525.Az

Çanaqqala savaşı Vətən sevdası ilə qazanıldı


 

Çanaqqala savaşı Vətən sevdası ilə qazanıldı<b style="color:red"></b>

1911-1912-ci illərdə Osmanlı dövləti sahibi olduğu son Afrika torpaqlarını İtaliyaya təslim edərək qitəni tərk etdi, 1913-cü ildə Balkan savaşındakı süqutu daha acınacaqlı idi, 500 illik Rumelidəki türk hakimiyyəti də sona yetdi, bolqar orduları İstanbulun qapısına dayanmışdı. Qədim dövlətin üzərində əsən soyuq rüzgar hər şeyi silib-süpürmüşdü. Məqsəd Osmanlını yer üzündən silmək, Türkiyəni dövlətsizləşdirmək idi. Günəşi sönməkdə olan Osmanlı dövləti ya birdəfəlik sönüb getməli, ya da var gücünü toplayıb həyata son həmləsini etməli idi. İkincini seçdi qoca imperiya, çox ağır olsa da.

...Çanaqqala boğazı Ege dənizindən Mərmərə dənizinə uzanan dar su yoludur.

Avropa və Asiyanı birləşdirən, dünyanı qovuşduran nöqtədir. Antik zamanlarda troyalılar gözəl tanrıça Helena üçün burada savaşmış, İskəndər buradan keçmişdir. 1915-ci ildə Çanaqqalaya sahib olmaq üçün üç imperatorluğun ordusu buraya toplaşmışdı. Meydanda ingilislər, almanlar, fransızlar, avstraliyalılar, yeni zelandiyalılar, ruslar, qarşılarında isə vətənlərini sevən və əsla təslim olmaq istəməyən türklər vardı.

İstanbul və Çanaqqala boğazları təkcə Aralıq dənizini Qara dənizə, Avropanı Asiyaya birləşdirən su keçidləri və ya körpülər deyil, həm də Aralıq dənizinin Cəbəllitariq və Süveyiş kanalı ilə inteqrasiya olunaraq dünyanın ən böyük dənizlərini, Atlantik və Hind okeanlarını, həmçinin böyük materikləri bir-birinə bağlayan çox geniş geostrateji mövqedir. Türk boğazları beynəlxalq əlaqələrə istiqamət verməkdə hər zaman mərkəz nöqtəsidir. Adanın cazibəsi, hərbi və ticarət baxımından strateji mövqedə yerləşməsi dünyanı rahat nəfəsdən məhrum etmişdi. İmperialist ölkələrin hər biri öz marağı üçün savaşa girib, gözəl İstanbula və incə boğazlarına sahib olmaq istəyirdi. Napoleon daha qısqanc idi: "İstanbul bir açardır, ona sahib olan dünyaya hökm edəcəkdir. Əgər Rusiya Çanaqqala boğazını ələ keçirərsə Tulon, Korfu və Napoli qapılarına dayanmış olacaq" deyə, Rusiyanın boğazı ələ keçirməsinə hər cür əngəl törətməyi düşünürdü.  Rusiya isə boğazları  ələ keçirib dənizlərə çıxmaq, İngiltərə Suveyş kanalı və Hind okeanı yolunun təhlükəsizliyi üçün Fələstinə sahib olmaq, italyanlar gözəl Antalyaya sahib olmaq üçün savaşırdılar.

İngilislərlə rusların ortaq marağı ondan ibarət idi ki, bu iki müttəfiq bir-biri ilə əlaqə saxlamaq üçün Mərmərə və Qara dənizi ələ keçirməli idilər. Lakin İstanbulun səddi Çanaqqala, Çanaqqalanın səddi isə Mustafa Kamal idi. Tarix göstərdi ki, bu sədləri keçmək heç də asan deyilmiş.Və beləcə, dünya tarixinə ən qanlı dəniz müharibəsi adlı səhifə yazıldı. Bu, 1914-1915-ci illərdə Osmanlı imperatorluğu ilə imperialist dövlətləri arasında  baş verən Çanaqqala savaşı idi.

