525.Az

Vüqar Əlisoyun lövhələri


 

Vüqar Əlisoyun lövhələri<b style="color:red"></b>

Vüqar Əlisoyun şeirləri nə vaxtdır ki, əlimin altındadır- kompüterimin “iş stolu”nda. Və eləcə də bir aydan çoxdur ki, orada qalıb. Özüm xahiş edib götürmüşəm, oxumağa isə vaxtım yoxdur. Sonra əmin olacam ki, yox, vaxtı lənətləmək lazım deyilmiş- sadəcə ovqatım o olmayıb. Və qəribədir ki, günün sonunda kompüterimi söndürmək istəyərkən “iş stolu”nda “Vüqarın şeirləri” qovluğuna gözüm dəyir. Qovluğu açır və şeirləri oxuyuram. Sonra oxuyandan sonra məlum olacaq ki, elə də çox olmayan həmin şeirlər kifayət qədər vaxtımı alıb. Buna isə qətiyyən heyfslənmirəm. Yazmaq istədiyim qeydlərimin sərlövhəsini elə şeirlərin ilkin ovqatı ilə başlayıram: “Vüqar Əlisoyun lövhələri”. Hə, əminliklə deyim ki, o şeirləri indən belə də neçə dəfə oxuyaraq haqqında yazmaq fikrinə düşsəydim, sərlövhə dəyişməyəcəkdi. Azından ona görə ki, Vüqar Əlisoyun şeirlərinin hər biri lövhədir – o şeirləri oxuyan istənilən oxucunun qarşısında mövzusundan asılı olaraq portret və yaxud peyzaj yaranır. Bunu belə deməyə isə cəsarət-filan lazım deyil. Aşağıdakı sətirləri oxusanız, buna siz də əmin olacaqsınız:

ağacların fatasında
yellənən yengəciklər
çiçəklərin
nazını çəkir,
başına dönür
bəmbəyaz,
çəhrayı
gəlinciklər
hər biri
meyvə olacağını düşünür.

Çoxları üçün adi görünən təbiət hadisəsidir. Və inanmıram ki, təbiətə çıxan istənilən kəs Vüqarın təqdim etdiyi mənzərəni görməmiş olsun. Vüqarın başqalarından fərqi isə ondadır ki, təkcə gözü deyil, ruhu belə oxşayan o peyzajı görməklə bərabər, onun detallarını canlandırır, həyat eşqinin ancaq insanlara aid olmadığını bir daha yada salır. Yox, məsələ onda deyil ki, həmin “çəhrayı gəlinciklər”in hər biri meyvə olacağı haqqında fikirləşir. Məsələ burasındadır ki, həmin “çəhrayı gəlinciklər” meyvə olmağa can atır, təbiətin bütün canlılarda yaratdığı özünüqoruma instinkti ilə yengəciklərə sığınır.

“Poeziya və nəsr fikrin ifadə formasıdır” – bunu XIX əsrin əvvəllərində Vilhelm Humbolt deyirdi. Bu, ağlagəlməz fitri istedadını gərgin zəhməti sayəsində ədəbiyyata xidmətə yönəldən almanın fikirləridir və həmin fikirləri mərhum müəllimimiz İsrael Musayev mühazirələri zamanı tez-tez təkrarlayırdı. Biz- o vaxtkı tələbələr sonralar professor Afad Qurbanovun mühazirələri zamanı öyrənəcəyik ki, bu qəribə alman... filoloqdur və “linqvistika” elminin banisidir. Onu da öyrənəcəyik ki, Höte və Şillerin ən yaxın dostu olmuş zadəgan filoloq öz parlaq ideyaları ilə XIX əsr alman ədəbiyyatının inkişafına təkan verməyi bacarıb. O deyirdi: poeziya – obrazlar və simvolların vasitəsi ilə dünyanın dərkidir. Vüqarın şeirlərini oxuyarkən həmin almanın bir fikrini də xatırlayıram: ədəbiyyat daha çox olandan deyil, olmalı olandan danışmalıdır. 

...bu necə sözdü,
ilana oxşayır,
yoğrulub,
qıvrılıb,
içimdə qalacaq...
dillənsəm, bilirəm,
dilimi çalacaq...

Şair öz həqiqətinə inanır. Və onun “öz həqiqəti” həyat yoludur. O yol insanın öz içində belə bəzən boy qaldıran şeytanın yolunu kəsir. Buna görədir ki, müəllif səmimi olaraq inanır:

mənim həqiqətim
sənin
əbədi
məğlubiyyətin. . .

Söz haqqında, əlbəttə, klassik yanaşma çörəyini sözdən çıxaran ulu Füzuliyə məxsusdur. XVI əsrdə Kərbəlada onun sözlə bağlı gəldiyi qənaət o qədər sərrast ifadə olunub ki:

...nə miqdar olsa,
əhlin eylər ol miqdar söz .

Yox, mən kompüterimin iş stolundakı “Vüqarın şeirləri” qovluğuna yığılmış şeirləri klassik və müasir ədəbiyyatımızın nümunələri ilə müqayisə etmək fikrindən uzağam. Azından ona görə ki, istənilən müqayisə qüsurludur. Şairin “Sözümün canı” şeiri sadəcə olaraq 500 il əvvəl xatırladılan həqiqəti bir daha yadıma saldı. Hə, onun şeirlərini oxuduqca sözün təkcə məsuliyyətini deyil, onun qiymətini də bilən müəllifin insanlara məhəbbətini görmək olur. Onu da görmək olur ki, pıçıldanan sözə dönmək üçün ürəkdən gəlmək lazımdır. 

mən bir sözəm.
qatın sözlərinizin
gözünə,
şəkər edim dilinizi
pıçıldayın qulağına
sevginizin.

