusifli, F.Uğurlu, V.Əjdəroğlu, M.Qarayev, F.Seyidbəyli  və digər tərcüməçilərin adı bəzəyir.

Əgər istəyirsənsə ki, bir vaxt adı belə sənə  yuxu kimi görünən o kişilərlə yol gedəsən, di ləngimə!  Yolçu yolda gərək.

Bu şərəfli işdə Tale özü sənə yar olsun. Dünya ədəbiyyatının ən nadir incilərini birbaşa sənin tərcüməndə oxumaq istəyi ilə dayın.

17.03.2015
ƏLABBAS

 





25.03.2015    çap et  çap et