525.Az

Solmayan sətirlərin işığında: Əziz Şərifdən yadigar məktublar


 

AZƏRBAYCAN ƏDƏBİ VƏ ELMİ-İCTİMAİ FİKRİNDƏ MİSİLSİZ MÖVQEYƏ MALİK ALİMİN 120 İLLİYİ TAMAM OLUR

Solmayan sətirlərin işığında: Əziz Şərifdən yadigar məktublar<b style="color:red"></b>

Vaxtilə qədim bir mülk Naxçıvanda çox maraqlı və kədərli hadisələrin şahidi kimi hamının diqqət  mərkəzində idi. 300 il yaşı olan bu mülkdə fədakar zadəgan qızı, gözəl ədəbiyyat bilicisi, ömrünün çox hissəsi təqiblərdə keçən Fatma xanım Nəsirbəyova yaşayırdı. Naxçıvanın ən varlı sahibkarlarından sayılan Məşədi Heydər Nəsirbəyovun sonbeşik qızı Fatma xanıma Naxçıvan şəhərində hamı “Matan xanım” – deyə ehtiram göstərirdi.

Bu evdə böyük sənətkarların – Hüseyn Cavidin, Əyyub Abbasovun, Əziz Şərifın və başqa adlı-sanlı insanların əlyazmaları, şəxsi əşyaları həssaslıqla qorunurdu. Ancaq çox çətinliklə! Çünki 1937-ci ilin hadisələri bu evdən də yan keçməyib. Təqiblər və sürgün çoxlu maraqlı məktubların və əlyazmaların itməsinə səbəb olub. Amma fədakar Fatma – Matan xanım Nəsirbəyova bəzən həmin məktubları torpağı qazıb yerdə gizlədib və sonrakı nəsillərə çatdırıb.

Böyük alim Əziz Şərifin bibisi qızı və dayısı arvadı olan Matan xanımla bağlı respublika mətbuatında yazılar dərc etdirmişəm. Ancaq o ağbirçək ananın xidmətləri o qədər böyükdür ki, yazmaqla qurtaran deyil.

Unudulmaz alim Əziz Şərifın bu evdə matəm mərasimi olub. Matan xanım və oğlu Xürrəm çox layiqli şəkildə Əziz Şərifin vəsiyyətlərini yerinə yetiriblər (bu, başqa bir yazının mövzusudur). Bunları yazmaqda mətləbim var. Çünki bu ev Naxçıvanın ilk maarif komissarı, əslən Zəngəzurdan olan Mirzə Əbdüləzimin evi idi. Çox mühüm xidmətləri olmasına baxmayaraq, nədənsə bu gün unudulan Mirzə Əbdüləzimin bu evdə çox maraqlı bir fotoarxivi qorunub saxlanırdı.

Ömrünün son günlərinə qədər Əziz Şərif Matan xanımla əlaqə saxlayırdı, ona məktub, teleqram və kitablarının ilk nüsxəsini göndərirdi. Amma indi nə o qədim mülk var, nə Matan xanım, nə də onun fədakarlıqla qoruyub saxladığı o qiymətli sandıq.

Onların taleyi böyük ədəbiyyatşünas Firudin bəy Köçərlinin arxiv sandığının taleyi kimi oldu. Min təəssüf! Çox heyiflər olsun!

Əziz Şərifın məndə məktubları, mühazirələri və xatirə (avtoqraflı) kitabları var. Böyük alimimizin bugünlərdə tamam olacaq 120 illiyi münasibətilə çox illər öncə Matan xanımın mənə bağışladığı məktubu və bir foto şəkli oxuculara təqdim edirəm. Əziz Şərifin “Molla Nəsrəddin necə yarandı?” kitabı Azərbaycan dilində 1936-cı ildə, rus dilində isə Mirzə Cəlilin 100 illiyi ərəfəsində çap olunub. Təqdim etdiyim digər məktubdan da  (hər iki məktubun əsli məndədir) aydın olur ki, böyük alim dahi yazıçının həyatına və yaradıcılığına dair bu kitabı yazmaq üçün ciddi tədqiqat aparıb. Əsəri oxuyanlara aydın olur ki, Əziz Şərif qoyduğu sualların hamısına cavab alıb. Lakin kimlərdən? Bu, çox maraqlıdır. Yeri gəldikcə, alim özü bu haqda məlumat verir. Elə bilirəm ki, bu məsələ Mirzə Cəlil və Əziz Şərif araşdırıcılarının diqqətindən kənarda qalmayacaq.