Tarixçilər və salnaməçilər Antanta dövlətlərinin İstanbul uğrundakı maraqlarını Çanaqqala macərası adlandırırdı. Yazırdılar ki, yalnız Çanaqqalanı almaqla İstanbulu fəth etmək mümkündür. 1914-cü il avqustun 1-də Almaniya Rusiyaya  müharibə elan etdi. Həmin günün ertəsi Osmanlı dövləti Almaniya ilə ittifaqa  girdi, yəni Birinci Dünya müharibəsinə qatıldığını rəsmiləşdirdi. Sultanın kürəkəni, hərbi nazir Ənvər paşa əvvəlcə savaşa girmək istəməsə də, Almaniya bir müttəfiq kimi Osmanlı ordusunu savaşa sürüklədi. Bu, o zaman idi ki,Sarıqamışda yüz minə yaxın türk əsgəri şəhid olmuşdu. Ordu, geyim, ərzaq, silah-sursat və tibbi ləvazimat baxımından acınacaqlı durumda idi, ölkə yoxluq və fəlakətlə üz-üzə dayanmışdı. Avropaya da bu lazım idi. Düşünürdülər ki, Türkiyəyə və sularına sahib olmaq üçün bundan böyük şans və imkan ola bilməz. 

1914-cü il oktyabrın 27-də Osmanlı donanmasına aid bir qrup gəmi Rusiya limanlarını bombaladıqdan sonra Rusiya yeni bir cəbhə açaraq Türkiyəyə müharibə elan etdi. Bir işarəyə bəndimiş kimi Fransa və İngiltərə də dərhal ordularını boğaza çıxardı. Birləşmiş Krallığın donanma başçısı Vinston Çörçill boğazın donanma ilə keçilməsi planını hazırlayır və bildirir ki, dəniz savaşı ilə boğazı daha tez işğal edib İstanbulu ələ keçirmək olar. Plan müzakirə olunduqdan sonra həyata keçirilməyə başladı. 1914-cü il noyabrın 3-də səhər tezdən İngiltərə və Fransaya aid hərbi dəniz gəmiləri Bozca adasından Çanaqqala boğazının sahil sularına daxil olaraq Osmanlı ordusunun sahildə yerləşən müdafiə istehkamlarına atəş açmağa başlayır. İngilis hərbi gəmiləri Seddülbahir və Ertoğruldakı, fransız gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə sədlərini top yağışına tutur. Lakin düşmən nə qədər güclü olsa da boğazı ələ keçirə bilmir. Türk topçularının atdıqları hər mərmi hədəfə dəyir, düşmənin savaş gəmilərini havaya sovururdu. Müttəfiqlərin dəniz qüvvələri müharibənin taleyini həll etmək üçün boğaz sahillərinə əlavə qüvvə göndərərək  dünyanın ən böyük dəniz müharibəsini başlatmışdılar. Mustafa Kamal Paşanın ağlı, zəkası və şanlı türk ordusunun vətən sevdası hər tərəfdən edilən hücumların qarşısında tab gətirir, düşmənin savaş gəmilərini dənizin sularına qərq edirdilər.

Noyabrın sonlarına doğru 1-ci və 2-ci ordunun sıradan çıxmasına baxmayaraq düşmən donanması boğaza daxil olmaq üçün bütün gücünü səfərbərliyə aldı. Lakin bu cəhddə də saysız-hesabsız canlı itki verir və savaş gəmiləri sıradan çıxır. Sonuncu həmlə admiral Kardenin karyerasına son verir, rəhbərlik onun vəzifəsini de-Robekə tapşırır. 1915-ci il martın 17-də vəzifəsinin icrasına başlayan Robek gecikmədən adanın ələ keçirilməsini nəzərdə tutan son hücum əməliyyatına əmri verir. Bu vaxt Yunanıstan Gelibolu yarımadasını işğal etmək, mümkün olduğu təqdirdə İstanbul üzərinə yeriməkdən ötrü İngiltərəyə üç diviziyalıq qüvvə təklif edir. Heç vaxt Rusiya ilə Avropanın maraqları İstanbul məsələsində kəsişmədiyindən bu dəfə də rus çarı ingilis səfirinə heç bir şərt altında yunan əsgərinin İstanbula girməyəcəyini bildirir və Yunanıstanın bu təklifinin qarşısını alır. Çünki rus çarı İstanbulda yunan deyil, rus görmək istəyirdi.

