525.Az

Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə


 

Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə<b style="color:red"></b>

“Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.

Konfutsi

(Əvvəli ötən şənbə saylarımızda)

Sulla istədiyi adama – gözəl qadınlara, müğənnilərə, mimik aktyorlara bütöv xalqların torpaqlarını və şəhərlərin bütün gəlirlərini bağışlayırdı. Başqalarının arvadlarını yaxın adamlarına bəxşiş kimi verirdi. O, 40 senatoru və 1600 atlını (onlar yuxarı sinflərə mənsub olanlar idilər) ölüm cəzasına məhkum etmişdi. Onun apardığı müharibələrdə isə ölkənin 100 min nəfərdən artıq ümid verən vətəndaşı həlak olmuşdu. O, Roma tarixində ilk dəfə olaraq dövlət terrorunu həyata keçirmişdi. Sulla lənətinə gəlmiş Roma bu ağır xəstəlikdən sonralar da dəfələrlə əziyyət çəkməli oldu. Onun təcrübəsi bir daha göstərdi ki, despotiyanın fəsadları sağalmaz olur.

Qay Yuli Sezar b.e.ə. 49-cu ilin yanvarında Sulla qaydasında ordusu ilə Rubikon çayını keçməklə, Qalliyadan Roma ərazisinə ayaq basdıqda, özünə məxsus qaydada: “Alea jacta est” – “Püşk atılmışdır” sözlərini söyləmişdi. O, yaxşı başa düşürdü ki, bu hərəkəti ilə Romada vətəndaş müharibəsinə start verir, çünki o, öz dövlətinin qanunlarını tapdalamaqla bu addımı atmışdı. Vətəndaş müharibəsi isə bütün müharibələr içərisində ən iyrəncidir, çünki qardaş qardaşı öldürməli olur, hamı üçün vahid olan vətən iki cəbhəyə bölünür. Bu dəfə də vətəndaş müharibəsi Romaya ağır başa gəldi. Çünki müharibədə adətən qanunlar susursa, vətəndaş müharibəsində əks tərəfə münasibətdə ümumiyyətlə heç bir qanun yada düşmür.

Sezar artıq çar olmaq fikrinə düşmüşdü, onun bütün xüsusiyyətlərinə yiyələnmişdi, təkcə formal qaydada elan olunması qalırdı. B.e.ə. 44-cü ildə ömürlük diktator elan edilən Sezara qarşı sui-qəsd baş tutdu və o, senatda öldürüldü, cəsədi Pompeyin büstünün kürsüsünün yanına düşdü.

Sezarın qətli gözlənilənin tam əksi olan bir nəticəyə gətirib çıxardı, yeni vətəndaş müharibəsinin başlanması üçün siqnal rolunu oynadı və Sezar tərəfdarları Yunanıstandakı Filippi döyüşündə sui-qəsdin təşkilatçıları olan respublikaçılar ordusuna qalib gəldilər. Romada meydana gələn ikinci triumviratın törətdiyi qırğının qurbanlarının sayı isə hesaba gəlmirdi. Tarixçilər 300 senatorun və 20 min atlının öldürüldüyunu xəbər verirlər. Ona görə də Tsisteronun Sezarın qətli barədə az sonra söylədiyi sözlər çox müdrik olmaqla, həqiqəti əks etdirirdi: “Mart idiləri” (Sezarın öldürüldüyü 15 mart günü- müəllif) ilə özünə təskinlik vermək axmaqlıqdır, axı biz kişi igidliyi ilə yanaşı, ağıl barədə isə əsl uşaqlıq göstərdik. Ağac kəsilmişdi, lakin kökündən çıxarılmamışdı, ona görə də bilmirik ki, o hansı zoğlar verəcəkdir”. Onun sözləri gerçəkliyə çevrilməklə təsdiqini tapdı, çoxlu qurbanlarla yanaşı, böyük filosofun özünün də həyatına qətl vasitəsilə son qoyuldu.