Daş üzərinə günümüzə qədər nələr yazılmayıb ki... İnsan daşların üzərində ilk olaraq rəsmlərin yardımı ilə özünün həyata baxışlarını əks etdirib. Sonralar yazı mədəniyyəti ayaq tutanda da daşlar köməyə gəlib.

“Tanrı tək tengridə bulunan” türk Bilgə Xaqan Orxon və Yenisey çaylarının boyunca uzanan ucsuz-bucaqsız ərazidə öz dövlət və xalq haqqında düşüncələrini gələcək nəsillərə çatdırmaq üçün ən etibarlı vasitə kimi daş yazılarını seçəcək, “sabumu tüketi esitqil”- deyə sabaha tövsiyələrini çatdıracaq. Yox, mən, əlbəttə, Vüqarı yenə də kimlərləsə müqayisə etmək fikrinə düşmürəm. Sadəcə olaraq, onun “Daş üzərində yazı” silsiləsindən şeirləri oxuyur, təkrar-təkrar oxuyuram. O şeirlərdə personajlarının həyata baxışları müxtəlifdir. Buna baxmayaraq həmin müxtəliflikləri ümumiləşdirən xətti görməmək olmur: o xətdə missiyasını yerinə yetirəndən sonra hansısa iddiada olmayan insanların dünənə baxışları yazılıb. Yox, bu, qorxaqlıq və qəhrəmanlıq, din və dinsizlik, xeyir və şər haqqında baxışlar deyil, sadəcə fani dediyimiz bu dünyada missiyasını yerinə yetirmiş insanın iddiasızlığıdır:

məndən sonra
ağlamağınız
Allahı xatırlamağınız
məni
öldüyümə görə
sevməyiniz
güldürəcək məni
Allah sizi güldürsün.

Yox, bu, böyük azərbaycanlının göz yaşları içərisindəki gülüşü deyil, bu, dekorasiyalar effektindən o tərəfə keçməyən “dünya” qurub da dünyada əbədi qalmaq istəyən insanlara xatırlatmadır. Bu, “mollalarımız islamiyyəti məzarlıqdan kənarda görə bilmədi” – deyən böyük müsəlmanın və türkün – Mustafa Kamal Paşanın – Atatürkün fikirlərinə sayğıdır.

əllərimi
soyuq-sazaq
kəsə-kəsə
kol dibində bənövşəni
dərib
tələsə-tələsə
dəstələyib bir nəfəsə
ovucumda
yaz nübarı
yüyürürəm yaza sarı.

Bu, yaza tərəf yüyürən yazı adamının bahar görmək istəyindən daha çox, insanların yaz arzularının göyərməyini gözləyənləri sevindirməyə tələsən bir nəfərin hissləridir. O hisslər o qədər təbiidir ki... Ancaq körpələr öz hisslərini bu cür təbiiliklə ifadə edə bilərlər. Yeri gəlmişkən, indi, demək olar ki, az-az adamların anıb da adını çəkdiyi, təkcə şeirləri ilə deyil, şəxsiyyəti ilə də insanlarımızda ruh yaradan Osman Sarıvəllinin yaradıcılığını xatırlayıram – konkret “Gətir, oğlum, gətir!” şeirini. Oradakı bir parçanı yada salmaq istəyirəm:

Mən kənddə doğuldum,
sənsə şəhərdə. 
Sən beşikdə yatdın,
mənsə yəhərdə.
Mən çomaq götürdüm,
sən kağız-qələm,
Çomaq bir aləmdir,
qələm bir aləm!
 
Bu, bir atanın oğluna deyil, dəyərlərin daşıyıcısı olduğunu bilən və onun məsuliyyətini dərk edən bir nəsil nümayəndəsinin xatırlatmasıdır. O, nəyin gətirilməli olduğunu bilir, o, dünyadan təcridin deyil, dünyaya inteqrasiyanın niyə vacib olduğunu anlayır! O, ötən əsrin 60-cı illərində o vaxtkı ədəbi tənqidin gündəmə gətirdiyi, əslində mədəniyyətlərin üzviləşdiyi anlarda yaşanan (həmin yaşantılar isə o qədər adi hadisədir ki!) təbii prosesləri faciə kimi qəbul edənlərə nadanlığın hüdudsuzluğu barədə neçə min illərin qənaətini xatırladır. Tamamilə səmimi deyirəm ki, Vüqarın “yazı qarşılayan oğlan”ı o qədər aydın görünən mənzərədən boylanır ki... və sadəcə olaraq o mənzərəni yarada bildiyinə görə onu təbrik edə bilirsən:

dimdiyində
nəfəsində yaz gətirən,
evimdə ev quran quşlar
ağ sinəli qaranquşlar
dənliyirlər
içimdəki intizarı
yüyürürəm yaza sarı.

Vüqar Əlisoyun qovluğundakı şeirlər daha çox sərbəst vəzndə yazılsa da, hiss və fikirlərin qafiyəsi, obrazların canlılığı fonunda qəribə bir harmoniya yaradır. Bu, ustalıqla edilir. Hə, o şeirləri “izm”lərlə də bölgüyə almaq çətindir. Təsnifat vermək istəyənlərə də həmin təsnifata baş qoşmamaq tövsiyə oluna bilər.
Onlar həmin şeirlərdə nə stereotipləri dağıtmaq iddiasında olan futurizmi, nə özünü hansısa fövqdə görən eqofuturizmi, nə də ki digər “izm”ləri görə biləcəklər. Sadəcə həmin şeirləri oxuyub Vüqar Əlisoyun lövhələrinə baxmaq kifayət edər. Orada maraqlı detallar görə biləcəyinizə isə şübhə etmirəm.

 





25.03.2015    çap et  çap et