Əziz Şərif, Matan xanım, Münəvvər xanım və Həmidə xanım çox sədaqətli dost olublar. Hamısı əbədiyyətə qovuşub. Məzarları nurla dolsun! Onlardan qalan isə xalqımız üçün gördükləri xeyirxah işlərdir. İnanıram ki, aradan nə qədər zaman keçsə də, bu solmaz sətirlərin işığı yeni nəsillərə yetişəcək.

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Tarix üzrə fəlsəfə doktoru

“Gözümüzün işığı, dayı can!  

Tez və asan olmaq üçün kağızımı ərəb əlifbası ilə yazıram. Nə isə səninlə kağızlaşmırıq. Ancaq anam hər kağızında mənə səndən xəbər verir. Sən də yəqin ki, mənim anama yazdığım kağızlarımı oxuyursan. Odu ki, özümüz kağızlaşmasaq da, bir-birimizin əhvalını bilirik. İndi də anama yazdığım kağızı oxuyub buranın təzə xəbərlərini bilərsən. Bu xüsus kağızımın isə məqsədi başqadır.

Məsələ burasındadır ki, mənim akademiyadakı iş planıma görə, mən gərək 1905-17-ci illərdəki Azərbaycan ədəbiyyatı haqqında əsər yazam. Həmin əsər eyni zamanda doktor dərəcəsi almaq üçün dissertasiya olmalı idi. Lakin ən son vaxtlarda bu mövzu dəyişildi. Mən özüm də buna çox şad oldum, çünki təzə mövzu mənim üçün daha asan və əlverişli idi. Bu mövzu “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında monoqrafiyadır. Plana görə bu əsər iki cilddən ibarət olmalı və Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını bütün təfsilatı ilə oxucuya göstərməlidir. İndiki halda mən birinci fəsli (“Yazıçının vətəni”) yazıb qurtarmışam. İkinci fəsil yazıçının ailə və uşaqlıq dövrünə aid olmalıdır.

Sən bilirsən ki, bu barədə heç bir arxivdən məlumat toplamaq mümkün deyil. Halbuki hər bir kiçik məlumat son dərəcə əhəmiyyətlidir.

Mən bilirəm ki, Mirzə Cəlilin babası Hüseynqulu bənna imiş və Naxçıvana Xoydan gəlmiş imiş. Atası Məşədi Məhəmmədqulu da Naxçıvanda anadan olmuş, Sara Babayeva adlı qız almış və onun dörd oğlu (saatsaz Mirzə Yusif, yazıçı Mirzə Cəlil, inqilabçı Mirzə Ələkbər və uşaq vaxtı vəfat etmiş Xəlil) və bir qızı (Səkinə) olmuşdur.

Ailəsi haqqında bundan artıq məlumatım yoxdur. Bu da çox azdır. Bu məlumatı yalnız Naxçıvanda zənginləşdirmək mümkündür. Qorxuram, mən Naxçıvana gələnə kimi indi yaşamaqda olan qoca naxçıvanlılar (məsələn, Ərbab Ağa Məhəmməd) Allah rəhmətinə getsinlər. Buna görə sənə zəhmət verməyi qərara aldım. Bu zəhmət sənin üçün də maraqsız olmaz. Səndən çox xahiş edirəm, mənə mümkün qədər kömək edəsən. Ağa Məhəmmədə mənim xüsusi salamımı yetirib ondan soruşasan və bəlkə başqa adamlardan xəbər tutasan. Mən texniki sualları da yazıram:

Bənna Hüseynqulu Naxçıvana nə vaxt (təxminən) köçmüşdür? Kimi (kimin qızını) almışdır? Onun neçə uşağı olmuşdur? Kimlərdir? Naxçıvanda kimə ev tikmişdir? Nə kimi işlər görmüşdür? Nə vaxt vəfat etmişdir? Necə adam imiş? Xoyda necə yaşayırmış və s.