Türk tarixə Çanaqqala zəfəri yazan o gün yetişir. 1915-ci il martın 17-dən 18-nə keçən gecə düşmən cəbhəsi müharibənin taleyini həlledən son əməliyyata başlayır. Savaş gəmilərində 250-dən artıq müasir top yerləşdirib, sahilboyu 10 müdafiə istehkamı qurur. Türklərin isə cəmi 170 ədəd köhnə topu vardı. Buna baxmayaraq türk ordusu həlledici döyüşə hazır idi. Martın 17-si axşamdan minbaşı Nəzmi bəy, "Nüsrət" adlı mina gəmisi ilə boğaz sularına 11 xəttən mina düzməyə başlayır. Hava işıqlanana qədər düzülən minaların sayı 400-ə çatır. O zaman heç kimin ağlına gəlməzdi ki, "Nüsrət"in tökdüyü minalar qanlı dəniz savaşının sonunu gətirəcək. 18-i səhər tezdən düşmən gücləri rəmzi olaraq 18 savaş gəmisi ilə döyüşə atılır. "Queen Elizabeth" və "İnflexible" zirehli gəmiləri ilə "Lord Nelson" və "Agemenon" savaş gəmiləri öndə gedirdi. Fransızların "Trıumph" adlı zirehli gəmisindən sabahın bağrını dələn tükürpədici atəş açılır. Düşmənlər əvvəlcə Rumelidə Məcidiyyəni sonra da Hamidiyyə istehkamlarını vurur. Gün boyu qanlı savaş davam edir. İngilis generalları bir zaman baxır ki, gəmiləri dənizə qərq olmuş, ordusu tükənmişdir. İstanbulu işğal etməyin Çanaqqala variantının mənasız olduğunu dərk edən generallar qüvvələrini geri çəkmək istəyərkən bu dəfə "Nüsrət"in tələsinə düşürlər.  Elə bu vaxt "A" xəttini keçməyə ciddi cəhd göstərən fransız gəmisi "Bouvet" Həmdiyyə istehkamına atəş açmaq istərkən minaya düşüb parçalanır və suya qərq olur. 639 hərbçi də gəmi ilə bərabər suyun dibinə enir. "İrrisistibi" gəmisi son gücünü toplayıb hücuma keçmək istəyərkən "Nüsrət"in minaları yenə də türk ordusunun dadına çatır. Bir anın içində hərbi zirehli gəmi bütün döyüşçüləri və sursatı ilə birlikdə əvvəlcə havaya sovrulub sonra Qara dənizin sularına gömülürlər. Salnaməçilər yazır ki, mənzərə tükürpədici idi. Sanki görünməz bir qüvvə türklərə yardım edirdi. Minaya düşən gəmiləri xilas etməyə gələn "Suffreno" və "Gaulosio" savaş gəmiləri bir anın içində minaya düşüb digər gəmilərin taleyini yaşadılar. 6 saat içərisində bir neçə zirehli gəmisini itirən admiral de-Robek 2-ci diviziyanın geri çəkilməsi əmrini verir. Martın 18-i axşama doğru türk cəbhəsində də durum gərgin, şəhid olanların sayı yüzminlərlə idi. Şər qarışmışdı, sularda nisbətən sakitlik olsa da, uzaqdan sonuncu düşmən gəmisi yavaş-yavaş boğaza yaxınlaşırdı. Ətrafda isə qəhrəman türk ordusunun minlərlə, yüzlərlə şəhid məhmədinin cəsədləri vardı. Bu mövqedə tək sağ qalan Seyid onbaşı və bir ədəd də ağır mərmi vardı. 276 kiloluq ağır mərmini qaldırıb topun lüləsinə qoymaq üçün bir neçə döyüşçü lazım idi. Yaxınlaşan gəmi müharibənin taleyini həll edə bilərdi. Ətrafda hər kəs şəhid idi, yerdə yatırdı. Günlərlə ac-susuz döyüşən Seyid Çavuş "Ya-Allah" deyə bağıraraq ağır mərmini var gücü ilə yerindən qaldırıb topun lüləsinə qoyur və boğaza yaxınlaşan düşmən gəmisinə tuşlayır. Gəminin gövdəsi dağılaraq yavaş-yavaş suyun dibinə enməyə başlayır. Çanaqqala uğrunda su savaşında atılan bu sonuncu mərmi qanlı müharibənin taleyini həlledir. Qoca Osmanlı 250 min şəhidi ilə birlikdə bu tarixi qələbəni sevinclə qarşılayır. Çanaqqala savaşını imperialist ölkələr tarixinə ən başarısız, utancverici deyə yazarkən qəhrəman türk xalqı "Çanaqqala keçilməz", "Çanaqqala Zəfəri" deyə yazdı. Türk xalqı əzmini, gücünü göstərdi. İstanbulun boğazlarını ələ keçirmək istəyənlərin boğazını üzdü. Bu savaşda qadın, kişi, hər kəs Atatürkün döyüşçüsü idi. Analar oğullarının saçına xına yaxıb vətənə qurban deyərək cəbhəyə göndərirdilər.  Geliboluda istiqlal, vətən və namus uğrunda savaşaraq türk tarixini yazan şanlı qullardan biri də yüzbaşı Ahmed Celaleddin əfəndi idi. Bölmə komandanı ikən yaralanmış bu Çanaqqala qazisi yaralı bədənindən qan axarkən də döyüş meydanından çəkilməyib. Əskişəhərli qazinin nəvəsi Nejdet Hakgüdən hoca ilə danışarkən göz yaşları qurumur, böyük Atatürk tərəfindən dədəsinə verilən medalı sevə-sevə qoruyub saxladığını bildirdi. Əlbəttə, içində bu qədər güclü sevda daşıyan bir millət əlbəttə heç vaxt məğlub olmaz.

