525.Az

“Azərbaycanı multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsü həllini tapacaq”


 

Multikulturalizm həyat tərzimizdir

“Azərbaycanı multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsü həllini tapacaq”<b style="color:red"></b>

Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələrini dərinləşdirən qloballaşma dövründə istər ölkədaxili, istər də beynəlxalq müstəvidə multikulturalizm siyasətinin alternativinin olmaması bir daha qabarıq şəkildə özünü göstərir.  Ancaq multikulturalizm siyasətinin zəruriliyinin artdığı bir dövrdə bəzi dövlətlərdə bu və ya digər səbəblərdən həmin siyasətdən uzaqlaşmaq tendensiyası yaranmaqdadır. Bu isə öz növbəsində o dövlətlərdə antisemitizm, irqçilik, ksenofobiya, islamofobiya və nifrətə əsaslanan digər cinayətlərin törədilməsinə səbəb olur.

Multikulturalizmin bir sıra dünya dövlətlərində iflasa uğradığı bir şəraitdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti olduğunu bəyan edib. Və təkcə bəyan etməklə qalmayıb, hazırda dövlətimiz tərəfindən bu siyasət uğurla həyata keçirilməkdədir. Bu sahədə ölkənin əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyələrdə də etiraf olunur. Elə məhz buna görə bir sıra dövlətlər Azərbaycanın multikulturalizm təcrübəsini öyrənib tətbiq etmək arzusundadır.

“Azərbaycan multikulturalizmi” artıq dünya təhsilinin tədris predmetinə çevrilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yarandığı vaxtdan etibarən-qısa zaman kəsimində əhəmiyyətli layihələr həyata keçirib və bu iş müntəzəm şəkildə davam edir. Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrası da bu qəbildəndir. Bu məqsədlə əvvəlcə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri yaradılıb, hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olunub. BBMM-nin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət qarşılayıb. Tədrisinə başlanacaq fənlər yeni olduğundan Mərkəz bu fənləri tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürüb. Hər şənbə günü saat 14:00-da BBMM-də ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə keçirilən treninqlərin əsas məqsədi “ Azərbaycan multikulturalizmi” fənninin tədrisi üçün kadrların hazırlanmasıdır.

Hazırda “Azərbaycan multikulturalizmi” fənni 7 xarici ölkənin nüfuzlu ali təhsil ocağında –Müqəddəs Kliment Oxridski adına Sofiya (Bolqarıstan Respublikası), İvan Cavaxişvili adına Tbilisi Dövlət (Gürcüstan Respublikası), Litva Pedaqoji (Litva Respublikası), Praqa Karlov (Çex Respublikası), Roma La Sapienza (İtaliya Respublikası), Belarus Dövlət (Belarusiya Respublikası) universitetlərində və Ural Federal Universitetinin Yekaterinburq filialında (Rusiya Federasiyası) tədris olunur. Məlumat üçün qeyd edək ki, elə təkcə Belarus Dövlət Universitetində dünyanın 14 ölkəsindən olan 132 tələbəyə bu fənn tədris edilir.

Mərkəz “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması ilə bağlı edilən rəsmi müraciətlərə əsasən növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Almaniyanın Vürsburq,  İsveçrənin Frayburq, Türkiyənin Sakarya, Şimali Kipr Türk Respublikasının  Doğu Akdeniz,  Ukraynanın Lutsk Milli Texniki universitetlərinə rəsmi müraciətlərini göndərib. Hazırda BBMM Vatikan Sileza Universiteti (İtaliya), Auqsburq Universiteti (Almaniya) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa) ilə bu istiqamətdə danışıqlar aparır.

Xatırladaq ki, “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də tədris edilməyə başlanıb. “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənləri hazırda Azərbaycan İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Slavyan Universitetində, Gəncə Dövlət,  Naxçıvan Dövlət, Lənkəran Dövlət və Azərbaycan Texniki universitetlərində tədris edilir.

Azərbaycanın dünyaya başqa bir rakursdan təqdimatına xidmət edən bu fənlərin tədrisinin coğrafiyasının genişlənməsi akademik səpkidə daha bir addımın atılmasını zəruri edib. Belə ki, Bakı Slavyan Universitetinin elmi şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə universitetin Elmi Şurasında “Azərbaycan multikulturalizmi” kafedrasının yaradılması haqqında qərar qəbul edilib. Kafedrada multikulturalizm üzrə buraxılış işləri, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi nəzərdə tutulur. Kafedranın tərkibi yuxarıda adları çəkilən sahələr üzrə kifayət qədər elmi-pedaqoji təcrübəyə malik olan mütəxəssislərdən formalaşdırılıb. Qeyd etmək lazımdır ki, BSU-da yaradılan kafedra respublikada ilk olduğuna görə gələcəkdə digər ali təhsil müəssisələrində yaradılacaq bu qəbildən olan kafedralara elmi-metodik yardım göstərəcək.