Avqustdan sonra gələn Roma imperatorları isə böyük dövlətin başçılarından daha çox əcaib klounları xatırladıb, karikatura effekti yaratmaqla yanaşı, elə bil ki, qəddarlıqda bir-birləri ilə yarışa girmişdilər. Roma imperatoru Tiberi (b.e.ə. 42 – b.e. 37-ci illər) ömrünün son illərində Kapridə əylənmək üçün adamları qayadan dənizə atdırır, orada qayıqda keşik çəkənlər onları avarla vurub öldürürdülər. O, öz varisi olacaq gələcək imperator Kaliqula (b.e.12-21-ci illəri) haqqında isə demişdi ki, “Mən Romanın döşündə gürzə bəslənmişəm”. Tezliklə Kaliqulanın qəddarlığı da üzə çıxdı, öz qardaşını edam etdirdi. Osmanlı imperatorları da kişi cinsindən olan öz yaxınları barədə belə iyrənc irsi davam etdirirdilər. Kaliqula bəzi senatorları öz arabasının dalınca uzun məsafələrə qaçmağa məcbur edirdi. Onun vəhşiliyi hədd tanımırdı. Vəhşi heyvanlara verilən ət bahalaşanda (qladiator döyüşləri üçün çox sayda yırtıcı heyvan saxlanırdı), o, cinayətkarları diri-diri onların qabağına atdırırdı. Hörmətli adamları qəfəsə saldırıb, heyvan kimi əllərinin və ayaqlarının üstündə dayanmağa məcbur edirdi. O, Homerin poemalarını məhv etməklə tanımadığı Şi Huan-dini təqlid etmək istəyirdi. Onun ağılsız idarəçiliyi adamları boğaza yığdığından, 29 yaşında qətlə yetirilməklə həyatla vidalaşmalı oldu.

Kaliqula yalnız insanlara nifrət edirdi, heyvanları isə olduqca xoş münasibət bəsləyirdi. Atına mərmərdən tövlə, fil sümüyündən axur tikdirmişdi, öz ölümü mane olmasaydı atını konsul edəcəkdi (Roma respublikasında seçilən iki konsul dövlətin ən böyük icra hakimiyyəti idi).

Neron (37-68-ci illər) 17 yaşında imperator səlahiyyətlərinə yiyələndikdən sonra həyasızlığı, qəddarlığı ilə ad çıxarmağa başladı. Bu onun təbiətindən irəli gəlirdi. O, kimi istəsə edam etdirirdi, anasını özünü öldürməyə məcbur etmişdi, arvadlarını qətlə yetirirdi. Müəllimi, böyük filosof Senekanı, özünü intihar etməyə vadar etmişdi. 64-cü ildə Romanı açıq şəkildə yandırtdı, altı gün davam edən yanğının dəhşətli mənzərəsinə imperator tamaşa edib, həzz alırdı. Onu öldürəcəklərindən qorxub, 68-ci ildə əlacsızlıqdan qılıncı boğazına soxmaqla özünü öldürdü, bu vaxt onun 31 yaşı var idi.

Atasından və qardaşından sonra imperator olan Domitsian (51-96-cı illər) da çox tezliklə qəddarlığa və tamahkarlığa keçdi. Bir neçə konsulu və çox sayda senatoru ölümə göndərdi. Ona qarşı artan nifrət sui-qəsdlə nəticələndi və 15 illik hökmranlığından sonra onu öldürdülər. Bu dövrdə 12 Sezardan 7-si öz ömürlərini təbii qaydada deyil, zorakılıq nəticəsində başa vurmuşdu.

211-217-ci illərdə imperator olan Karakalla öz əli ilə kiçik qardaşını öldürmüşdü. Onun özünü də Şərqə yürüş vaxtı öldürdülər. Ümumiyyətlə, Avqustdan sonra və nəcib imperatorlar istisna olmaqla, bu vəzifəni tutanlar çox tez-tez dəyişirdi, çünki bir qayda olaraq öldürülürdülər. Bu da imperiyanın zəifləməsinə gətirib çıxarırdı, dövlət eroziyaya uğrayırdı, parçalanır, tədricən dağılırdı.