Bu suallar Mirzə Cəlilin babasına aiddir.

İndi ata-anası haqqında.

Məşədi Məhəmmədqulu hansı məhəllədə yaşayırdı? Savadı var idimi? Atası nəçi imiş? Qardaşdan, bacıdan nəyi var imiş? Məlumdur ki, Mirzə Cəlilin dayısı var imiş və çox mömin adam imiş. Bu dayı kim imiş (adı nə imiş?), nəçi imiş? Məşədi Məhəmmədqulunun ilk peşəsi nə imiş? Sonradan duz satdığı məlumdur, bəs qabaq nə iş görürmüş? Duz satmağının təfsilatını öyrənmək olmazmı? Nə vaxt vəfat etmişdir (məndə onun 1903-cü il tarixli əksi vardır, atam çəkmişdi Münəvvər ilə birlikdə)? Övrəti Sara nə vaxt vəfat etmişdir? Bu suallardan başqa yenə bilsən, təfsilat olsa, daha yaxşı. Nə üçün ona “Qarapişik” ləqəbi verilmişdi? Bundan sonra Mirzə Cəlilin böyük qardaşı Mirzə Yusif və kiçik qardaşı Mirzə Ələkbər haqqında mümkün olan məlumat lazımdır. Mirzə Yusif evli idimi? Uşaqdan-zaddan nəyi var idi?

Mirzə Cəlil öz məhəlləsində Hacı Molla Bağır və Molla Əli adlı mollaların mədrəsəsində oxumuşdur. Bunlar kimlər imiş? Naxçıvanda rus-türk şəhər məktəbi nə vaxt açılmışdır?

Qori seminariyasına nə münasibətlə getmişdi? Çernyayevskinin bu hadisədəki rolu nə olmuşdur? Çernyayevski haqqında mümkün məlumat...

Mirzə Cəlil ilə bərabər daha kim Qoriyə oxumağa getmişdir?

Görürsən, dayıcan, nə çox sualım varmış. Mirzə Cəlili qaldırmaq bizim borcumuz və şərəf işimizdir. Ona görə onun haqqında ən kiçik məlumatı da toplamalıyıq. Məlumat aldığın adamların adını mənə yaz. Özün bildiyini də ayrıca göstər.

Çünki mən əsərimdə bu adamların adını və sənin adını təşəkkürlə yad edəcəyəm.

Kağız da qurtardı. Mən də qurtardım. Bütün ümidim sənədir, mənə öz köməyini əsirgəmə. Səni öpürəm, əziz dayı. Daycanıma bir vaqon salam.

Cavabını necə səbirsizliklə gözləyəcəyini yazmağı artıq bilirəm.

Günləri sayacağam. Tez cavab yaz.

Əziz”.

“Əziz Mənsur! 

İndicə kağızlarımı və köhnə gündəlik qeydlərimi araşdırarkən onların arasından keçən ilin fevralında “Molodyoj Azerbaydjana” qəzetində diqqətsizlik və yaddaşımın zəifliyi üzündən yazdığım kimi, sənin anandan yox, yazıçının mərhum qızı Münəvvər xanımın mənə verdiyi, Mirzə Cəlilin atan və başqa bir yoldaşı ilə əks olunan fotoşəkli haqqında qeydini tapdım.

Aydındır ki, mən öz məqaləmdə Münəvvər xanımdan fotoşəkli almağımla ananın mənimlə sənə göstərdiyi və üzünü köçürməyə razılıq vermədiyi dəftərlə tanışlıq vaxtını dolaşıq salmışam. Səndən çox xahiş edirəm ki, həmin məsələni yadıma salıb anandan alıb-almamağımı mənə yazasan.

Fotoşəkil haqqında həqiqəti yazmamaq və özüm də istəmədən oxucuları yanıltmaq mənim üçün yaxşı düşmür.