Sözügedən fənnin əsas məqsədi- gənclərə multikulturalizmin Azərbaycan modelinin mahiyyətini izah eləməkdir

Hazırda ölkəmizin və dünyanın ali məktəblərində tədris edilən “Azərbaycan multikulturalizmi” fənninin əsas məqsədi bakalavr və magistrantlara ölkəmizin multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyətlərini və bu siyasətin ölkədə uğurla həyata keçirilməsinin səbəblərini izah etməkdir.

Adıçəkilən fənni mənimsəyən bakalavr və magistrantlar Azərbaycan multikulturalizminin nəzəri-ideoloji əsaslarını dərk etməklə yanaşı, bu modelin mahiyyətini, xüsusiyyətlərini və üstünlüklərini anlayacaq, ölkəmizin multikultural təhlükəsizlik prinsiplərinin müəyyənləşdirilməsi meyarlarını təhlil edəcək, dünya ölkələrinin multikulturalizm təcrübəsi ilə, müasir dövrdə respublikada bu sahədə həyata keçirilən işlərlə tanış olacaqlar. Məzunlar azərbaycançılıq məfkurəsini siyasi-elmi müstəvidə mənimsəməklə yanaşı Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətini anlayacaqlar.

Bu fənnin mövzuları da rəngarəngdir, multikulturalizmin ən müxtəlif aspektlərini əhatə edir. Tədris prosesində tələbə və magistrantlar dünya ölkələrində multikulturalizm modellərinə nəzər salmaqla yanaşı, Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyalarının mahiyyətinə varmaq imkanı əldə edəcəklər. Fənnin tədrisində ümummilli lider Heydər Əliyevin –  siyasi multikulturalizmin banisi olduğu xüsusi vurğulanır. Daha sonra multikulturalizmə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin tərkib hissəsi nöqteyi-nəzərindən yanaşma sərgilənir. Fənnin tədrisində multikulturalizm siyasəti- ölkənin demokratik inkişafının, insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsi, ölkədə etnik-mədəni dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə yönələn bir siyasət kimi,  multikultural təhlükəsizlik –  milli təhlükəsizliyin mühüm komponenti kimi nəzərdən keçirilir.

Fənnin həm bakalavr, həm də magistr səviyyəsi üçün proqramında müxtəlif mövzulara toxunulur; Çoxkonfessiyalılıq, etnik- milli müxtəliflik və Azərbaycanın multikulturalizm siyasəti, bu siyasətin ölkənin apardığı xarici siyasətlə uzlaşdırılması, bu istiqamətdə həyata keçirilən praktiki işlər və tədbirlər, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradılması, Prezident yanında “Bilik Fondunun” və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması,  Bakı Slavyan Universitetinin multikulturalizm ənənəsi ilə bağlı mövzulara tədris prosesində xüsusi saatlar ayrılıb.

“Bakı Prosesi”: mahiyyəti, tarixi, məqsədləri və iştirakçıları, bu çərçivədə həyata keçirilmiş əsas tədbirlər,  “Bakı Prosesi”nin regional təşəbbüsdən qlobal hərəkata çevrilməsi, I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları; I, II, III və IV Bakı Beynəlxalq Humanitar Forumları, multikulturalizm siyasətinin həyata keçirilməsində Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı da plana salınan mövzulardandır.

Bu fənnin proqramı bütövlükdə “Azərbaycan dünyaya neftlə, təbii qazla bərabər, tolerantlığı, multikulturalizmi də ixrac edir” qayəsini özündə ehtiva edir.

lll

Bu yaxınlarda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Tbilisi Dövlət Universitetinin professor, müəllim və tələbələri ilə görüşüb.

Gürcüstan Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiko Şamanidi, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə Kamal Abdullayev Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışıb. Müşavir qonşu Gürcüstanda da bu fənnin tədrisinin yeni nəslin dünyaya baxışının formalaşmasında, eləcə də ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib. Kamal Abdullayev mətbuata açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha da genişlənəcəyinə və Prezident İlham Əliyevin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsünün öz real həllini tapacağına inamını ifadə edib.

lll

Yazılanlara, deyilənlərə və görün(l)ənlərə sözardı: Əlbəttə, istər maddi, istərsə də mənəvi olaraq sahib və malik olduqları ilə yerli-yersiz qürurlanmaq, təşəxxüslənmək bəzən əks-effekt verir, dəyəri artırmaqdan daha çox, onu gözdən salmağa xidmət edir. Lakin elə Dəyərlər var ki, onlara təkcə sahib və malik olmaq yetmir, həm də qadir olmaq lazımdır. Xalqımızın sahib, malik və qadir olduğu tolerantlığı, çoxəsrlik multikulturalizm ənənələri onun məhz qürurlanmalı, fəxr etməli dəyərlərindəndir və Azərbaycanın bu gün məhz bunu dünyanın digər xalqlarına, toplumlarına tədris etməyə mənəvi haqqı çatır. Çünki multikulturalizm verdiyi töhfələrlə, ötürdüyü mesajlarla bəşəriyyəti dostlaşmağa, qardaşlaşmağa, sülhə, əmin-amanlığa səsləyir və məhz bu DƏYƏRi bütün dünyayla paylaşmağa dəyər...

Sevinc MÜRVƏTQIZI

 





25.03.2015    çap et  çap et