III əsrdə yaşamış xristian icmasının yepiskopu, xristianları Nerondan başlayaraq təqib etməklə məşğul olan imperatordan biri olan Valerian tərəfindən 256-cı ildə edam edilmiş Kiprian öz biabırçı dövrünü amansızcasına məhkum etməklə təsvir edib, yazırdı ki : “Hər yerdə müharibədir, hərbi düşərgələrdir, qanlı dəhşətlərdir. Bütün dünya qarşılılıqlı qaydada tökülən qanlarla suvarılır və insan qətli yalnız ayrı-ayrı adamlar tərəfindən törədildikdə cinayət hesab olunur, əgər bu açıq şəkildə həyata keçirilirsə, igidlik adlanır. Xətalara görə cəzasızlıq cinayətin dəhşəti ilə təmin edilir. Cinayəti nəinki edirlər, həm də onu etməyi öyrədirlər. Cinayət qanunlar qarşısında baş verir, hüquqlar tapdalanır. Bir insan bədəninə, onun orqanlarının sayından çox cəza tətbiq edilir. Hakimlər hökmləri ilə alver edirlər. Kim ki, cinayətin qarşısını almalıdır, o, özü cinayət edir, günahsız müttəhimi məhv etmək üçün hakim özü də günahkara çevrilir. Qanun qarşısında heç bir qorxu yoxdur. Nə satıla bilirsə, o da qorxu törədir”. Bu yeni dinin mübariz xadimi vaxtilə, özündən üç əsrdən çox əvvəl Milonun məhkəməsində müdafiəçi kimi çıxış edəndə “O tempera, o mores!” – “Ar olsun bizim dövrə və onun qaydalarına!” sözləri ilə hayqıran Tsitseron kimi öz yaşadığı mühiti ifşa etməklə, onun haqsızlıqlarına elə bil ki, ölüm hökmü oxuyur.

Qəddarlıq sağalmaz, bəlkə də xərçəng kimi ağır bir xəstəlikdir. Əksər hallarda bu insan təbiətindən irəli gəldiyi halda, itaət etmək və qəddar hökmdara pərəstiş qaydasındakı kölə münasibəti kimi münbit şərait də onun meydana gəlməsinə və metastaz qaydada genişlənməsinə səbəb olur. Qay Yuli Sezar Katilina qəsdi müzakirə edilərkən senatda çıxış etdikdə Afina tarixindən bir ibrətamiz misal gətirmişdi. Afinalılar üzərində qələbə çaldıqdan sonra makedoniyalılar onların dövlətinin başında otuz hökmdar qoydular. Onlar əvvəlcə hamının nifrətini qazanmış ən zərərli caniləri məhkəməsiz edam etdilər, xalq isə bu hadisələrə sevinir və onları bəyənirdi. Sonra hökmdarlar cəsarətlənib, fərq qoymadan, öz istəklərinə uyğun olaraq adamları öldürməyə başladılar, başqalarını isə qorxudub vahimədə saxladılar. Beləliklə bütün xalq köləliyə düçar oldu və özünün səfeh sevincinin belə ağır qaydada altını çəkdi. 

Təbabət inkişaf etdikcə bir az əvvəl əlacı mümkün olmayan xəstəlikləri öz üsulları ilə müalicə etməyə müvəffəq olur. Siyasi və sosial məsələlərdə isə “təbabət” gücsüz olaraq qalır. Siam əkizlərini, çox mürəkkəb və çətin cərrahiyyə əməliyyatı vasitəsilə bir-birinə bağlı olan bu iki bədəni ayırmaq, aralamaq, həmin anadangəlmə  patologiyanı nisbətən aradan qaldırmaq mümkün olduğu halda, qəddarlığı onun məxsus olduğu xarakterdən uzaqlaşdırmaq mümkün olmur, axı bu “Siam əkizləri” bir ürəkdən keçən eyni qan dövranı timsalındakı vahid şüura və xarakterə malikdir. Ona görə də bu patologiyanı müalicə etmək müşkül məsələdir. Qəddarlar islah olunmurlar, onların bu dözülməz qüsurları yalnız təbiətin hökmü və ya hansısa bir hadisə nəticəsində fiziki cəsədləri ilə birlikdə dünyanı tərk etməli olur. Axı yırtıcı vəhşi heyvan da heç vaxt vegetariana çevrilmir. Qəddar şəxslər də fauna üçün deyil, cəmiyyət üçün təhlükəli yırtıcı rolunu oynayır.

Qəddarlar uğursuzluğa düçar olduqda hökmən paranoyyaya meyl edirlər. Onlar həzzlərdə çimməkdən də öz qəddarlıq ilhamlarını alırlar. Ona görə də eyş-işrət qəddarlığı alovlandıran yanacağa çevrilir, odu alovlandıran əlavə oksigen püskürdülməsi rolunu oynayır.

