525.Az

Yeni aləm


 

Yeni aləm<b style="color:red"></b>

Çoxlarının  arzuladığı, amma giriş izni olmadıqları bir aləmin –  şeir-sənət, mənəviyyat dünyasının sakini, fəxrimiz  Hacı  Oqtaya,  böyük  ehtiramla
  
Xeyli vaxtdır, görünmürəm mən ortada.
Uzaqdayam indi fani qayğılardan.
Soruşurlar: “Nədi, yoxsa dincəlirsən?”
Bilmirlər ki, doymuşam mən röyalardan.
Baş vururam aləmlərə min sualla,
Mələk məni arındırır xəyallardan.
Ətrafımdan perik düşüb dost-tanış da
Heç təsəlli gözləmirəm mən onlardan.
Xeyli vaxtdır  hövllənmir, yanmır ürək
Nahaq sözdən, böhtanlardan, yalanlardan.
Elə bil ki, yaşamıram bu aləmdə
Üzüm dönüb indi yalan dünyalardan.
Hər şey yerə kölgə salır, iməkləyir,
Bircə ruhum xəbərdardır səmalardan.
Bu bir sondur, başlayacaq təzə sətir; 
Bir damladır, suyu boldur dəryalardan.
Keçmiş ilə gələcəyin arasında bir nöqtədir
Çaylar axar məcrasıyla aralardan.
Burdan fani nə uzaqdır, nə də yaxın,
Qorxu yoxdur bu aləmdə bəlalardan.
Bir nehrəni xatırladır burdan dünya
Yağı yağdır, ayranı da – ayranlardan...
Məqamlar var, baxsan əgər bəlli hər şey,
Bəyazları gərək deyil ayırasan qaralardan.
Bu dünyada sakin olan insanlarda
Əsər yoxdu saxtalıqdan, riyalardan.
Bu yol uzun, yolçuları tənhadırsa,
Bu yolçular güclü olur süvarlardan.
Bu aləmin sütunları qayadandır,
Məqamında zərif olur sıvalardan.
Ulu sözün hökm etdiyi bu aləmin
Cavanları seçilməz ki qocalardan.
Şeir, sənət aləmidir – bu dünyada
Şeyx Nizami  uca olub ucalardan.

02.03.2015
Azər HACIBƏYLİ

 





25.03.2015    çap et  çap et