1915-ci ildə Avstraliyada nəşr olunan "The Ageo" qəzetinin 8 sentyabr tarixli nömrəsində Y.C.Davies adlı bir əsgərin anasına yazdığı məktub dərc olunur: "Yaralandığım 18 may günü 18-21 yaşları arasında olan mahir snayper olan bir türk qızı açdığı sərrast atəşlə gözümüzü açmağa macal vermirdi. Amma günün sonunda bir avstriyalı əsgər onu vura bildi və mən buna çox üzüldüm. Snayper qızın ölüsünü ələ keçirdik, onun bədənində 52 güllə yarası var idi. Bu çox qanlı savaş idi".

Saysız-hesabsız canlı qüvvə Çanaqqala boğazında dəniz canlılarına yem olsa da, məğlubiyyət Çörçilli məqsədindən döndərə bilmir, qısa zamanda qurudan hərbi əməliyyatlara başlamaq tapşırığı verir. Boğazdakı topçu batareyalarını ələ keçirmək üçün ingilis və fransız qüvvələri aylarla mücadilə edir, lakin osmanlı qüvvələrinin əzmini qıra bilmir. Mustafa Kamal Paşanın ehtimallarına əsasən düşmən qüvvələri son gücünü toplayaraq martın 25-də Seddülbahirdən quruya qoşun çıxarır və bir ay bu istiqamətdə qanlı quru müharibəsi baş verir. Aprelin 25-də Qumqala, Beşike, Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır və Anafartlarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itki verir.  Mustafa Kamal paşa 1915-ci ildə Çanaqqalada: "Mən sizə taarruz əmr etmirəm, ölməyi əmr edirəm. Biz ölüncəyə qədər keçən zaman içində yerimizə başqa qüvvələr, başqa komandanlar gələr" deyərək tarixdə ən böyük Sipər Savaşını başlatmış oldu.Silahı-sursatı, süngüsü belə olmayan türk oğulları sadəcə ölmək üçün növbə gözləyir, düşmənin vətən torpağına girməməsi üçün sipər olurdular. Türklərin düşmənə divar olmaq, ölmək üçün sadəcə növbəsini gözləməsi avropalıları heyrətə gətirmişdi. Sipər savaşından əmin oldular ki, bu müharibəni uduzublar, türk xalqının vətən sevgisinə, inamına və inancına, qəhrəmanlığına. Türk xalqı hələ öncədən bəyan etmişdi ki, Vətən üçün gərəkirsə sonuncumuza qədər torpağın qoynuna girərik, amma yurdumuzdan bir qarış da yağıya vermərik.    

