525.Az

I Bakı Beynəlxalq Poeziya Festivalı başlanıb


 

TƏŞKİLAT KOMİTƏSİNİN SƏDRİ SƏLİM BABULLAOĞLU: “FESTİVAL MATERİALLARI ƏSASINDA SANBALLI TEMATİK POEZİYA ANTOLOGİYASI HAZIRLANACAQ”

I Bakı Beynəlxalq Poeziya Festivalı başlanıb<b style="color:red"></b>

YUNESKO təqviminə görə, 1 mart Ümumdünya Şeir Günüdür , 22 mart  isə BMT-nin təşəbbüsüylə Ümumdünya Su Resursları Günüdür. Eyni zamanda 21 mart, bir neçə ildir ki, Beynəlxalq Novruz Günü kimi rəsmi qeyd olunur, Novruz bayramı YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilib. Azərbaycan Yazıçılar Birlyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi bütün bu əlamətdar günləri əsas götürərək 19-23 mart tarixləri arasında ilk dəfə olaraq Beynəlxalq Poeziya Festivalı keçirməyi qərarlaşdırıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən Su mövzulu I  Bakı Beynəlxalq Poeziya Festivalının devizi olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sözün də su kimi lətafəti var” misraları seçilib.

Matın 19-dan start götürən I Bakı Beynəlxalq Poeziya Festivalına Türkiyədən tanınmış türk şairi Ataol Bəhramoğlu və tanınmış gitara ifaçısı Haluk Çətin, İrandan Abbasəli Əhmədoğlu və Kamran Rəsulzadə, Rusiyadan Sergey Qlovyuk, Ukraynadan Marianna Kiyanovska, Belorusdan Tatyana Sivets, Serbiyadan Milisa Liliç, FinlandiyadanTomi Kontio Kalevi, Özbəkistandan Saodat Muxammadova qatılıblar.

Festivalın yaradıcı gündəliyində martın 20-də “Kapellhaus”da keçirilməsi nəzərdə tutulan  “100 dəqiqə şeir” poeziya-musiqi axşamı,  Quba və Xaçmazda keçiriləcək qiraətlər və “Milli ədəbiyyatlarda su mövzusu” ətrafında elmi-ədəbi debatlar, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin gənclər qurumu ilə görüş və poeziya axşamı, eyni zamanda turistik yerlərə gəzintilər nəzərdə tutulub.

Festivalın keçirilməsinə təşkilati dəstək vermiş “Azərsu” və iştirakçı qismində  festivala qoşulmuş Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edən festivalın təşkilat komitəsinin rəhbəri, Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu deyib: “Festival start götürüb artıq. Bir çox rəsmi ziyarətlər var.

Yazıçılar Birliyinə, “Azərsu”ya, Mədəniyyət və Turizm Nazirliyinə...  Konsert və qiraət proqramı var. Ümid edirəm ki, bu günlər zəngin və maraqlı olacaq. Adından bəlli olduğu kimi bu bir  ilkdir. Ölkəmizdə son illərdə bir neçə irimiqyaslı beynəlxalq sənət festivalları, yaradıcı tədbirlər keçirilib. Amma şeir festivalı yoxdur. Halbuki məhz poeziya festivalı keçirməyimiz üçün daha ciddi tarixi əsaslarımız var. İndi keçirilən festivalı doğuran da ilk növbədə bu zəmindir. İnanmaq istəyirəm ki, gələcəkdə bu festivalı ənənəvi eləmək imkanımız olacaq. İndilik onu deyə bilərəm ki, festivala dünyanın 8 ölkəsindən qonaq gələn şairlərdən başqa, tədbirlərə bizim də müxtəlif nəsilləri təmsil edən şairlərimiz qatılacaq. Bu ədəbi mübadilə üçün çox yaxşı imkandır. Festival bitdikdən sonra isə onun materialları əsasında çox ciddi, sanballı tematik poeziya antologiyası hazırlanacaq. Mətnlər artıq çevrilib”.

 





21.03.2015    çap et  çap et