Qəddarlıq barədə çox sayda misallar gətirmək mümkündür. Lakin həmin faktlar da onun eybəcər sifətinə nəsə əlavə bir cizgi bəxş etməyəcəkdir. Digər tərəfdən, keçmiş ölmür, özünün xüsusiyyətlərini gələcək əsrlərə də ötürməyə çalışır.

Əxlaq pozğunluğu cəmiyyətin xəstəliyinə çevrilir    

Tarixi araşdırmalarda keçmişin iyrənc izləri arasında əxlaq pozğunluğunun da ciddi qüsur olduğu aşkara çıxır, ona görə də qəddarlıq nümunələri kimi, o da mövcud olduğu cəmiyyətə ar, biabırçılıq xüsusiyyətləri bəxş edir. Bəzi qədim xalqlarda qanqarışdırıcı intim əlaqə yalnız yuxarı sinif arasında davam etsə də, aşağı siniflər arasında yayılmırdı. Qədim Misirdə faraonlar sülalənin qanının təmizliyini qorumaq üçün öz doğma bacıları ilə evlənirdilər. Bu təcrübə faraonlar yoxa çıxsa da, b.e.ə. I əsrə qədər davam etmişdi. Çünki VII Kleopatra (b.e.ə. 69-30-cu illər) Böyük Aleksandrın ordusunun sərkərdələrindən biri və o, öləndən sonra Misirdə çarlıq edən Ptolomeyin sülaləsinin davamçısı olsa da, özündən kiçik qardaşının arvadı olmalı idi. Sezarın müdaxiləsi ilə Kleopatra taxt-taca sahib olduqdan sonra qardaşı da öldürülməklə, bu məsələ öz “uğurlu” həllini tapmışdı. Kleopatra əvvəlcə Sezarın məşuqəsi, sonra isə Mark Antoninin arvadı olmuşdu.

Yəqin ki, bu qədim ənənənin təsiri altında Misirdə sevgililər bir-birinə “qardaş” və “bacı” kimi baxırdılar, baxmayaraq ki, qardaş-bacı nikahı ölkənin çar ailəsi ilə məhdudlaşırdı. Bibliyanın “Şərqilər şərqisi” kitabında da çar Solomon üzüm bağında vurulduğu sadə kəndin qızı Sulamitə başqa əzizləyici adlarla yanaşı, “bacı” deyə müraciət edir. Görünür, bu ənənə Misirin sərhədləri daxilində qapılıb qalmamışdı.

Yunanıstanda əsasən ordudan gələn təsirlər hesabına homoseksual əlaqələr adi hal sayılırdı, yaşlı döyüşçülərin öz himayələrində olan gənc döyüşçülərlə belə əlaqəyə girməsi çox geniş yayılmışdı. Böyük Aleksandrın da dostu Hefestionla yaxınlığı sirr deyildi, Roksanaya evlənəndən sonra da bu əlaqə davam edirdi və bu oğlanın vaxtsız ölümünə Aleksandr öz şəxsi faciəsi kimi yanaşmışdı. Spartada isə qadınlar intim yaxınlıq məsələsində tam sərbəst idilər, gənc qızlar isə çılpaq şəkildə öz həmyaşıdları olan oğlanlarla birlikdə məşq edirdilər.

Qədim Romada b.e.ə. II əsrindən başlayaraq əxlaq pozğunluğu “geniş vüsət” aldı. Böyük Katon kimi əxlaq təmizliyi uğrunda mübarizə aparan fədailər bu məsələdə bütün günahları yunanların mənfi təsirində görürdülər. Mədəniyyətcə xeyli yuxarıda dayanan yunanlar öz sivilizasiya nemətlərini romalılara ixrac edirdilər və bu mübadilədə, qəribə də görünsə, əxlaqın möhkəmliyinə xələl gətirən cəhətlər də yer tutmamış deyildi. Roma respublikasında yüksək vəzifəli xadimlər siyasi ittifaqlar naminə bir-birinə hətta uyğun gəlməyən qohumluq, izdivac əlaqələrinə girirdilər, bundan fayda götürürdülər.Siyasətçilər, məsələn, Avqustun özü də bunu etmişdi, hətta başqasının arvadını boşatdırıb onunla evlənirdilər, ancaq bu əxlaqa zidd qayda nikah sferasından uzağa getmirdi.

(Ardı var)

 





23.03.2015    çap et  çap et