Quru savaşlarda da istədiyinə nail ola bilməyən İngiltərə və Fransa qüvvələrini 1915-ci il dekabrın 19-20-də Anafartlar və Arıburnunu, 1916-cı il yanvarın 8-9-da Seddülbahir cəbhələrindən geri çəkir. Türkiyəni məhv etmək məqsədilə ordularını Çanaqqalaya çəkən dövlətlər 1915-ci ilin dekabrında Gelibolu bölgəsini və Çanaqqalanı tamamilə tərk edirlər. Türkiyə ordusu qazandığı zəfərlə sübut etdi ki, dünya bir yerə yığışsa onun boğazından keçə bilməz. Beynəlxalq siyasət və diplomatiya tarixi baxımından Antanta ölkələrinin bütün diplomatik və siyasi gedişlərini darmadağın edən Türkiyənin ortaya qoyduğu əhəmiyyətli nəticəni etiraf etməkdən başqa qərbin heç nəyə gücü çatmadı. İstanbulun fəth olunmaması, Antanta dövlətləri və Rusiya üçün bu xəzinənin açarına sahib ola bilməməsi ölümə bərabər olsa da, sonda etiraf etməyə məcbur oldular. Bu savaş zorun, silahın gücü ilə deyil, ağlın, zəkanın, Vətən sevgisinin gücü ilə qazanıldı. 

Ali baş komandan, general Hamilton bu savaşın əhəmiyyətini, onu idarə edənləri, Mustafa Kamal paşanın qəhrəmanlığını İngiltərə Hərbiyyə Nazirliyinə yazdığı məktubda belə ifadə edir:

İngiltərə Hərbiyyə Nazirliyinə!

"Nə üçün geri çəkildiyimizi soruşursunuz. Bütün gerçəyi açıqlığı ilə sizə bildirmək istəyirəm. Müharibədə çox cəsurluqla döyüşən, ən yaxşı idarə edilən əsl türk ordusunun və polkovnik Mustafa Kamal kimi dahi bir komandanın qarşısında dayanırıq. Bunu heç bir zaman unutmayaq".

General Hamilton: Çanaqqala ingilis baş komandanı. 17.08.1915.

General Tavshendi isə türk əsgərlərinin düşmən qarşısında ətdən çəpər çəkməsi heyrətləndirmişdi: "Avropada elə bir əsgər yoxdur ki, türk əsgərlərlə müqayisə olunsun. Misal üçün Gelibolunu göstərmək istəyirəm. Orada bizim gəmilərdən açdığımız atəş nəticəsində səngərlər yerlə-yeksan oldu. Başqa millətdən olan əsgərlər olsaydılar buna dözməyərək səngərləri tərk edərdilər. Amma türk əsgərləri sona qədər bu cəhənnəmdəki mövqelərini tərk etmədilər".

Çanaqqalada döyüşən əslən Avstriya və Yeni Zelandiyadan olan əsgərlər əsir düşdükləri zaman türklərin onlara insanca davranışlarından heyrətlə danışmışlar. İngilislər tərəfindən Anzak adlandırılan əsgərlər sonralar müxtəlif mətbu orqanlarında bu savaş haqqında danışarkən türklər haqqında demişlər: "Barbar türklər Yer üzünü məhv edir deyə bizi Çanaqqalaya gətirdilər. Biz isə onların çox alicənab, düşmənlərinə belə rəhm edən mahir döyüşçü olduqlarını gördük. Əsir götürdükləri əsgərlərlə son damla sularını və əkməklərini bölürdülər". Çanaqqala savaşından sonra qol əzələsinə türk bayrağını döydürən ingilis hərbçisi uzun illərdən sonra Nyu-Yorkda bir türkəsilli həkimlə rastlaşır, savaşda türk döyüşçülərinin qəhrəmanlığından danışır. Həkimin köməkliyi ilə islam dinini qəbul edib, Ömər adını alan ingilis hərbçi dünya ilə vidalaşarkən bir müsəlman kimi kəlmeyi-şəhadət gətirərək haqq dünyasına qovuşur. Bu müharibə hərbçilərin, tarixçilərin, araşdırmaçıların, filosofların, politoloqların, din xadimlərinin hər zaman diqqətini çəkib, onların heyrətinə səbəb olub.

Səkkiz ay yarım çəkən Çanaqqala döyüşlərində 250 min şəhid verən qəhrəman türk xalqı tarix səhifəsinə ona yaraşan bir şəkildə şanlı səhifə yazdı. O səhifəni yazanlar arasında 3 min Azərbaycan türkü də vardı. Onlar türkün azadlığı üçün bərabər döyüşüb, bir yerdə də şəhid oldular. Böyük bəstəkarımız Vasif Adıgözəlovun "Çanaqqala" aratoriyasını hər dinlədikcə sanki o savaş yenidən yaşanır, insanın hiss və duyğuları şanlı qullarımızın Vətən üçün savaşdığı o günlərə köklənir.

Rəsmiyyə QARAYEVA

 





18.03.2015    çap et  çap et