Yeri gəlmişkən, bəlkə o vaxt məni maraqlandıran dəftərin taleyi barəsində yazasan? Cavabı yubandırmasan, səndən çox məmnun qalaram. Mənim ürəkdən gələn salamlarımı bütün qohumlarıma və ürəyimə yaxın olan həmvətənlərimə – dostlara və yoldaşlara çatdırmağını xahiş edirəm. Tezliklə Naxçıvanda məşhur həmyerlimizin yubiley günlərində (Mirzə Cəlilin 100 illik yubileyi nəzərdə tutulur – M.Q.) görüşəcəyimizə ümid edirəm.

Əlini bərk-bərk sıxır və səbirsizliklə cavab gözləyirəm.

Köhnə dostun və qonşun Əziz Şərif.

13 may, 1967”.

“Əziz dostum və müəllimim, Əziz müəllim! 

Sizin qiymətli məktubunuzu aldım və xahişinizi yerinə yetirmək üçün Zaqafqaziya müəllimlər seminariyasının (Gürcüstan SSR Qori şəhəri) tələbələri olarkən mərhum atamın Cəlil Məmmədquluzadə ilə birlikdə çəkdirdiyi fotoşəklinin sizə necə çatması barəsində yazmağa tələsdim.

Mərhum Münəvvər xanım mənim ailəmlə dostluq edirdi. O (xidməti işlərini və deputat tapşırıqlarını yerinə yetirmək üçün Naxçıvanda olarkən – o vaxt SSRİ Ali Sovetinin deputatı idi), Sürəyya xanım Ağayeva (həkim – Naxçıvan MSSR-in keçmiş səhiyyə komissarı, hazırda (1967-ci il nəzərdə tutulur – M.Q.) Bakıdakı Semaşko adına respublika xəstəxanasının baş həkiminin xanımı), mərhum Məryəm xanımla (həkim – Azərbaycanın şanlı oğlu, qısa müddətdə Naxçıvan Muxtar Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri işləyərkən doğma Naxçıvanımız üçün misilsiz xidmətlər göstərən və Sibir tayqalarında (1937) ömrünü faciəli şəkildə başa vuran Xəlil Ağanurinin baldızı) bizə gələrdi.

Belə gəlişlərin birində Münəvvər xanım ləngidiyi üçün bizdə gecələməli oldu. Gecə yarıyadək söhbət etdik. Söz mərhumun atasının üstünə gəlib çatanda onu sevindirmək üçün dedim ki, atasının fotoşəklinə baxmaq istəyirmi? Onun üzü güldü və xahiş etdi ki, şəkli ona göstərim.

Münəvvər xanıma göstərdiyim şəkildə, bildiyiniz kimi, mərhum atam, C.Məmmədquluzadə və Məmmədxanov (Zaqafqaziya müəllimlər seminariyasının tələbələri) əks olunmuşdur.

Sabahkı gün səhər Münəvvər xanımla xudahafizləşərkən şəklin üzünü çıxarmaq üçün iki günlüyə ona verməyimi xahiş etdi. Əlbəttə, onun xahişini rədd edə bilmədim və beləliklə də sonra fotoşəkil sizin əlinizə düşdü.

Fotoşəklin bütün tarixçəsi bundan ibarətdir.

Qulam Məmmədlinin “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı salnaməsi” kitabının (Bakı, 1966) 17-ci səhifəsində nədənsə üçüncü seminaristin (Məmmədxanov) familiyası göstərilməmişdir (“Salnamə”nin 1984-cü ildə çap olunan ikinci nəşrində digər şəkillərlə bərabər bu şəkil də verilməyib – M.Q.).

Atamın xatirə dəftərinə gəldikdə isə o, anamın vəfatından sonra hazırda Bakıda yaşayan bacımda qalmışdı.

Avqustda Bakıda olacağam, dəftərin taleyi barəsində ətraflı şəkildə öyrənib sizə xüsusi məlumat verəcəyimə ümid edirəm.

Dərin börmətlə Sultanov M.Ə. (Mənsur Əbdülasım oğlu – M.Q.).                   

24 may 1967-ci il”.

 





23.03.2015    çap et  çap et